MÖHTƏŞƏM UĞURLARIN MÜƏLLİFİ
Digər xəbərlər

MÖHTƏŞƏM UĞURLARIN MÜƏLLİFİ

Ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətində gənclərin təhsili, müstəqil həyata hazırlanması, gənc nəslin təlim-tərbiyəsinə yüksək qayğı prioritet istiqamətlərdən biri olmuşdur. Ulu öndər ölkəyə rəhbərliyinin hər iki mərhələsində gənc kadrlara böyük etimad göstərir, məsul vəzifələrə irəli çəkirdi.

Keçən əsrin 70-80-ci illərində respublikada keçirilən dövlət tədbirlərinə, qurultaylara, partiya-təsərrüfat fəallarının müşavirələrinə, təntənəli yığıncaqlara bütün şəhər və rayonların partiya komitələrinin birinci katibləri, icraiyyə komitələrinin sədrləri və komsomolun birinci katibləri dəvət olunurdular. Ümummilli lider gənclərin çıxışlarına, təkliflərinə, fəal və işgüzar mövqeyinə diqqətlə yanaşırdı. Nazirlərə və birinci katiblərə tapşırıq verirdi ki, rəhbər vəzifələrdə gənclərə daha geniş yer versinlər, çünki onlar gələcəyimizdir, yaşlı nəslin davamçıları olaraq estafeti layiqincə irəli aparmalıdırlar.

Bu qayğını mən də öz həyatımda görmüşəm. Atam Böyük Vətən müharibəsi əlili idi. Ailəmiz çətinliklə dolanırdı. Heç bir arxam, dayağım yox idi. Müdrik rəhbərin ölkədə yaratdığı sağlam, işgüzar mühit sayəsində müəllimlikdən Masallı rayon komsomol komitəsinin təşkilat şöbəsinin müdiri və birinci katibi, sonra Masallı rayon partiya komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdim.

1990-cı illərin əvvəllərində respublikada vəziyyət son dərəcə ağır idi. O çətin günləri unutmamışıq. Masallıdan olan ziyalılar, ağsaqqallar, sadə zəhmət adamları o vaxtkı respublika rəhbərliyinə müraciət edərək Naxçıvanda Ali Məclisin sədri işləyən Heydər Əliyevin tanınmış siyasi xadim, zəngin dövlətçilik təcrübəsinə malik qüdrətli lider, nüfuzlu, qətiyyətli, müdrik şəxsiyyət olmasını nəzərə alaraq respublika rəhbərliyinə gətirilməsini tələb edirdilər. Masallılıların təkidli xahişləri, müraciətləri Heydər Əliyevə də göndərilirdi. Göndərilən müraciətlərdə mənim də imzam olub. Çünki ölkəni siyasi böhran, iqtisadi tənəzzül, xaos, parçalanma, idarəetmənin itirilməsi və digər çoxlu bəlalardan ancaq Heydər Əliyev dühası xilas edə bilərdi.

1993-cü ilin təlatümlü yayında, dövlət müstəqilliyimiz təhlükə altında olanda masallılılar Heydər Əliyevin çağırışına səs verərək müdrik rəhbərin siyasətini ürəkdən bəyəndiklərini və dəstəklədiklərini bildirdilər.

Yaxşı yadımdadır. 1993-cü ilin dekabr ayı idi. Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyirdim. İş gününün axırı idi. İcra başçısının otağına fasiləsiz zəng gəlirdi. Başçı və birinci müavin qışlamanın ağır vəziyyətdə olmasını nəzərə alaraq heyvandarlıq təsərrüfatlarına getmişdilər. Bir az keçəndən sonra yenidən icra başçısının otağına zəng gəldi. Məsul növbətçi həyəcanla mənə telefon zənginin prezident aparatından olduğunu dedi. Prezidentin köməkçisinin zənginə cavab verdim. Haqqımda məlumat alıb gözləməyi tapşırdı. Sonra: "Prezident xəttədir, sizinlə danışacaq", - dedi.

Heydər Əliyevlə salamlaşdıqdan sonra rayonun vəziyyətini soruşdu. Bu barədə məlumat verdim. Müharibə bölgəsinə göstərilən qayğı ilə maraqlandı. Bildirdim ki, iki gün əvvəl rayon prokuroru, polis rəisi və mən Beyləqanda olmuşuq. Döyüşçülər Sizin xalqa müraciətinizi dəstəkləyir, bu mühüm çağırış yerli əhalidə böyük ruh yüksəkliyi yaratmışdır. Əlavə olaraq Masallı Rayon İcra Hakimiyyətinin nəzdindəki "Qələbə" fondunun fəaliyyəti barədə rəhbərə məlumat verdim. Bu telefon zəngi uzun illər mənim xalqımızın əfsanəvi lideri ilə görüşmək intizarıma son qoydu. Unudulmaz telefon söhbəti siyasi fəaliyyətimdə mənə yeni stimul verdi.

