Rumıniyalı parlamentarilər Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Digər xəbərlər

Rumıniyalı parlamentarilər Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycanda səfərdə olan Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolakonun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 27-də Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər güllər düzüb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər qoyulub.

Sonra Şəhidlər xiyabanına gələn rumıniyalı parlamentarilər ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.