“Ümumvətəndaş, xidməti və diplomatik pasportların təsvirinin, spesifikasiyasının və nümunələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 687 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Fərman

“Ümumvətəndaş, xidməti və diplomatik pasportların təsvirinin, spesifikasiyasının və nümunələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 687 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Ümumvətəndaş, xidməti və diplomatik pasportların təsvirinin, spesifikasiyasının və nümunələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 687 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 696; 2013, № 9, maddə 1064; 2015, № 5, maddə 521) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Fərmanla təsdiq edilmiş Əlavə I – “Ümumvətəndaş, xidməti və diplomatik pasportların təsviri” üzrə:

1.1.1. 9-cu hissəyə “yazılır” sözündən sonra “və sol aşağı kənarında pasport sahibinin kiçildilmiş təsvirini əks etdirən “Dəyişən Lazer Təsvir” yerləşdirilir” sözləri əlavə edilsin;

1.1.2. aşağıdakı məzmunda 10.17-1-ci bənd əlavə edilsin:

“10.17-1. pasport sahibinin kiçildilmiş təsvirini əks etdirən “Dəyişən Lazer Təsvir”;”;

1.2. həmin Fərmanla təsdiq edilmiş Əlavə II – “Ümumvətəndaş, xidməti və diplomatik pasportların spesifikasiyası”nın 8-ci hissəsində “ikinci səhifəsində” sözləri “birinci və ikinci səhifələrində (məlumat səhifələri)” sözləri ilə əvəz olunsun və həmin hissəyə “təmin edən elementlərdən,” sözlərindən sonra “daxili ikinci səhifəsində” sözləri əlavə edilsin;

1.3. həmin Fərmanla təsdiq edilmiş Əlavə III – “Ümumvətəndaş, xidməti və diplomatik pasportların nümunələri” yeni təsvirdə verilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, yeni nümunəli biometrik pasportlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sərəncamlarında olan köhnə nümunəli biometrik pasport blanklarının istifadəsi başa çatandan sonra verilir.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 9 iyun 2023-cü il