GƏLİN BİZİM OLANIN DƏYƏRİNİ BİLƏK...
...Müqəddəs Ramazan bayramının sevincini yaşadığımız bir yaz səhəri aldığım xoş xəbərdən çox duyğulandım, hisslərimi bölüşmək istədim. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə bəyanatında deyilir: "Sərhəd təhlükəsizliyinin təmin edilməsi, habelə hərəkətin təhlükəsizliyinin həyata keçirilməsi Azərbaycan hökumətinin preroqativi və milli təhlükəsizlik, dövlət suverenliyi qanunun aliliyi üçün zəruri şərtdir". Deməli, bundan sonra Ermənistan ilə sərhəddə Laçın-Xankəndi yolunun başlanğıcında sərhədlərimizin təhlükəsizliyi sərhədçilərimiz tərəfindən qorunacaq. Dövlət başçımız son vaxtlar bütün çıxışlarında, görüşlərində bu məsələnin zəruriliyini qeyd edir, sərhəd nəzarət-buraxılışının açılmasını şərt kimi irəli sürürdü. Bununla da, bu torpaqların əsl sahibinin kim olduğu bir daha təsdiqləndi...
Torpaq şirin nemətdir, müqəddəsdir deyirlər. Torpaq Vətəndir. Bəlkə o üzdəndir ki, ayrı düşəndə hər zaman insanı özünə çəkir torpaq. Onun əbədi itkisi də elə bu səbəbdən yandırır, ürəyini göynədir insanın. Gəlişigözəl sözlər deyil, çünki 30 il müddətində yaşadığımız torpaq həsrəti hər kəsin dünyasında bir iz qoyub. Bütünlükdə millət olaraq torpaq, Vətən itkisinin ağrı-acısını ürəyimizdə gəzdirmişik. Murovun o üzünə, Vedinin dağlarına, Göyçənin gözəlliyinə... həsrət qalmışıq. Zəngilansız, Ağdamsız, Şuşasız, Laçınsız, Kəlbəcərsiz yaşamışıq, qürurumuz tapdalanıb, hisslərimizlə oynayıblar. Sərf edəndə dünya birliyi haradasa bir qarış torpaqdan ötrü bütün qanunları, gücü işə salıb yaranmış münaqişəni yoluna qoysa da, Vətənimizin parça-parça, hissə-hissə əlimizdən alınmasına göz yumub. Hansısa "nüfuzlu" təşkilatlar "xeyrimizə" bir qərar qəbul edib ümidlərimizi artırıb. Gözləmişik biz də... İnanmışıq dünyanın "ədalətinə". Sən demə, elə insanın, bir millətin gücü, iradəsi, torpaqlarını geri qaytarmaq istəyi, səfərbər olub silaha sarılması, "öldü var, döndü yoxdur" prinsipi ilə bu yolda savaşmasının özü imiş ədalət!
2020-ci ilin payızında elə dünyanın özü də gördü bunu, yatmış vulkan kimi oyanıb, kükrəyib daşan Vətən sevgisinin nələrə qadir olduğunu anladılar... Səbir kasası dolub-daşan xalq daha gözləmək istəmədi, çünki dərdinin əlacını özündə gördü. Azərbaycan əsgəri arxasında dağ kimi dayanan xalqına güvənib torpaq savaşına başladı. Özünün qüdrətli sərkərdəsinin əmrinə müntəzir dayanıb itirilmiş torpaqlarını kənd-kənd, oba-oba, qarış-qarış azad etdi. Azad etdiyi o yerlərə üçrəngli bayrağımızı sancdı, tarix yazdı. Yazdı ki, o tarixləri unutmayaq...
Müharibədən danışdıq. O müharibədən ki, kimin üçünsə haqqı, ədaləti bərpa edir. O müharibədən ki, bəzən əsassız yerə başlayıb milyonlarla insanın həyatına son qoyur. Gəlin, əsassız deməyək. Çünki bəşər tarixində baş vermiş toqquşmaların, münaqişələrin, müharibələrin demək olar ki, hamısı torpaq uğrunda olub. Yəni kimlərsə daha çox torpaq əldə etmək, kimlərsə öz torpaqlarını itirməmək uğrunda savaşıb... Biz də torpaq uğrunda savaşdıq, əlimizdən zorla qoparılan torpaqlarımızı geri qaytardıq...
