ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCANDA MÜASİR PROKURORLUQ SİSTEMİNİN QURUCUSUDUR
Digər xəbərlər

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCANDA MÜASİR PROKURORLUQ SİSTEMİNİN QURUCUSUDUR

"Hüquq-mühafizə orqanlarının əməkdaşları çox ağır bir peşə sahibləridir. Bu sahədə işə başlayan hər bir adam dərk etməlidir ki, bütün başqa sahələrə nisbətən öz üzərinə ağır bir iş götürür. Amma eyni zamanda, bu peşə həm də şərəfli peşədir. Dövlətçiliyin keşiyində durmaq, insanların hüquqlarını qorumaq, cəmiyyətdə qanun-qaydanın saxlanmasını təmin etmək və insanların rahat yaşamasına xidmət etmək - bu, çox şərəfli vəzifədir. Mən bu gün məmnuniyyətlə qeyd edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu vəzifələrini uğurla yerinə yetirirlər".

Heydər ƏLİYEV,

Ümummilli Lider.

Müasir dünyada vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun ən vacib şərtlərindən biri - məhkəmə-hüquq sisteminin demokratik dəyərlərə və insan haqlarına uyğun qurulması və bu dəyərlərə görə işlək olmasıdır. Bu şərt vətəndaşların sosial-iqtisadi rifahı və siyasi fəallığı üçün əhəmiyyət kəsb etməklə yanaşı, eyni zamanda, dövlətin də müdafiəsi və tərəqqisi üçün vacibdir. Qanunun aliliyinin və vətəndaşların hüquq bərabərliyinin tənzimlənməsi, cinayətkarlığa qarşı mübarizənin yüksək səviyyədə təşkili, ölkənin siyasi sabitliyinin təmini, dünya dövlətləri sisteminə inteqrasiyasının mümkünlüyü sosial-iqtisadi inkişafla yanaşı, həm də məhkəmə-hüquq sisteminin müvafiq təşkili ilə bağlıdır. Müasir dövlətlərdə sosial və iqtisadi islahatların uğuru həm də hüquq sisteminin işləkliyindən asılıdır. Bu səbəbdən də, bu gün qabaqcıl dövlətlər üçün bu məsələ hər zamankından daha aktualdır.

Müstəqil Azərbaycan Respublikası məhkəmə-hüquq sisteminin təşkili, vətəndaş cəmiyyətinin qurulması, hüquqi dövlət quruculuğu sahəsində əldə etdiyi böyük nailiyyətlərlə bu gün dünyanın qabaqcıl və örnək ölkələrindən biri, regionun isə lider dövləti kimi tanınır. Dinindən, dilindən, milliyyətindən və ya hər hansı bir mənsubiyyətindən asılı olmayaraq vətəndaşlarına tanıdığı hüquqlar və bərabərlik prinsipləri Azərbaycan Respublikasını dünyanın ən tolerant ölkələrindən birinə çevirmişdir. İnsan haqları və demokratiyanın vətəni olaraq özlərini görən bir çox Qərb ölkəsi ölkəmizdəki multikulturalizm və tolerantlıq ənənələrindən, bərabərlik ideyalarından çox şey öyrənə və faydalana bilər. Müstəqilliyinin bərpasının 32-ci ilini yaşayan Azərbaycan Respublikası, əlbəttə ki, bu nailiyyətləri böyük bir mücadilə verərək əldə etmişdir və bu gün Müzəffər Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf etdirməkdədir.

Azərbaycanda hüquq sisteminin beynəlxalq standartlara uyğun tənzimlənməsi bir neçə mərhələdən keçmişdir və bu mürəkkəb yolda Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti və dövlətçilik təcrübəsi və uzaqgörənliyi sistemin müasir səviyyəyə çatmasına imkan vermişdir.

