Dayanıqlı və əbədi sülh Ermənistan üçün yeganə çıxış yoludur
Digər xəbərlər

Dayanıqlı və əbədi sülh Ermənistan üçün yeganə çıxış yoludur

Azərbaycan 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra öz ərazi bütövlüyünü bərpa edib və əksər ölkələr Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ölkə başçımız İlham Əliyev tərəfindən dövlətimizin haqlı mövqeyi daim yüksək tribunalardan səsləndirilir. Biz dayanıqlı və əbədi sülh istəyirik. Hayların riyakarlığına baxmayaraq, Azərbaycan Ermənistana bu gün də sülh əlini uzadır.

Təəssüf ki, Qərb dairələrinin Ermənistana verdiyi dəstək hayları daha da cəsarətləndirir. Bunun nəticəsidir ki, onlar təxribatlar törədir, sülh prosesini ləngidir və danışıqlara kölgə salır. Azərbaycan yeganə ölkədir ki, qalib tərəf olsa da, düşməninə sülh təklif edir, regionda əmin-amanlığın olmasına çalışır. Lakin hələ ki, bunu dəyərləndirməyən Ermənistan öz acı taleyi ilə barışmalı olacaq. Çünki ölkəmizin sülh təklifi siyasi böhran yaşayan Ermənistan üçün çıxış yoludur. Prezident İlham Əliyev və Nikol Paşinyan arasında sülh sazişinin imzalanmasına dair bir çox görüşlər keçirilib, lakin heç bir nəticə əldə olunmayıb. Onu da qeyd etmək lazımdır ki, ölkə başçısı daim haylara qarşı tolerant olub. Dövlət başçımızın qeyd etdiyi kimi, əgər Qarabağda yaşayan ermənilər firavan həyat yaşamaq istəyirlərsə, o zaman şərtləri qəbul etməli və Azərbaycan Respublikasının Konstitusiyasına tabe olmalıdırlar. Azərbaycan dövləti ölkədə yaşayan bütün milli azlıqlara hörmətlə yanaşır, onlara xoş münasibət göstərir.

Tolerantlıq, multikulturalizm və etnik rəngarənglik Azərbaycan xalqının həyatının tərkib hissəsidir. Bu gün Azərbaycan dövləti xristian tarixi abidələri, alban kilsəsi, pravoslav və katolik kilsələrinə qayğı və diqqətlə yanaşır. Qeyd edək ki, ölkəmizdə erməni kilsəsi və digər dinlərə mənsub müqəddəs məbədlər mövcuddur. Son illərdə Rus Pravoslav Baş Kafedral Kilsəsi, "Xilaskar" Yevangelik-lüteran kilsəsi, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsi dövlət tərəfindən təmir edilib. Bununla yanaşı, Bakıda Müqəddəs Məryəm kilsəsinin inşası Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində reallaşdırılıb, erməni kilsəsi təmir edilib. Bütün bunlar ölkəmizdə tolerantlığın bariz nümunəsidir.

Azərbaycan həmişə Qarabağda yaşayan ermənilərlə əlaqələrin inkişaf etdirilməsinə, Ermənistanla birgə sərhəddə nəzarət-sərhəd rejiminin şəffaf və təhlükəsiz fəaliyyəti naminə əməkdaşlığa hazır olduğunu bildirir. Bu isə reinteqrasiya prosesinin inkişafına yeni imkanlar qazandırır.

Məsələ ilə bağlı "Euronews"a verdiyi müsahibədə ölkə başçımız bildirib ki, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər: "Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar. Həmçinin onlar başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi, davranmağa davam etsələr və ya "prezidenti", "nazirləri", "parlamentariləri" olan qondarma ölkədə yaşayırlarmış kimi, davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək. Bütün bunlar yalandır. Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm".

Röya RÜSTƏMLİ,

"Respublika".