Uğurlu inkişafla müasirləşən regionlarımız
Region

Uğurlu inkişafla müasirləşən regionlarımız

Məqsədyönlü tədbirlər, görülən işlər davamlı xarakter daşıyır

Dövlət müstəqilliyimizin bərpasından ötən 33 il ərzində ölkəmiz böyük və uğurlu inkişaf yolu keçib. Əldə olunan möhtəşəm nailiyyətlər isə Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib. Bütün uğurlarımızın təməlində ulu öndər Heydər Əliyev tərəfindən başlanmış iqtisadi islahatlar durur. Ulu öndər demişdir: "...Mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir".

Qeyri-neft sektoru sahəsində aparılan genişmiqyaslı işlər nəticəsində paytaxt Bakı ilə yanaşı, regionlarımızın da inkişafı təmin olunub. Xüsusilə kənd təsərrüfatı sahəsində geniş təyinatlı infrastruktur şəbəkələri yaradılıb. Ümumilikdə regionlarımızda sahibkarlıq fəaliyyətinə maraq artıb, ən müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli, ixracyönümlü və idxaləvəzləyici məhsul istehsal edən müəssisələr yaradılıb, əhalinin məşğulluq və həyat səviyyəsi daha da yaxşılaşdırılıb.

Sosial-iqtisadi inkişaf fonunda şəhər və rayonlarımız görkəmini tamamilə dəyişib. Bölgələrimizdə abadlıq-quruculuq işlərinin şahidi oluruq. Səliqə-sahman, yüksək zövqlə inşa edilən yaşayış və inzibati binalar, parklar göz oxşayır. Hər yanda salınmış yaşıllıqların isə öz gözəlliyi var.

Ötən müddət ərzində regionların sosial-iqtisadi inkişafı xüsusi diqqət mərkəzində saxlanılmış, bu istiqamətdə kompleks tədbirlər həyata keçirilmişdir. 2023-cü ildə regionlarda yeni obyektlər - Bərdədə Qarabağ Regional DOST Mərkəzi, Laçın rayonunun sənaye zonasında mebel fabriki, "Həkəri" balıq təsərrüfatı, Qazax rayonunda mebel fabriki, Milli Xalça Muzeyinin Şuşa filialı və s. mühüm əhəmiyyətli obyektlər tikilib isifadəyə verilmişdir.

Qeyri-neft sektorunun inkişafı, daha çox valyuta gətirən strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün bütün imkanlardan istifadə edilməsi əhalinin məşğulluğunu daha da artırmışdır. Odur ki, regionlarda yeni iş yerlərinin açılması və məşğulluğun təmin olunması istiqamətində ciddi işlər aparılır. Bu yaxınlarda Lənkəran rayonunda "Lenk Frut" Məhdud Məsuliyyətli Cəmiyyətinin Separadi kəndində yeni salınmış sitrus bağında 140 nəfər işlə təmin olunub. Bağda Türkiyədən gətirilmiş 141 min ədəd sitrus meyvələri, şaftalı və nektarin ağacları əkilib.

Bu gün ölkəmizə valyuta gətirəcək bir sıra kənd təsərrüfatı sahələri var ki, onlar ixraca görə əhəmiyyətlidir. Lənkərandakı "Laran" Məhdud Məsuliyyətli Cəmiyyəti işini bu yöndə qurmuşdur. Müəssisə qənnadı məhsulları istehsalı ilə məşğuldur. Regionda istehsal keyfiyyətinə görə fərqlənən müəssisədə 5 növdə və 56 çeşiddə məhsul hazırlanır. Məhsullar daxili bazarla yanaşı, Rusiya, İsrail, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Moldova və İraqa da ixrac olunur. Burada isə 120 nəfər çalışır.

Ümumilikdə, regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası nəticəsində şəhərlə kənd arasındakı fərq aradan qaldırılıb. Bir sözlə, ölkəmizdə bölgələrin sosial-iqtisadi inkişafı başlıca prioritetlərdən biri kimi müəyyənləşdirilib, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

M.MİRZƏ,

"Respublika".