Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb
Sosial həyat

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb

Müdafiə Nazirliyi

Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, ziyarət zamanı Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyub.

 

Dövlət Təhlükəsizliyi Xidməti

Müasir Azərbaycanın banisi və qurucusu, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabana gələrək dahi şəxsiyyətin məzarını ziyarət etmiş, əziz xatirəsini dərin ehtiramla anaraq məzarı önünə əklil qoyublar.

DTX-nin mətbuat xidmətindən bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

 

Dövlət Sərhəd Xidməti

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildiriblər ki, müasir dövlətçiliyimizin və ən yeni tariximizin qurucusu olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Dövlət Sərhəd Xidmətinin ali zabit heyəti Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə güllər düzüblər.

Anım günü münasibətilə Dövlət Sərhəd Xidmətinin aparatında keçirilmiş tədbirdə iştirakçılar əvvəlcə Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində dahi şəxsiyyətin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən çoxsaylı foto-ekspozisiya ilə tanış olublar.

Ümummilli Liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edən tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açaraq tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olduğunu vurğulayıblar.

Dövlət idarəçiliyində və böyük siyasətdə hər zaman mənsub olduğu xalqına arxalanan və dövlətə xidmət etməyin xalqa xidmət etmək demək olduğunu əyani şəkildə nümayiş etdirən Ulu Öndərin təməlini qoyduğu ölkəmizin sosial-iqtisadi, siyasi, hərbi yüksəliş strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, xalqımızın tarixi hədəflərinə qovuşması, Vətən müharibəsində Böyük Zəfərin əldə olunması və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi xüsusi qeyd edilib.

Dövlət Sərhəd Xidmətinin hərbi birləşmələrində və hərbi hissələrində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər keçirilib.

Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətinə, Vətən müharibəsində əldə olunmuş qələbəyə həsr olunmuş "11-ci Qarabağnamə" sənədli filmi nümayiş etdirilib.

 

Yeni Azərbaycan Partiyası

Dekabrın 12-də Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Azərbaycanın müstəqil dövlət kimi inkişafı və tarixi uğurlar qazanması ümummilli lider Heydər Əliyevin titanik fəaliyyəti, məqsədyönlü siyasəti və əbədiyaşar ideyaları ilə bağlıdır. Xalqımız qarşısında misilsiz xidmətlər göstərən Ulu Öndər ölkəmizin müstəqillik yolunda inkişafına nail olaraq yeni Azərbaycan reallığını yaratmışdır. Bu gün qüdrətli və qalib Azərbaycan Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyevin zəngin siyasi irsi əsasında tərəqqi və Zəfər yolunda inamla irəliləyir, yeni-yeni nailiyyətlərə imza atır.

“Respublika”.