1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra respublikanın siyasi, iqtisadi, sosial və hüquqi inkişafının prioritet istiqamətlərinin müəyyən edilməsi böyük bir zərurətə çevrilmişdi. SSRİ-dəki nəhəng infrastrukturun dağılması ölkənin sosial və iqtisadi həyatında dərin böhran doğurmuşdu, sovet hüquq sisteminin ortadan qalxması isə, öz növbəsində ictimai-siyasi sabitliyin qorunması, vətəndaş hüquqlarının təmini, o cümlədən prokurorluq sisteminin yenidən qurulması sahəsində böyük problemlər yaratmışdı. Müstəqil Azərbaycan Respublikasında həyatın bütün sahələrində olduğu kimi, qanunvericilik, insan haqlarının qorunması, cinayətkarlığa qarşı mübarizə sahəsində də böyük islahatlara və xüsusi dövlət strategiyasına, ilk növbədə hüquqi dövlət quruculuğuna ehtiyac var idi.

Lakin 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində respublikada yaşanan siyasi və ictimai hadisələr, Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibəsi, iqtidara gəlmiş diletant insanların təcrübəsiz fəaliyyəti və dövlətçilik maraqlarına zidd siyasətləri milli zərurətə çevrilmiş islahatların həyata keçirilməsini və dövlət strategiyasının qurulmasını imkansız etmişdi. Bu islahatların həyata keçirilməsi bir tərəfə qalsın, 1993-cü ilin yazına doğru Azərbaycanın hətta müstəqil mövcudluğu da sual altında idi. Ölkənin üzbəüz qaldığı problemlər vətəndaş qarşıdurmasına, hüquq sisteminin tamamilə yox olmasına, demokratik prinsiplərin pozulmasına və müxtəlif növ separatçılığa gətirib çıxarmışdı. Respublikanın prokurorluq sistemi demək olar ki, iflic vəziyyətində idi və prokurorluq qurumları dövlət müstəqilliyi və insan haqları üçün böyük təhlükə yaradan cinayətkarlığın, qanun pozuntularının qarşısını almaq iqtidarında deyildi. Xarici qüvvələr tərəfindən də güclü dəstək görən separatçılıq ölkəni vətəndaş müharibəsinə və nəticə etibarilə hüququn tamamilə ortadan qalxdığı bir vəziyyətə aparırdı. Bu qüvvələrin qarşısının birdəfəlik alınması, sosial və iqtisadi vəziyyətin düzəldilməsi, infrastrukturun bərpası, insanların maddi rifahının təmini, hüquq bərabərliyinin və qanunun aliliyinin tənzimlənməsi iqtidarda olan güclərin səriştəsizliyi ilə imkansız hala gəlmişdi.

Həlli mümkünsüz görünən bu problemləri yalnız dahi şəxsiyyət, ürəyi Azərbaycanla və Azərbaycan üçün döyünən böyük azərbaycanlı - Heydər Əliyev həll edə bilərdi, çünki müstəqilliyini yenicə bərpa etmiş bir ölkə üçün siyasi səriştə, dövlətçilik təcrübəsi və milli təəssübkeşlik zəruri idi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkə həyatının bütün sahələrində, o cümlədən hüquq sistemində müasir dünya standartlarına, eyni zamanda milli mənafeyə uyğun, Azərbaycanın davamlı inkişafını təmin edə biləcək dövlət siyasətinin həyata keçirilməsinə imkan verdi. Xalqın haqlı və israrlı tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev XX əsrdə Azərbaycanın yetişdirmiş olduğu ən böyük dövlət xadimi, böyük Azərbaycanlı idi.

Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişafının bir çox prioritet sahəsində dövlət strategiyasının qurucusu olduğu kimi, müstəqil hüquq sisteminin, o cümlədən prokurorluq sisteminin də qurucusudur. Məlumdur ki, 1918-ci il oktyabrın 1-də Bakı Dairə Məhkəməsinin tərkibində təsis edilən prokurorluq orqanları uzun müddət fəaliyyət göstərə bilməmiş, hər hansı təcrübə qazanmaq imkanı olmamışdır. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə prokurorluq orqanlarının fəaliyyətinə son verilmiş, bu orqanlar Sovet İttifaqının mərkəzi prokurorluq sisteminə daxil edilmişdir. 1960-cı illərin əvvəllərinə qədər bu sistemin milli təəssübkeşlik ruhunda fəaliyyəti, demək olar ki, imkansız olmuşdur. Bununla yanaşı, Azərbaycan prokurorluq orqanları sıralarında qanunun aliliyinə və Azərbaycançılıq ruhuna sadiq qalan insanlar da yetişmiş, bütün qadağalara və məhdudiyyətlərə baxmayaraq, Azərbaycan prokurorluğu Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövründə böyük bir inkişaf mərhələsindən keçmiş, azərbaycançılıq ideyasına sadiq peşəkarların yetişdirilməsində mühüm rol oynamışdır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq fəaliyyət göstərdiyi 1969-1982-ci illərdə Heydər Əliyev prokurorluq orqanlarının fəaliyyətinə daim nəzarət etmiş, respublikada qanunun aliliyinin təmin edilməsinə böyük diqqət yetirmişdir. Sonrakı illərdə Azərbaycanda müstəqil Prokurorluq sisteminin qurulub inkişaf etdirilməsində bu təcrübənin və prinsiplərin rolu əvəzedilməz olmuşdur. Ulu Öndərin özünün də qeyd etdiyi kimi, "Həmin illərdə Azərbaycanda milli prokuror kadrları hazırlandı, yetişdi və bu gün Azərbaycan Prokurorluğunun əsasını təşkil edən kadrlar yüksək peşəkarlığa, hüquqi təhsilə malik olan və öz vəzifələrini yerinə yetirə bilən kadrlardan ibarətdir. Bunlar hamısı bir gündə, bir ildə hazırlana bilməzdi. Azərbaycanda Prokurorluq orqanları on illər ərzində təşkil olunmuş, formalaşmış, inkişaf etmiş və bugünkü yüksək peşəkar səviyyəyə çatmışdır".

Müstəqilliyini bərpa etmiş bir respublika üçün demokratik və hüquqi dövlət quruculuğunun zəruriliyini dərindən anlayan Ulu Öndər Heydər Əliyev bu istiqamətdə böyük tədbirlər planı həyata keçirərək, Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanmasında şəxsən iştirak etmiş, siyasi və hüquqi islahatların təşəbbüskarı olmuş, bu islahatların başlıca istiqamətlərini və prinsiplərini müəyyən etmişdir. Bu istiqamətdə ilk böyük mərhələ dövlətin Əsas Qanununun qəbul edilməsi ilə başlayır. Ulu Öndərin şəxsi təşəbbüsü və nəhəng səyləri nəticəsində 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilmişdir. Konstitusiyanın "Məhkəmə hakimiyyəti" adlı 7-ci fəslinin 133-cü maddəsi xüsusi olaraq "Azərbaycan Respublikasının Prokurorluğu" adı daşıyaraq, aidiyyəti qurumun vəzifələrini müəyyən etmişdir. Konstitusiyanın adıçəkilən bəndində qeyd edilir ki, "Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır; məhkəmədə dövlət ittihamını müdafiə edir; məhkəmədə iddia qaldırır; məhkəmə qərarlarından protest verir. Azərbaycan Respublikasının Prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikası Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır".

Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq prokurorluq orqanları üçün konstitusion status müəyyən edildi. Demokratik dəyərlərə və hüquqi prinsiplərə uyğun olaraq hazırlanan və qəbul edilən Konstitusiyamız ölkəmizin müasir dövlətlər sisteminə dünyəvi, demokratik və hüquqi dövlət olaraq inteqrasiya olmasına imkan verdi. Ulu Öndərin təbirilə desək, "Azərbaycan Prokurorluğu Konstitusiyada müəyyən olunmuş səlahiyyətlərini həyata keçirmək ölkəmizin dövlətçiliyinin qorunmasına və möhkəmlənməsinə xidmət etməlidir, qanunun aliliyini təmin etməli və qanunun aliliyinə riayət etməlidir, Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının keşiyində durmalıdır. Bütün bunlar hamısı Konstitusiyada öz əksini tapıbdır".

