Ulu Öndərlə görüşü böyük xoşbəxtlik sayıram
Digər xəbərlər

Ulu Öndərlə görüşü böyük xoşbəxtlik sayıram

Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 2002-ci il noyabrın 9-da keçirilən Şəki Olimpiya İdman Kompleksinin açılış mərasimində jurnalist kimi mən də iştirak edirdim. Bu vaxt maraqlı bir hadisənin şahidi olduq. Müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımızı böyük sevgi ilə tutaraq ucaldan bir qızın vətənpərvərliyini yüksək dəyərləndirən ulu öndər çıxışı zamanı bu hadisəni xüsusilə qeyd etdi: "Mən bayaqdan baxıram, orada deyəsən, bir gənc qızdır, bayrağı əlində tutubdur. Bayaqdan ona fikir verirəm. Sizin hamınız fikir verin. Bayrağı bir əlində tutub, külək bayrağı o tərəfə, bu tərəfə vurur, amma əlində düz saxlayıbdır.

Qızım, sənin üzünü görürəm, gözəl qızsan. Mən səni öpürəm, bağrıma basıram. Sən ki, Azərbaycanın müstəqilliyinin rəmzi olan o bayrağı o qədər sevirsən, onu əlində o cür saxlayırsan, buna görə sənə mən hörmətimi, ehtiramımı, sevgimi bildirirəm. Bu, xalqımızın müstəqilliyidir".

Xalq şairi Bəxtiyar Vahabzadə ilə bu barədə qısa dialoqdan sonra ümummilli lider sözünə davam etdi: "Mərasim başlayandan mən ona baxıram. Bəzən deyirəm, bəlkə başqa adamın əlidir. Deyirəm, bəlkə süni əldir. Görürəm, yox, özü də qızdır. Heyranam, heyranam. Bu bayraq Azərbaycan dövlətinin göylərində daim dalğalanacaq və heç vaxt enməyəcəkdir!"

Bu hadisə on minlərlə tədbir iştirakçısının, milyonlarla televiziya tamaşaçısının və ümumilikdə xalqımızın yaddaşında unudulmaz iz qoydu. Hadisənin canlı qəhrəmanı Türanə Məmmədova ilə söhbətimizdə həmin anları bir daha xatırladıq. Balakən Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsində tibb bacısı işləyən Türanə söhbətə o illərin unudulmaz xatirəsi ilə başladı: "Bu hadisənin üstündən illər keçsə də, həmin anı bu dəqiqə də xatırlayıram. Şəki Tibb Məktəbində oxuyurdum. Həmin vaxta qədər heç məni çox adam tanımırdı, amma bir an içində bütün ölkədə tanındım. Ulu öndər Heydər Əliyev bayrağımızı qürurla qaldırdığımı və dalğalandırdığımı görən kimi məni alqışlayaraq kürsüyə dəvət etdi. Xeyli həyəcanlanmışdım, bir anda gözümü açanda özümü ulu öndərin yanında gördüm. Sevincimdən o qədər qürurlandım ki, həmin an keçirdiyim xoş hissləri sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bakıda yaşayan qohumlarım televiziyada bu görüntüləri görərək atama zəng etdilər. Həmin vaxt atam sahədə olub, traktorçu işləyirdi. Hadisəni eşidən kimi təcili evə gəldi. Ailəmiz sevinc içində idi, çünki ulu öndərlə belə bir şəkildə görüşmək xoşbəxtliyi hər adama nəsib olmur. Həmin andan yaddaşıma silinməz izlərlə həkk olunan xatirələri bir an belə unutmuram. Xatirə şəkillərini və görüntüləri daim əziz tuturam".

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".