Azərbaycanın bugünkü uğurlarının, güclü iqtisadiyyatının əsasını müasir texnologiyaların tətbiqi təşkil edir. Bu cür standartlara cavab verən ölkənin müstəqil siyasət yeritməsi, günbəgün inkişaf etməsi bu baxımdan təsadüfi deyil. Dövlətimizin tərəqqi yolunda atdığı addımlar təqdirəlayiqdir. Azərbaycanın "Teknofest" - Aviasiya, Kosmos və Texnologiya Festivalına evsahibliyi etməsi də xüsusi əhəmiyyət kəsb edir.
Xatırladaq ki, ilk dəfə olaraq tədbir məhz Türkiyədən kənarda keçirilmiş, ölkəmiz festivala evsahibliyi etmişdir. 2022-ci il may ayının 26-da başlayan və 4 gün davam edən texnologiyaya həsr olunmuş tədbir Azərbaycana siyasi arenada da bir sıra töhfələr vermişdir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın buradakı iştirakı tədbirin dövlət səviyyəli mahiyyətinin göstəricisidir. Şuşa Bəyannaməsinin imzalanmasından sonra keçirilən festival Azərbaycan-Türkiyə qardaşlıq, dostluq, qonşuluq və strateji müttəfiqliyini bir daha təsdiqləmişdir. Prezident İlham Əliyevin: "Biz əslində öz vətənimizdə, ölkəmizdə, öz qardaşlarımızın arasındayıq. Azərbaycan ilə Türkiyə arasında dostluq-qardaşlıq münasibətləri, hamımızın bir millət olaraq ruhuna bağlılığımız hər şeydən əhəmiyyətlidir", - deyə səsləndirdiyi fikirlər də iki ölkə arasındakı münasibətlərin yüksələn xətlə inkişafına daha bir nümunədir. Bu gün də mövcud olan ikitərəfli əlaqələr günü-gündən genişlənməkdədir. Ümumilikdə, "Teknofest"in əsasında müstəqillik, qardaşlıq, elm və müasirlik kimi vacib amillər dayanır. Belə festivalın baş tutması həm dövlətimizin, həm də Türkiyənin ən son texnologiyaları uğurla tətbiq etməkdə israrlı olduğunun təzahürüdür. Festival zamanı keçirilən texnologiya müsabiqələri bir daha bunu təsdiqləmişdir. Belə ki, "Teknofest Azərbaycan" çərçivəsində 8 kateqoriya üzrə müsabiqələr baş tutmuşdur. Tədbir zamanı, həmçinin "Smart Qarabağ" Hakatonu, "Take off" Azərbaycan Startap Sammiti və "Rocket League" videooyunu üzrə Avropa Kiber İdman Kuboku təşkil olunmuşdur.
İlk dəfə 2018-ci ildə İstanbulda baş tutan festivalda təxminən 550 min insan iştirak etmiş, ümumilikdə 14 texnologiya müsabiqəsi keçirilmişdir. Tədbir çərçivəsində motosiklet yarışları təşkil olunmuş, Kənan Sofuoğlu "Kawasaki H2R" ilə bu yarışda qalib gəlmişdir. Festival növbəti il yenə İstanbulda ikinci dəfə keçirilmişdir. Tədbirdə 3 milyon lirədən çox mükafat verilməsi planlaşdırılmış, 122 ölkədən 17 min 373 komanda və 50 min rəqib iştirak üçün müraciət etmişdir. İlk festivaldakı kimi bu dəfə də haker yarışları, robototexnika və müxtəlif hava şouları tədbirə rəng qatmışdır. Daha sonra "Teknofest" 2020-ci ildə Qaziantepdə, 2021-ci ildə isə yenidən İstanbulda baş tutmuşdur.
Xatırladaq ki, "Teknofest" tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və "Baykar Makina" şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə gerçəkləşdirilir. Festival milli texnologiyaların təbliği, insanların bu sahədə maarifləndirilməsini təmin etmək məqsədini daşıyır. Bundan başqa, tədbir zamanı müxtəlif seminarlar, mükafat qazanan texnologiya yarışmaları, yerli texnologiya sərgiləri və beynəlxalq sahibkarlıq sammiti də keçirilir. Festivalın ən əyləncəli tərəflərindən biri həm yerli, həm də beynəlxalq təşkilatların hava şoularının baş tutmasıdır. Teknofest bununla İstanbula çata bilməyən insanlara festivala qatılmaq üçün stimul verir. Gələcəkdə bütün dünyada təşkil olunması planlaşdırılan festival, həmçinin müxtəlif ölkələr tərəfindən də böyük maraqla qarşılanır.
Nəzrin ELDARQIZI,
"Respublika"