Respublikada hakimiyyətə qayıdışından sonrakı ilk çıxışlarından etibarən Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın davamlı inkişafının təmininin başlıca prinsiplərinin demokratik dövlət quruculuğu, vətəndaş həmrəyliyi, azad iqtisadiyyat və qanunun aliliyi olduğunu vurğulamış, bu prinsiplərin həyata keçirilməsi üçün bütün milli qüvvələri səfərbər etmişdir. Konstitusiyanın qəbulundan dərhal sonra ölkənin siyasi, iqtisadi, sosial və hüquqi həyatının ən əhəmiyyətli istiqamətləri müəyyən edilərək həmin sahələrdə, o cümlədən  Azərbaycan Respublikasının prokurorluq sistemində hüquqi-normativ və maddi-texniki bazanın təmininə, eləcə də zəruri məhkəmə-hüquq islahatlarının keçirilməsinə başlandı.

Müasir dünya standartlarına uyğun, demokratik və hüquqi dövlət quruculuğuna hədəflənmiş bu islahatların həyata keçirilməsi üçün artıq 21 fevral 1996-cı ildə "Hüquqi İslahatlar Komissiyası" təşkil edildi, Komissiyaya qanunların və digər hüquqi aktların hazırlanması, məhkəmə və hüquq-mühafizə sisteminin yenidən qurulması həvalə edildi. Aparılan ciddi və kardinal islahatlar nəticəsində respublikanın hüquq sisteminin təşəkkülü üçün mütərəqqi qanunlar, o cümlədən, artıq 1997-ci ildə "Məhkəmələr və hakimlər haqqında" və "Konstitusiya Məhkəməsi haqqında" qanunlar qəbul edildi. 1998-ci il dekabrın 1-də Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurası yaradıldı. Prokurorluq orqanları işçilərinin fəaliyyətinə yüksək dəyər verən Ulu Öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə hər il oktyabrın 1-i Prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməyə başlandı. Həmin il noyabrın 28-də Azərbaycan Respublikasının prokurorluq orqanlarının 80 illik yubileyi keçirildi və yubileyə həsr edilmiş təntənəli yığıncaqda Heydər Əliyev nitqində prokurorluq orqanının hüquq-mühafizə orqanları içərisində xüsusi yer tutduğunu, ağır cinayətlərin açılmasında prokurorluq orqanlarının böyük xidmətlər göstərdiyini və bu xidmətlərin yüksək qiymətləndirildiyini vurğuladı.

Azərbaycanda müstəqil prokurorluq sisteminin qurulmasında növbəti addım Prezident Heydər Əliyevin 7 dekabr 1999-cu il tarixli Qərarı ilə "Prokurorluq haqqında Qanun"un qəbul edilməsi oldu. Hüququn aliliyinin təminatçısı olan bu Qanunda respublika prokurorluğu haqqında qanunvericilik, prokurorluğun fəaliyyət istiqamətləri və prinsipləri, prokurorluq orqanlarının fəaliyyəti, prokurorluğun maddi-texniki təminatı və fəaliyyətinin digər məsələləri öz əksini tapdı. Azərbaycan Respublikasının Prokurorluğu məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan elan edildi. "Prokurorluq haqqında Qanun", eyni zamanda Azərbaycandakı prokurorluq sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasını tənzimləmiş oldu.