2020-ci il 27 sentyabr - 2020-ci il 10 noyabr. Gəlin, unutmayaq bu tarixləri. 44 günlük Vətən müharibəsi. Ellər səfərbər oldu. Silahı olmayanda nifrətini barıt tək qəlbinə dolduran, at belində doğulan, zamanın qazanında neçə dəfə dağ olan, min illərdir adının keşiyində duran el oğulları bu dəfə də silaha bərk-bərk sarıldı.
Payız təzəcə girmişdi, ağacların yarpaqları yavaş-yavaş saralır, bəziləri qırmızımtıl rəng alır, əvvəlki yerində qərar tuta bilməyib yerə tökülürdü. Tez-tez xəzan yeli əsirdi, üzü qışa doğru gedirdi. Ürəyimiz də tit-tir titrəyirdi, axı qarşıda yağışı, boranı, qarı vardı. Silah tutan barmaqları üşüyərdi, donardı soyuqdan. Ancaq heç nə qorxutmurdu onları, nə şıdırğı yağan yağışlar, nə çovğun, boran, qar dayandıra bilmirdi Azərbaycan əsgərini. Sıraları seyrəldikcə, azad edilən kəndlərin, qəsəbələrin sayı çoxalırdı. Cəbhədən gələn xəbərləri acgözlüklə içimizə çəkirdik. Ali Baş Komandandan müjdə gözləyirdik. Hər dəfə televiziya ekranından o müjdəni verəndə necə də məğrur, qürurlu, sevincli görünürdü. Çünki güvəndiyi, gücünə bələd olduğu ordusu vardı: "Qarabağ Azərbaycandır!" şüarını da elə qürurla, inamla səsləndirirdi ki... Gecə-gündüz döyüş mövqeyində idi Ali Baş Komandan, ön və arxa cəbhədə uğurlu həmlələr etmək üçün düşünür, düşmənlərimizin əks-təbliğat maşınını susdurmaq üçün diplomatik gedişlər axtarırdı. Dünya güclərini də susdurmağı bacarırdı, hər kəsin öz dilində cavabını verir: "Bizim mübarizəmiz haqq mübarizəsidir...", - deyib reallığı onlara anlatmağa çalışırdı...
Sentyabrın 30-da işinin gərginliyinə baxmayaraq Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşdü. Necə deyərlər, xəstə ziyarətinə gəldi: "Siz gənc yaşlarınızda böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarınızı Azərbaycan tarixinə yazdırırsınız... Azərbaycan xalqı qəhrəman xalqdır ki, sizin kimi övladlar yetişdirib", - deyirdi.
Oktyabrın 2-də Azərbaycan tərəfindən buraxılmış raketin dəqiq zərbəsi ilə Laçın rayonunun Həkəri çayı üzərindəki körpü məhv edildi. Beləliklə, Ermənistanı Qarabağdakı işğalçı qoşunlarla birləşdirən daha bir yol bağlanmış oldu... Bundan sonra Azərbaycan əsgəri bir addım belə geri çəkilmədən son qələbəyədək irəlilədi... Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. O an da yəqin ki, yadınızdadır, unutmamısınız. Bəli, Azərbaycan 200 illik tarixinin ilk qələbəsini imzaladı o gecə. Bu qələbə aktına üç minədək şəhidimizin qanı ilə imza atıldı. Bizim yerimizə heç kəs döyüşmədi... Bir əsgərimiz belə fərarilik etmədi. Televiziya ekranında müxbirin: "Sizə bir şey lazımdırmı?" - sualına: "Heç nə lazım deyil, yalnız dualar edin, qələbəmiz üçün", - deyirdi qalib əsgər. Elə ağbirçək nənələrimizin, analarımızın haqqın dərgahına əl açıb etdikləri dualar da qol-qanad verdi döyüşən oğullarımıza. Üçrəngli bayrağımızı döş cibində, ürəyinin başında gəzdirən əsgərimiz silahın tətiyini də aldığı bu güclə çəkdi. O bayrağa bürünüb çiyinlərdə döndü, ancaq mübarizəsindən dönmədi. Qəhrəman Azərbaycan anası ağladı, sızladı, sonunda çiynini oğlunun tabutuna verib onu toy gərdəyinə yola salırmış kimi torpağa tapşırdı.
