Əsl dost dar gündə tanınar
Digər xəbərlər

Əsl dost dar gündə tanınar

İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Albaniya Respublikasının Prezidenti Bayram Beqayın geniş tərkibdə görüşü olub. Albaniya Prezidentinin Bakıya rəsmi səfəri və keçirilən görüş Azərbaycanla Albaniya arasında dostluq münasibətlərinin müxtəlif sahələr üzrə inkişafında yeni bir mərhələ oldu. Qeyd etmək lazımdır ki, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək qarşılıqlı olub. Həm Azərbaycan, həm Albaniya Türkiyəyə həddən artıq yaxın olan ölkələrdir və bu faktorlar əlbəttə ki, dövlətlərimizi bir-birinə daha da yaxınlaşdırır. Cənubi Avropa dövləti olan Albaniya həm də NATO-nun üzvüdür. Bayram Beqayın bu səfəri həm də Azərbaycan-NATO əlaqələrinin genişləndirilməsinə və bu nəhəng təşkilatda tərəfdaşlarımızın çoxalmasına əhəmiyyətli dərəcədə təsir edəcəkdir.

Albaniya ilə münasibətlərimiz il keçdikcə daha da möhkəmlənir. Albaniya Prezidentinin Bakıya səfəri ölkələrimiz arasında ikitərəfli münasibətləri bir az da gücləndirəcək. Hər iki ölkə İslam dəyərlərinə önəm verir. Məhz buna görə də Azərbaycan və Albaniya həm Birləşmiş Millətlər Təşkilatında, həm də İslam Əməkdaşlıq Təşkilatında bir-birinə daim dəstək verir. Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin üzv olmadığı təşkilatlarda Albaniyanın dəstəyinə görə Prezident Bayram Beqaya öz təşəkkürünü bildirib: "Eyni zamanda, biz Azərbaycanın olmadığı təşkilatlarda ölkəmizi dəstəklədiyinə görə Albaniyaya çox minnətdarıq. Ötənilki Frankofoniya Sammitində Azərbaycana verdiyi dəstəyə görə mən cənab Prezidentə və Albaniya hökumətinə artıq öz minnətdarlığımı bildirdim. O vaxt Frankofoniya təşkilatının üzv dövlətlərindən biri yekun sənədə bir bəndi əlavə etmək və qəbul etdirməyə cəhd göstərdi. Bu, anti-Azərbaycan mahiyyəti olan bənd idi. Albaniya həmin bəndi bloklayan ölkə oldu. Həmin addım dostluğun, eləcə də ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi beynəlxalq hüququn əsas prinsiplərinə qəti sadiqliyin təzahürü oldu. Hətta Azərbaycan özünü müdafiə etmək fürsətinə malik olmadığı təşkilatlarda belə, bizim Albaniya kimi qardaş ölkəmiz var və o, bu dəstəyi verdi. Buna görə biz çox minnətdarıq".

Qeyd etmək lazımdır ki, ötən il Tunisin Cəbrə adasında keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının 50 illik yubiley sammiti çərçivəsində Azərbaycana qarşı çirkin təxribat planı hazırlanmışdı. Frankofoniya termininin 1887-ci ildən istifadə edilməsinə baxmayaraq, Beynəlxalq Frankofoniya Təşkilatı 1970-ci ildə Mədəniyyət və Texniki Əməkdaşlıq Agentliyi adı altında yaradılıb. BFT fransız dili ana dili hesab olunan, əhalisinin əksəriyyəti fransız dilində danışan (keçmiş fransız müstəmləkələri) və fransız mədəniyyətinə böyük bağlılığı olan ölkələri özündə birləşdirən təşkilatdır. Fransız dili əsasən Afrika-Hind Okeanı və Yaxın Şərq regionu ölkələrinin təhsil dilidir. BFT-nin ümumilikdə 84 üzvü var.

Qeyd edildiyi kimi, Frankofoniya Təşkilatının Ermənistanla heç bir tarixi, siyasi və mədəni bağı yoxdur. Amma buna baxmayaraq, BFT-nin 17-ci Zirvə görüşü Ermənistanda keçirildi. Xocalı soyqırımını törətmiş, bir milyona yaxın azərbaycanlının hüquqlarını pozmuş bir ölkənin insan hüquq və azadlıqları ilə bağlı sammitə evsahibliyi etməsi sadəcə biabırçılıqdan başqa bir şey deyildi. Bu addımla Frankofoniya təşkilatı anti-Azərbaycan mövqeyini bəlli etdi.