Məhkəmə-hüquq islahatlarının müasir hüquqi və demokratik dövlət quruculuğu üçün böyük əhəmiyyət daşıdığını peşəkar siyasətçi və dövlət xadimi kimi yaxşı bilən Heydər Əliyev bu sahələrdə islahatların davam etdirilməsinə xüsusi diqqət yetirdi və bu istiqamətdə 1993-2003-cü illər ərzində qəbul edilən "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Polis haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunlar, eləcə də cinayət, cinayət-prosessual, mülki, mülki-prosessual, inzibati xətalar məcəllələri və digər sənədlər Azərbaycanda müasir hüquq sisteminin təşəkkülündə böyük rol oynadı.

Müstəqil Azərbaycan Respublikasında prokurorluq orqanlarının fəaliyyətində mühüm hadisələrdən biri - 26 aprel 2000-ci ildə Ulu Öndər Heydər Əliyevin qurumun rəhbər işçiləri ilə keçirdiyi müşavirəsi oldu. Müşavirədə Heydər Əliyev "Prokurorluq haqqında Qanun"un çox böyük əhəmiyyətə malik olduğunu xüsusi vurğuladı, Qanunun ardıcıl surətdə yerinə yetirilməsinə xüsusi diqqət yetirərək, eləcə də prokurorluq işçilərinin mənəvi dəyərləri üçün böyük əhəmiyyət daşıyan "Biz hüquqi dövləti, demokratik dövləti yaradırıq və onu pillə-pillə yüksəklərə qaldırırıq. Bunun da ən prinsipial bir hissəsi məhkəmə sistemində islahatların keçirilməsi, bütün məhkəmə sisteminin beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasıdır", "Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır" kimi çox önəmli fikirlər səsləndirdi. Heydər Əliyevin prokurorluq işçilərinin mənəvi keyfiyyətlərinə, peşəkarlığına və milli təəssübkeşliyinə xüsusi önəm verdiyi də müşavirədə bir daha ön plana çıxarıldı. Müşavirədə Ulu Öndərin çıxışı, tələbləri, göstəriş və tövsiyələri sonrakı mərhələdə Azərbaycanın prokurorluq orqanlarının fəaliyyətinin başlıca meyarına çevrildi.

Hələ sovet hakimiyyəti dövründə Prokurorluq işçilərinin peşəkarlığına və mənəvi keyfiyyətlərinə yüksək önəm verən Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"nin qəbul edilməsi bu orqanlarda çalışacaq işçilərin hazırlığının, bilik səviyyəsinin, dünyagörüşünün yüksək olması, prokuror, müstəntiq, əməliyyatçı vəzifələrinə yararlı və layiqli insanların seçilməsi məqsədi daşımış olub, eyni zamanda Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğunun təzahürlərindən biri kimi qiymətləndirilə bilər. Yenə həmin ildə, Prezidentin 29 iyun 2001-ci il tarixli qərarları ilə prokurorluq sistemi ilə bağlı "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında", "Prokurorluğun rəsmi emblemi haqqında", "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında" qanunvericilik aktları qəbul edildi.

Bu illərdə Azərbaycanda prokurorluq sisteminin təkmilləşdirilməsində növbəti addımlardan biri 2002-ci ilə aid olub, Ulu Öndərin adı ilə bağlıdır. Belə ki, 2002-ci il avqustun 24-də keçirilən və sentyabrın 19-da qüvvəyə minən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referenduma görə, prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verildi. Bu, bir tərəfdən respublikada prokurorluq sisteminin təkmilləşdirilməsi ilə bağlı idisə, digər tərəfdən prokurorluq orqanları işçilərinə göstərilən yüksək etimadın təzahürü idi. Prokurorluq orqanları işçilərinin maddi və sosial müdafiəsini gücləndirmək məqsədilə Prezident Heydər Əliyevin "Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında" 8 oktyabr 2002-ci il tarixli sərəncamı da bu etimadın bir göstəricisi oldu. Azərbaycana rəhbərliyinin hər iki dövründə qəlbi Azərbaycan üçün döyünən, bütün ömrü boyu fəaliyyəti Vətənə və milli maraqlara xidmət edən Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan Respublikasının dövlət strukturları, o cümlədən müasir prokurorluq sistemi beynəlxalq standartlara uyğun təşəkkül etmişdir.