Azərbaycan torpaqlarının hər yerində payızın oğlan çağında, qışın astanasında "lalələr açdı", qırmızı bayrağa, gülə-çiçəyə bürünmüş məzar daşları "göyərəcəyi" günü gözlədi. Bilirik, o qara daşların altında uyuyan çiçək açmamış arzuların, nakam ömürlərin hərarəti onların müqəddəs ruhları göyərdəcək qırmızıya boyanmış qara daşları. Qarabağımızın hər yerində ucaldılan al bayraqlar, tikilən, qurulan yeni evlər, salınan kəndlər, bağrı qan olan torpaqlara qayıdan həyat, o yerlərdə dünyaya gələn körpələrin gülüşü, uşaqların şaqraq səsi mütləq "göyərdəcək" o daşları.
Qoy, dünya birliyi necə varsa eləcə də kar, kor, lal olsun. Qoy, görməsin həqiqəti, reallığı. Qoy, partlasın qazandığımız uğurlardan, qələbələrdən. Ehtiyat etsin Azərbaycanın, onun liderinin gücündən. Təki biz unutmayaq, yaddan çıxarmayaq, hər kiçik qələbəmizə sevinib, onu axarıncı, daimi etməyə gücümüz yetsin. Axı, mübarizə hələ bitməyib. Səməd Vurğun demiş:
Mübarizə bu gün də var, yarın da,
Biz də onun ən ön sıralarında...
İnanmalıyıq dövlətimizə, liderimizə, qalib sərkərdəmizə, güvənməliyik. Elə bu inam da, güvən də güc verəcək ona bütün dünya ilə savaşmağa. Savaş yalnız döyüş meydanında olmur ki... Ən çətin savaş elə diplomatiya, söz savaşıdır. Tarixi qələbəmizdən sonra münaqişə tərəfləri arasında hələ də sülh müqaviləsi imzalanmayıb. Çünki qlobal güc sahibləri sülh istəmir. Yaxın Şərq, Afrika və Asiya bölgələrində uzun illər davam edən münaqişələrin tarixi də məhz bunu göstərir. Cənubi Qafqazda isə belə olmadı. Qarabağ münaqişəsini "dəmir yumruq"la həll edən Azərbaycan Prezidenti indi dəmir iradə ilə postmüharibə dövründə regionda sülhün, barışın əldə olunmasını prioritet məsələ kimi müəyyənləşdirir. Lakin yeri gələndə cızığından çıxmaq istəyən ermənini yerində oturtmağı da istisna etmir, əlbəttə ki, beynəlxalq qanunlar çərçivəsində... Hər bir vətəndaşının qayğısına qalan, hər bir fərdin Prezidenti olan dövlət başçısı müharibə istəmir, xalqının bu mövqeyini hər çıxışında bəyan edir. Anaları gözüyaşlı görmək istəmir, Azərbaycan lideri axı xalqının işıqlı sabahına, xoşbəxt gələcəyinə and içib. Bu isə ilk növbədə, sərhədlərimizin bərpasından, bizim olana sahib çıxmağımızdan, ona verəcəyimiz dəyərdən asılıdır. Anlamalıyıq ki, ömürdən pay verərlər, torpaqdan pay olmayır. Tarixin acı dərslərindən nəticə çıxarmalıyıq. Bunun üçün isə unutqanlıq mərəzindən xilas olmalıyıq. Ulu öndərin dediyi kimi, nə qədər ağır olsa da, yaşadığımız faciələri, onları bizə yaşadanları unutmamalıyıq, onların bir daha təkrarlanmaması üçün. Hələ iki əsrdən bəri olanları demirəm, ötən əsrin əvvəllərində diri-diri yandırılan, süngülərə keçirilən insanların faciəsini unutmasaydıq, əsrin sonlarında təkrar yaşamazdıq Yanvar, Xocalı faciələrini. Unutmayaq, unutdurmayaq faciələrimizi də, uğurlarımızı da... Gəlin, onları birlikdə, var gücümüzlə bütün bunları görmək istəməyən dünyanın yaddaşına əbədi həkk edək... Bir də unutmayaq ki, bizə məhz elə parlaq və möhtəşəm qələbə yaraşır...
Zümrüd QURBANQIZI,
"Respublika".