Ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri qardaş Özbəkistanda ehtiramla xatırlanır
Türk dünyası

Ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri qardaş Özbəkistanda ehtiramla xatırlanır

Ölkəmizin xarici siyasətində Mərkəzi Asiya dövlətləri, xüsusən də Özbəkistanla əlaqələrin özünəməxsus yeri var. İki qardaş ölkə arasında əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında ulu öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev hər iki liderin tarixi xidmətlərini yüksək qiymətləndirərək deyib: "Həm sovet dövründə xalqlarımız arasındakı münasibətlər çox yaxın idi, qardaşlıq zəminində qurulmuşdu. Həm də xüsusilə müstəqillik dövründə Heydər Əliyev və İslam Kərimov - iki ölkənin liderləri ikitərəfli münasibətlərin bax, bugünkü səviyyəyə gəlib çatmasında çox mühüm rol oynamışlar. Yəni bizim dostluğumuzun böyük tarixi və tarixi kökləri vardır. Ancaq müstəqil ölkələr kimi Özbəkistan və Azərbaycan son illər bu əməkdaşlığı yüksək səviyyəyə qaldırmışlar".

Sovet hakimiyyəti illərində türk xalqlarının qarşılıqlı münasibətlərinə törədilən maneələrə, siyasi təqiblərə baxmayaraq, xalqlarımız arasında əlaqələr davam etdirilib. Özbəkistanla Azərbaycan arasında bu gün özünün yüksək inkişaf səviyyəsinə çatmış ədəbi-mədəni əlaqələr sovet hakimiyyəti illərində də yüksək səviyyədə olub. Bu illərdə Azərbaycan və Özbəkistanda qarşılıqlı olaraq teatr günləri, mədəniyyət dekadaları, incəsənət sərgiləri, ədəbiyyat və incəsənət günləri keçirilib. Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq və qardaşlıq münasibətləri daha da inkişaf etdirildi və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatdı. "…bu il əlamətdar ildir. Çünki Ulu Öndər, Azərbaycanın rəhbəri, Azərbaycan xalqının oğlu Heydər Əliyevin yüzillik yubileyi Özbəkistanda çox yüksək səviyyədə keçirilib". Bu fikirləri ölkəmizdə səfərdə olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi geniş tərkibli görüşdə söyləyib. Qeyd edib ki, onu görən, onunla qarşılaşan, onunla işləyən yaşlı nəsil də bizim Özbəkistan gənclərinə çatdırıblar ki, əslində Azərbaycanın və Özbəkistanın həyatın həmin çətin anlarında qarşıya qoyulan hədəflərə çatması üçün Heydər Əlirza oğlu əlindən gələni edib.

1995-ci ildən etibarən ölkələrimiz arasında siyasi münasibətlər yaradılıb, 1996-cı ildə Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ildə isə Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. Ölkələrimiz arasında müxtəlif illərdə dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilib, müxtəlif sahələrdə əməkdaşlığa, dostluq və tərəfdaşlığa zəmin yaradan sənədlər imzalanıb. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana və Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edilib. Belə ki, Prezident İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana ilk rəsmi səfəri zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb. 1996-cı il oktyabrın 21-22-də Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Ölkələrin Dövlət Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub. 1997-ci il iyunun 18-19-da Heydər Əliyevin Özbəkistana rəsmi səfərini isə münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Həmin səfər zamanı Daşkənddə ölkələrimiz arasında 19 sənəd imzalanıb. Bu sənədlər sırasında "Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə" böyük əhəmiyyət kəsb edir. Həmin sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün möhkəm fundamental hüquq-müqavilə bazası yaradıb. Sənədlərin imzalanması mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev deyib: "Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin". Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov isə bildirib ki, bu gün iki ölkə arasındakı münasibətlər məhz strateji əməkdaşlıq səviyyəsində olacaqdır. 19 iyun 1997-ci il tarixdə Azərbaycan Prezidenti Heydər Əliyevə M.Uluqbek adına Özbəkistan Milli Universitetinin fəxri doktoru diplomu təqdim olunub.

