Uğurların əsasında duran siyasi peşəkarlıq
Digər xəbərlər

Uğurların əsasında duran siyasi peşəkarlıq

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyinin 19 ili tamam olur. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Bununla da Azərbaycan xalqı ulu öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına səs verdi.

Keçən müddət ərzində ölkə rəhbəri çox böyük uğurlara imza atıb. Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi 2003-cü ildən başlayaraq yeni dinamika alıb. Bütün istiqamətlər üzrə ciddi nailiyyətlər əldə olunub. Daxili və xarici siyasətin tam vəhdəti təmin edilib. Ölkəmiz hazırda sabit şəraitdə sürətli inkişafını davam etdirir. Özü də bu, bütün dünyada müxtəlif sahələrdə özünü göstərən böhranların fonunda baş verir. Deməli, Azərbaycan Prezidenti çox düzgün, müasir, səmərəli və faydalı kurs həyata keçirir. 

İlk dəfə 2003-cü il oktyabrın 15-də ölkə rəhbəri seçilən İlham Əliyev bundan sonra xalq tərəfindən iki dəfə də Prezident seçildi. Bu müddətdə İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasi kursunu rəhbər tutaraq yorulmadan Azərbaycan dövlətçiliyi və xalqı üçün çalışdığını hər kəs etiraf edir. Dünya dövlətlərinin başçıları Prezident İlham Əliyevin Azərbaycan cəmiyyətində yüksək nüfuzunu ölkədə sabitliyin tam bərqərar olunduğunu və uğurlu idarəetməni nəzərə alaraq ölkəmizlə əməkdaşlığa can atırlar. 

İlham Əliyevin Azərbaycana başçılıq etdiyi son 19 ilə nəzər salanda bütün sahələrdə nə qədər böyük inkişafın getdiyinə əmin oluruq. Bu gün Azərbaycan Cənubi Qafqazın ən nüfuzlu müstəqil dövlətidir. Bu səbəbdəndir ki, Prezident İlham Əliyev əminliklə deyir: "Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz".

Azərbaycan Prezidenti idarəetmədəki islahatları tamamilə sosial-iqtisadi, enerji, nəqliyyat, elm, təhsil, mədəniyyət, ekologiya, sənaye, kənd təsərrüfatı, hərbi və başqa sferalardakı yeniləşmələrlə, irihəcmli maliyyə tələb edən proqramlarla uyğunlaşdıra bilib. Bu iki aspekt vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edən islahatlarla harmoniya təşkil edir. 

Sosial-iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurların analizi göstərir ki, Azərbaycan 19 il müddətində sözün həqiqi mənasında nəhəng irəliləyiş əldə edib. Və bu irəliləyişin ən gözəl cəhəti ondan ibarətdir ki, həm ayrı-ayrı sferalarda aparılan islahatlar bir-birini tamamlayır, həm də onların hər biri insanların həyat səviyyəsinin yüksəlməsinə, maddi-mənəvi rifah halının yaxşılaşmasına xidmət edir. 

Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 19 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafa nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və ən əsası 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib.  

Prezidentin rəhbərliyi ilə ölkədə iqtisadi sahələrdə əldə edilən uğur və tərəqqi digər sahələrin inkişafına da təsir göstərdi. İqtisadi tərəqqi güclü ordunun yaradılmasına təkan verdi. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Ordumuzun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü.

 Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi - işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü sayəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, müzəffər xalq kimi tanıtdı.

Prezidentin düşünülmüş siyasəti, xalqın dəstəyi ilə tarixi ədalət bərpa olundu. Azərbaycan Qalib ölkəyə çevirildi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin böyük təntənəsidir. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu, Böyük Qayıdış təkcə azərbaycanlıların Qarabağa deyil, onların vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını təmin edəcəkdir.

İsrafil KƏRİMOV,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.