Fransa müstəqil ölkələrə siyasi təzyiq göstərərək, hətta şantaj edərək onların suverenliyini pozub, üzv dövlətlərin mövqeləri nəzərə alınmadan hazırladığı sənəd layihəsini Zirvə görüşünə təqdim etdi. Bu isə onu göstərir ki, Fransanın nəzarəti altında olan təşkilat müstəqil qərar verə bilmir. Lakin Albaniya da daxil olmaqla bu təşkilata üzv olan bir sıra dövlətlər Azərbaycana öz dəstəyini açıq nümayiş etdirmişdi.

Azərbaycan və Albaniya prezidentlərinin görüşündə siyasi məsələlərlə yanaşı, ticari, iqtisadi, sərmayə məsələlərinə də toxunulub. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan sərmayədarları Albaniyada istər turizm, istər kənd təsərrüfatı və ya hər hansı digər sahədə sərmayə layihələrini ciddi araşdırmağa hazırdırlar. Azərbaycan və Albaniya arasında önəmli əməkdaşlıq istiqamətlərindən biri də qaz sahəsidir. Azərbaycan və Albaniyanın TAP layihəsinin üzvləri olması hər iki ölkənin Cənub Qaz Dəhlizinin icrasında çox önəmli rol oynamalarına imkan verir. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında fəal iştirak gələcək qarşılıqlı əlaqələrə müsbət təsir göstərməkdədir.

Albaniya Prezidenti Beqay bəyanatında Azərbaycanda olmasından və cənab Prezident İlham Əliyevlə görüşündən məmnun olduğunu bildirib və İlham Əliyevlə Azərbaycan-Ermənistan münasibətlərini də müzakirə etdiklərini diqqətə çatdırıb. Vaşinqton görüşünü diqqətlə izlədiyini qeyd edən Beqay Albaniyanın Cənubi Qafqazda etibarlı tərəfdaşların və beynəlxalq təşkilatların vasitəçiliyi ilə uzunmüddətli sülhün bərqərar olunmasını dəstəklədiyini bildirib. Bayram Beqay 2019-cu ildə Albaniyada baş verən faciəvi zəlzələdə Azərbaycanın köməyinə də toxunub. "Ağır dövrdə kömək göstərilməsi xalqlar və dövlətlər tərəfindən unudulmayan jestdir. 2019-cu ilin noyabrında baş vermiş faciəvi zəlzələdən sonra Azərbaycanın Albaniyaya olan dəstəyi də həmin qəbildəndir. Mən Prezident Əliyevə həmin çətin günlərdə yanımızda olduğuna görə bir daha təşəkkürümü bildirdim. Əsl dost dar gündə tanınar".

Qeyd edək ki, 26 noyabr 2019-cu ildə Albaniyanın şimal-qərbində zəlzələ baş verib. Yeraltı təkanlar Albaniyanın paytaxtı Tiranada, eləcə də Serbiyanın Belqrad və İtaliyanın Taranto kimi uzaq ərazilərində hiss olunub. Həmin zəlzələdə təxminən 51 nəfər həlak olub, 3000 nəfər yaralanıb. Bu, Albaniyada son 40 ilin ən böyük zəlzələsi olub. Həmin gün Albaniya və Kosovo Respublikasında milli matəm elan edilib. Zəlzələ nəticəsində 2500 nəfər evini itirib və Durresdəki Niko Dovan stadionunda otel və çadırlarda məskunlaşıblar. Zəlzələnin fəsadlarının aradan qaldırılmasında Azərbaycan Albaniyaya humanitar yardımlar edib.

Bütün bunlar belə deməyə əsas verir ki, Albaniya və Azərbaycan münasibətləri irəliki zamanlarda daha da möhkəmlənəcək. Hər bir ölkə daha çox dost qazanmağa, beynəlxalq birlikdə yaxşı münasibətdə olduğu ölkələrin sayını artırmağa çalışır. Yəni bu prinsip bu gün həm Azərbaycan, həm də Albaniya üçün yetərlidir. 

Nuranə DAXİLQIZI,

"Respublika".