Bütün dünyaya örnək münasibətlər
Digər xəbərlər

Bütün dünyaya örnək münasibətlər

Azərbaycana dost, qardaş ölkə Türkiyənin tarixində ən faciəli hadisələrdən biri də fevral ayının 6-da baş verən dəhşətli zəlzələ oldu.

Gecə saatlarında mərkəzi Kahramanmaraş olmaqla, Qaziantep, Malatya, Diyarbəkir, Kilis, Şanlıurfa, Adıyaman, Hatay, Osmaniyə və Adanada 7.7 bal gücündə zəlzələ baş verdi. Türkiyədə baş verən zəlzələnin nəticələri bütün Azərbaycan xalqını sarsıtdı. Hər bir soydaşımız, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu ağır günlərdə qardaş ölkəyə dəstək verməyə çalışır. Bu, xalqımızın zəngin milli-mənəvi keyfiyyətlərinin daha bir nümunəsidir. Dəhşətli zəlzələ nəticəsində çoxlu sayda insan tələfatının olması ölkəmizdə böyük hüznlə qarşılandı. Qardaş ölkədən gələn acı xəbər Azərbaycan xalqını və dövlətini dərin kədərə boğdu. Baş verən zəlzələdən sonra dövlət və millət olaraq səfərbər olduğumuz göz önündədir. Bu da təbiidir. Çünki zəlzələnin aldığı canlar bizim öz canlarımızdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirmişdir. Bütün bunlar, eləcə də cənab Prezidentin fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olması, başsağlığı verməsi əsl qardaşlıq nümunəsidir.

Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən qardaş Türkiyənin yanındadır. Qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə bu ölkəyə ilk yardım əlini uzadan da məhz Azərbaycan oldu. Bu başqa cür də ola bilməzdi. Çünki Azərbaycan və Türkiyə iki dost, qardaş, canı, qanı bir ölkələrdir. Prezident İlham Əliyevin göstərişinə əsasən, Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı 8 fevral tarixdən etibarən Kahramanmaraşda fəaliyyətə başlayıb. Ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə hadisənin ilk saatından qardaş ölkəyə ezam olunub.

Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, zərərçəkmiş əhali üçün xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair humanitar yardımlar göndərilmişdir. Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan ilk xüsusi təyyarə 9 fevral tarixində Qaziantepə çatıb. Xalqımız bu gün də könüllü olaraq qardaşlarımıza dəstəyini davam etdirir, zəlzələnin acı nəticələrinin aradan qaldırılması üçün bütün imkanlardan yararlanırlar. Vətəndaşlarımız humanitar aksiya altında yardım marafonuna fəal şəkildə qoşulublar. Bütün bunlar dünyaya təkcə dövlətlərarası səviyyədə deyil, eyni zamanda xalqlararası münasibətlərdə də əsl qardaşlıq əlaqələrinin mövcudluğunu bir daha nümayiş etdirir. Zəlzələ hamımızı üzsə də, bir həqiqəti ortaya qoydu ki, Türkiyə-Azərbaycan münasibətləri bütün sınaqlar və bütün dövrlər üçün dünyaya örnək olacaq səviyyədədir. Türkiyə xalqı yenə də ayaqda qalaraq bütün çətinliklərə qalib gələcək. Azərbaycan xalqı, başda Prezident İlham Əliyev olmaqla bu çətin günlərdə Türkiyənin yanındadır. 44 günlük Vətən müharibəsi zamanı Türkiyə Prezidenti və 85 milyonluq türk xalqı Azərbaycan xalqı ilə bir yumruq oldu. İndi də Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması üçün azərbaycanlılar əlindən gələn hər şeyi etməyə çalışırlar. Bu da Azərbaycan ilə Türkiyənin bir-birinə olan dostluğunun, əbədi qardaşlığının göstəricisidir.

Fəridə YAHYAYEVA,

Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin direktoru.