Bu gün Azərbaycanın dövlət strategiyasının və başlıca dövlətçilik prinsiplərinin davamlı inkişafı Heydər Əliyev siyasi kursunun varisi Prezident İlham Əliyev tərəfindən həyata keçirilməkdədir. Son iki onillikdə Azərbaycan Respublikasında hüquq-mühafizə, o cümlədən, prokurorluq orqanlarında demokratik islahatlar və dəyişikliklər, kadrların peşəkarlığının artması, xüsusilə gənc kadrlara üstünlük verilməsi, prinsipiallığa və qanunun aliliyinə əsaslanan bu orqanlara etimadın yüksəlməsi Heydər Əliyevin siyasi və dövlətçilik kursunun uğurla davam etdirilməsinin təzahürüdür. Prezident İlham Əliyevin dövlətin prioritet sahələrindən olan prokurorluq orqanlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədilə  2008-ci il sentyabrın 27-də imzaladığı Sərəncam ilə "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" təsdiq edilmişdir. Dövlət Proqramı Azərbaycanda prokurorluq orqanlarının fəaliyyətinin dinamik yüksəlməsinə və bu orqan işçilərinin peşəkarlığının daha da artmasına imkan yaratmışdır.

Prezident İlham Əliyevin qanunun aliliyinə, dövlətin və millətin maraqlarına, azərbaycançılıq məfkurəsinə əsaslanan dövlət siyasəti sayəsində dünyanın qabaqcıl ölkələrindən birinə çevrilmiş Azərbaycan Respublikasında  bu gün hüquq-mühafizə orqanları, o cümlədən prokurorluq orqanları ictimai-siyasi sabitliyin qorunmasında, vətəndaşların hüquqlarının müdafiəsində, eləcə də respublikamıza qarşı bəzi xarici qüvvələrin cinayətkar cəhdlərinin dəf edilməsində yaxından iştirak edirlər. Azərbaycanda vətəndaş cəmiyyətinin və hüquqi dövlətin qurulmasında yaxından iştirak edən prokurorluq orqanlarının fəaliyyəti müasir dövrün tələblərinə uyğundur və yeni müstəvidə inkişafı üçün bütün zəruri şərtlərə malikdir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, "Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir".

Yaşadığımız 2023-cü il Azərbaycan tarixi üçün əlamətdardır və çox böyük bir əhəmiyyətə malikdir: bu il - müasir dövlətçiliyimizin, o cümlədən Prokurorluq da daxil olmaqla, dövlət strukturlarının qurucusu olan Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyidir. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ili "Heydər Əliyev İli" elan etməsi haqqında Sərəncamı və bu Sərəncamdan çıxış edərək həyata keçirilən tədbirlər istər ölkəmizin, istərsə də dünyanın ictimai-siyasi həyatının önəmli bir hadisəsidir və Heydər Əliyevin timsalında müasir dünyanın dövlət xadimlərinin tarixdə oynadıqları rola və xidmətlərə verilən yüksək dəyərdir.

Müasir dünyanın görkəmli dövlət xadimi və siyasətçisi Prezident İlham Əliyevin hüquqi və demokratik dövlət quruculuğunun davamlı inkişafı, dövlət strukturlarının təkmilləşdirilməsi, yüksək səviyyəli diplomatiyası və respublikanın dünyaya daha intensiv inteqrasiyası istiqamətində fəaliyyəti, 2020-ci ildə İkinci Qarabağ müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan böyük Zəfər - Azərbaycanın şanlı tarixə malik dövlətçilik irsinin və böyük Azərbaycanlı Heydər Əliyevin siyasi kursunun uğurlu davamının ən böyük təzahürüdür.

Asiman HACIYEV,

Azərbaycan Respublikasının

Baş prokuroru yanında Korrupsiyaya qarşı

Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, I dərəcəli hüquqşünas.