İndi o vaxtdan illər keçir. Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan etibarlı əllərdədir. Ulu öndərin layiqli davamçısı, ona özü qədər inandığı cənab İlham Əliyev Azərbaycanı yeni dövrün tələblərinə uyğun sürətlə inkişaf etdirərək dünyada qalib, qüdrətli dövlət kimi tanıdıb. Möhtərəm Prezidentimizin Azərbaycana rəhbərlik etdiyi 20 ildə ölkəmiz əsrlərə bərabər inkişaf yolu keçib. İllərlə həllini gözləyən problemlər yoluna qoyulub: regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı, çoxlu sayda yeni, müasir layihələr, beynəlxalq əməkdaşlıq əlaqələri, Qarabağın işğaldan azad olunması, Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün tam təmin olunması və s.

Milli ordu quruculuğunun müasir səviyyədə möhkəmləndirilməsi, cəmiyyətin demokratik inkişafı, xalqın sosial rifahının yaxşılaşdırılması, ölkəmizin mühüm beynəlxalq simpozium və konfranslara, siyasi dialoqlara, idman tədbirlərinə ev sahibliyi etməsi hamımızı ürəkdən sevindirir.

Dövlət başçısının rəhbərliyi ilə iqtisadiyyat, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafı, bütün sahələrdə qazanılan uğurlu nailiyyətlər göz qabağındadır. Qarabağda 44 gün ərzində əldə olunan böyük qələbə, şanlı zəfər, bu ilin sentyabrında həyata keçirilən 23 saatlıq antiterror tədbirləri, Xankəndidə yuva salmış qanunsuz rejimin təslim olması, separatçıların liderlərinin, digər qatı cinayətkarların məsuliyyətə cəlb edilməsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin təntənəsidir. Ölkə başçısının qətiyyətli, düşünülmüş addımları hesabına 30 ilə yaxın işğal altında qalmış torpaqlarımıza gözəl, firavan həyat qayıdır. Məcburi köçkün soydaşlarımızın illərlə böyük intizarla gözlədikləri doğma yurda qayıdışları başlanıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir layihələr əsasında "ağıllı şəhər", qəsəbə və kəndlər salınır, əzəli ata-baba yurdumuz çiçəklənən, yaraşıqlı, gözəl diyara çevrilir.

Ötən dövrdə ölkə başçısı İlham Əliyevin regionlara səfəri bölgələrin inkişafına yeni stimul verib. Cənab Prezident dəfələrlə Masallı rayonuna səfər edib. Bu səfərlər mühüm strateji obyektlərin açılış və təməlqoyma mərasimləri, dövlətimizin başçısının rayon ictimaiyyətinin nümayəndələri ilə səmimi, mehriban görüşləri ilə yadda qalıb. Respublikada ilklər sırasında tikilib istifadəyə verilən Masallı Olimpiya İdman Kompleksi, Masallı Dövlət Regional Kolleci, Masallı Sənaye Məhəlləsi və digər mühüm obyektlər möhtərəm Prezidentimizin masallılılara hədiyyəsidir.

Ulu öndərin rəhbərliyi dövründə inşa olunan Viləşçay su dəryaçasının genişləndirilməsi, qonşu rayonlara da suyun ötürülməsi, rayonda içməli su probleminin həll olunması, abadlıq, quruculuq işlərinin geniş vüsət alması Masallıya göstərilən dövlət qayğısının parlaq təzahürüdür.

Mən vətəndaş olaraq sevinirəm ki, ixtiyar yaşımda Prezidentimizin apardığı uğurlu siyasətin, nəhəng quruculuq işlərinin şahidi oluram. Bununla fərəhlənir, qürur hissi keçirirəm.

Masallılılar müstəqil Azərbaycanı beynəlxalq aləmdə güclü, qüdrətli, qalib dövlət kimi tanıtmış, dünyanın siyasi liderləri və dövlət başçıları arasında böyük hörmət və nüfuz qazanmış müdrik rəhbərimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini ürəkdən bəyənib müdafiə edirlər.

Ələşrəf NİFTİYEV,

Masallı Rayon Ağsaqqallar Şurasının sədri, 3-cü dərəcəli "Vətənə xidmətə

görə" ordenli, dövlət qulluğu təqaüdçüsü.