Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib
Türk dünyası

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib

Oktyabrın 12-də Bakıda Türkmənistanın müstəqilliyinin 32-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Türkmənistanın  ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və hökumət nümayəndələri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Türkmənistanın Dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov iki ölkə rəhbərlərinin səyləri nəticəsində ölkələrimiz arasında mehriban dostluq və qonşuluq münasibətlərinin daha da inkişaf etdiyini, ikitərəfli strateji tərəfdaşlığımız daha da dərinləşdiyini diqqətə çatdırıb.

Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərdən danışan diplomat bu münasibətlərin daha da dərinləşməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovun böyük xidmətləri olduğunu vurğulayıb.

Müstəqilliyini qazandıqdan sonra ölkəsinin inkişaf tarixindən söz açan səfir Mərkəzi Asiya və Avropanın kəsişməsində yerləşən Türkmənistanın bütün sahələrdə uğurları ilə regionda və dünyada nüfuzunu artırdığını bildirib.

Ölkələrimiz arasındakı dostluq münasibətlərini və strateji tərəfdaşlıq əlaqələrinə diqqət çəkən Q.Elyasov deyib: "Azərbaycan və Türkmənistan regionda əsas nəqliyyat qovşaqlarındandır. Ölkələrimiz təkcə siyasi və beynəlxalq müstəvidə deyil, bütün sahələrdə faydalı əməkdaşlıq edirlər. Parlamentlərarası əlaqələrimiz də yüksək səviyyədədir. Biz regional layihələrdə də birgə fəaliyyət göstəririk. Türkmənistan-Azərbaycan dostluğu, qardaşlığı bundan sonra daha da möhkəmlənəcək".

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Türkmənistan və Azərbaycanı ortaq tarix, dil, din və adət-ənənələr birləşdirir. Etnik, dərin tarixi köklərlə bir-birinə bağlı olan ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlığa əsaslanır.

Ölkələrimizin sülh və sabitliyin tərəfdarı olduqlarını vurğulayan nazir əməkdaşlıq əlaqələrinin dərinləşməkdə olduğunu qeyd edib. Vurğulayıb ki, bunda hər iki ölkə rəhbərinin qarşılıqlı səfərləri, qarşılıqlı etimad böyük rol oynayır.

Sahil Babayev Azərbaycan ilə Türkmənistan arasında ticarət dövriyyəsinin 3 dəfəyə yaxın artdığını diqqətə çatdırıb. Deyib ki, iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir və bir-birini dəstəkləyir.

Qardaş Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edən Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərdən danışıb və əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini deyib.

Türkmənistanın mədəniyyət naziri Atageldi Şahmuradov ölkəsinin müstəqilliyinin 32-ci ildönümü münasibətilə təşkil edilən tədbirdə iştirak etməkdən məmnunluğunu bildirib.

Azərbaycanın Zəfərini bütün türk dövlətləri kimi, Türkmənistanı çox sevindirdiyini deyən A.Şahmuradov Şuşanın TÜRKSOY-un mədəniyyət paytaxtı seçilməsinin önəmini vurğulayıb.

Nazir ölkələrimiz arasında əlaqələrin daha da dərinləşəcəyinə əminliyini ifadə edib.