Ulu öndər Heydər Əliyevin irsini və fəaliyyətini araşdırarkən bunu aydın şəkildə görmək mümkündür ki, onun istər sovet, istərsə də Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonrakı dövrdə yürütdüyü siyasət və çoxtərəfli fəaliyyəti milli maraqların müdafiəsi, öz kökünə bağlılıq, qohum xalqlarla münasibətlərin inkişafı, beynəlxalq siyasi arenada Azərbaycanın nüfuzunun artmasına xidmət etmişdir. Xalqlarımız zəngin və qədim tarixə malikdir. Bəşər tarixində zaman-zaman özbək və Azərbaycan xalqları dünya və Şərq sivilizasiyasına böyük töhfələr vermişdir. "Dədə Qorqud", "Alpamış", "Koroğlu" dastanlarından iftixar hissilə danışırıq. Çünki onlar həm özbək, həm də Azərbaycan xalqı üçün eyni dərəcədə dəyərlidir. Nizami Gəncəvi də, Əlişir Nəvai də xalqlarımız üçün doğmadır və həmişə böyük iftixar hissi doğurur. Əcdadlarımızın yaratdıqları əsərlər dünya mədəniyyətini, ədəbiyyatını zənginləşdirmişdir. Füzuli bizim ümumi dəyərimiz, ümumi sərvətimizdir. Buna görə də təsadüfi deyil ki, 1996-cı ildə Məhəmməd Füzulinin 500 illiyi Özbəkistanda, Azərbaycanda, digər türkdilli ölkələrdə, UNESCO çərçivəsində də beynəlxalq miqyasda qeyd olundu. Görkəmli dövlət xadimi, özbək xalqının böyük oğlu Əmir Teymurun 660 illiyinə həsr olunmuş yubiley şənlikləri əcdadlarımıza, qaynaqlarımıza, köklərimizə dərin hörmətin təcəssümü idi. Bütün bunlar onu göstərir ki, bizim əlaqələrimiz yaşayır, davam edir və yaşayacaqdır. Özbəkistanla münasibətlərin yüksək səviyyəyə qaldırılması, ölkələrimizin strateji partnyor olması, həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ölkələrimizin bir-birini bütün beynəlxalq platformalarda dəstəkləməsi, dostluğumuzun möhkəmləndirilməsində də indi də Ulu Öndərin müstəsna rolunu görürük.

Qardaş Özbəkistan dövləti Ümummilli Liderimizin fəaliyyətini yüksək dəyərləndirib, ulu öndərimizə hər zaman ali ehtiramla yanaşıb, türk dünyasının böyük oğluna özünün yüksək sevgisini və rəğbətini ifadə edib. Bu ali sevginin ifadəsi kimi 2010-cu il sentyabrın 27-də Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistanın ozamankı Baş naziri - hazırkı dövlət başçısı Şavkat Mirziyoyevin iştirakı və xeyir-duaları ilə Heydər Əliyev adına Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb. Onu da xüsusi vurğulamaq lazımdır ki, Mərkəz məhz Ulu Öndərimizin adını daşıyan küçədə yerləşir. Burada Heydər Əliyev muzeyi, Azərbaycanın dövlətçilik tarixi muzeyi, Azərbaycanın və Özbəkistanın müştərək tarixi muzeyi təşkil olunub. Bu muzeylərin hər birində sərgilənən tarixi sənədlər, nadir eksponatlar ölkələrimiz arasında qədim tarixi və mədəni əlaqələrin bariz nümunələri kimi xüsusi əhəmiyyətə malikdir. Bu gün Özbəkistandakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzi iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə böyük səy göstərir.

"…Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı". Bu sözləri ötən il iyunun 21-də Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana səfəri çərçivəsində Daşkənddə Heydər Əliyev Meydanının açılışı mərasimində deyib. Vurğulayıb ki, 1970-ci illərdə Heydər Əliyevin Şərəf Rəşidoviç Rəşidovla dostluğu bütün sovet rəhbərliyinə, 1990-cı illərdə İslam Abduqəniyeviç Kərimovla dostluğu da xalqlarımıza məlum idi və bu, bizim münasibətlərimizin bugünkü inkişafının təməli idi. Şavkat Miromonoviç Mirziyoyevlə də bu şanlı estafeti davam etdiririk. Biz xalqlarımızı inkişaf, sıx qarşılıqlı fəaliyyət yolu ilə aparırıq. Mənim bugünkü dövlət səfərim təkcə niyyətlərimizin deyil, həm də qardaşlıq, dostluq münasibətlərimizin möhkəm təməlinin təsdiqidir.

Mustafa KAMAL,

"Respublika".