Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
Ekologiya

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Dekabrın 23-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin və Xəzər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qala qəsəbəsi ərazisində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. 

"Respublika" xəbər verir ki, ağacəkmə aksiyasında rayon rəhbərliyi, YAP Xəzər rayon təşkilatının rəhbərliyi, Dendrologiya Bağının rəhbərliyi və nümayəndələri, idarə, müəssisə və təşkilatların və ictimai birliklərin rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Bakı şəhəri və Abşeron yarımadasında yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi məqsədilə həyata keçirilən aksiyaya könüllülər də qatılıb. Öncə ərazi daş və digər tullantılardan təmizlənərək əkin üçün hazır vəziyyətə gətirilib. Aksiya iştirakçıları tərəfindən 300 ədəd eldar şamı və sərv ağacları əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib. Əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb.
Qeyd olunub ki, aksiyanı keçirməkdə məqsəd ekoloji tarazlığın bərpasına, ətraf mühitin mühafizəsinə kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.