“Ulu Öndər Heydər Əliyevin kənd təsərrüfatının inkişafında rolu” mövzusunda tədbir
Sosial həyat

“Ulu Öndər Heydər Əliyevin kənd təsərrüfatının inkişafında rolu” mövzusunda tədbir

Kənd Təsərrüfatı Nazirliyində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin kənd təsərrüfatının inkişafında rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə, YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Nazirliyin tabeli qurumlarının məsul şəxsləri və əməkdaşları iştirak ediblər.

Tədbirdə kənd təsərrüfatı nazirinin müavini, Yeni Azərbaycan Partiyası Yasamal rayonu, Ərazi İlk Partiya Təşkilatının sədri  Sarvan Cəfərov bildirib ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sisteminin qurulması və inkişafında müstəsna xidmətləri var. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasət, məqsəd, vəzifə və prinsiplərə əsaslanan sosial-iqtisadi kurs hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin qorunub saxlanılması istiqamətində fəaliyyətindən bəhs edib. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Ümummilli Liderin Azərbaycana hakimiyyəti dövründə əldə edilən nailiyyətlərə toxunub. Veteranlar Şurasının üzvü Şahlar Əsgərov Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolundan, Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edib.

Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin fədakar əməyi sayəsində dinamik iqtisadi inkişafa nail olunub, Azərbaycan iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq respublikalarını xeyli qabaqlayıb.

Çıxışlardan sonra Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş film nümayiş olunub. Tədbirin sonunda Kənd Təsərrüfatı Nazirliyinin bir qrup əməkdaşı “Heydər Əliyev İli” və partiyada fəal ictimai-siyasi fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunublar. Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan şəxslərə partiyanın üzvlük vəsiqələri təqdim edilib.

Nəriman CAVADOV,

“Respublika”.