Türkiyənin bölgədə geosiyasi gücü getdikcə artır
Türk dünyası

Türkiyənin bölgədə geosiyasi gücü getdikcə artır

Ötən həftə Kiprdə Yunanıstan, yunan Kipri və Ermənistan arasında müdafiə məsələləri ilə bağlı üçtərəfli görüş keçirilib və hərbi əməkdaşlığa dair proqram imzalanıb. Bu ölkələrin müdafiə nazirliklərinin nümayəndələri hərbi əməkdaşlığın gücləndirilməsini və təhlükəsizlik məsələlərini müzakirə etdikdən sonra ''bir sıra tədbirləri nəzərdə tutan" hərbi əməkdaşlıq sahəsində illik proqram təsdiqlənib. 

Ermənistanın Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir: "Tərəflər üç ölkənin müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyinin gücləndirilməsi üçün birgə addımlar atmağa hazır olduqlarını təsdiqləyiblər. Üçtərəfli hərbi əməkdaşlıq proqramına Ermənistan, Yunanıstan və Kiprdə bir sıra tədbirlərin keçirilməsi də daxildir". İrəvanın açıqlaması erməni və yunan mediası tərəfindən az qala "Ermənistan ordusunun güclənməsi istiqamətində möhtəşəm perspektivlər yaradan anlaşma" kimi qələmə verilsə də bu görüş rutin müzakirə edilən bir görüş olub.  Yunanıstanın təşəbbüsü ilə yaradılaraq Kipr və Ermənistanın cəlb olunduğu "Üçtərəfli kooperasiya proqramı" çərçivəsində növbəti tədbir olan Nikosiya müzakirələri, əslində 2021-ci ildə başlanmış fəaliyyətin məntiqi davamıdır. Üç ölkənin hərbi əməkdaşlığı illər əvvəl, Azərbaycan torpaqları işğal altında olanda başlayıb. Prezident İlham Əliyev hələ 2020-ci ilin sentyabr ayında Yunanıstanın yeni səfirini qəbul edən zaman bu məsələyə toxunaraq rəsmi Bakının narahatlığını ifadə etmişdi.

44 günlük İkinci Qarabağ müharibəsindən az sonra rəsmi Afina ermənilərə "hərbi-texniki yardım" etmək qərarına gəlmişdi. Yunanıstanın Müdafiə Nazirliyi Ermənistanla birbaşa hərbi əməkdaşlığın Avropa İttifaqı çərçivəsində təqdir edilməyəcəyini anladığından prosesə yunan Kiprini də qoşaraq "Üçtərəfli Kooperasiya Proqramı" adlı mücərrəd məqsədli format yaratmışdı. 2021-ci ildə Yunanıstan, yunan Kiprini və Ermənistanın xüsusi təyinatlı qüvvələrinin azsaylı mənsubları Kiprdə "Close Quarter Battle 2021" adlı birgə təlimlər də keçirmişdilər. Ermənistana hərbi-texniki dəstəklə bağlı Afina ilə Nikosiyada səslənən bəyanatlara və İrəvana verilən bol vədlərə baxmayaraq, ermənilər belə "kooperasiya"dan yalnız təlimlər, seminarlar, səfərlər və toplantılar qismində bəhrələnə bilərlər.

Avropa İttifaqı Ermənistana hərbi yardımlar etmək, silah və hərbi texnika satmaq niyyətində deyil. Yunanıstanın birbaşa təkidlərindən sonra Ermənistan rəhbərliyi Brüsselə üz tutaraq "Avropa Sülh Vasitəsi" ("European Peace Facility", EPF) proqramı çərçivəsində hərbi-texniki dəstək və müvafiq maliyyə yardımları almaq, bu minvalla ordusunun qalıqlarını qismən də olsa, silahlı qüvvələr halına gətirmək istəyirdi. Hətta bu günlərdə Ermənistan parlamentinin sədri Alen Simonyan bəyan edib ki, Avropa İttifaqı (Aİ) tərəfdaşlarının müdafiə qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş xüsusi fonddan Ermənistana hərbi yardım göstərməkdən imtina edib. Onun sözlərinə görə, Varşavada Polşa prezidenti Anjey Dudadan imtina cavabı alıb. O bildirib ki, Ermənistan hökuməti inkişaf etməkdə olan ölkələrə hərbi texnikanın alınmasına kömək etmək üçün Aİ-nin 2021-ci ildə yaratdığı Avropa Sülh Fondundan (EPF) "texniki yardım" istəyib: "Bu mexanizm vasitəsilə Avropa İttifaqı Ukrayna, Moldova və Gürcüstana yardım ayırır. Təəssüf ki, Ermənistanın tələbi Aİ-nin Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılması üçün vasitəçilik səyləri göstərməsi, həmçinin "münaqişənin həssaslığı" əsas gətirilərək rədd edilib".

Aİ və NATO-nun üzvü olan Yunanıstan isə fərqli hərəkət edir. Ermənistanla hərbi əməkdaşlığı inkişaf etdirir, bununla da İttifaqın birgə qərarına qarşı çıxmış olur.  Digər tərəfdən, Şərqi Aralıq dənizi məsələsini nəzərə aldıqda, Yunanıstan, Kipr və Ermənistan ittifaqı həm də Türkiyəyə qarşı yönəlir. ''Azərbaycan 44 günlük müharibə nəticəsində öz torpaqlarını işğaldan azad etsə də, Ermənistanla sülh müqaviləsi imzalanmayıb, sərhəd məsələsi qalıb, Qarabağda çox sayda qanunsuz erməni silahlı dəstələri var. Yəni bölgədə qarşıdurma riskləri mövcuddur. İrəvanın mütəmadi olaraq hərbi təxribatlara əl atması da söylənənləri sübut edir. Belə olan halda, əlbəttə ki, bu cür addımlar regional təhlükəsizliyə, sabitliyə təhdid yaradır, Azərbaycan-Ermənistan normallaşma prosesi üzrə aparılan danışıqların gedişinə mənfi təsir göstərir. Ermənistanın bununla danışıqlarda güclənmək niyyətini görmək də çətin deyil. Amma İrəvan anlamalıdır ki, nə etməsindən asılı olmayaraq, vaxtı daralmaqdadır''. Bu fikri açıqlamasında siyasi ekspert Bilgehan Öztürk söyləyib.  O deyib ki, Kiprin Ermənistan və Yunanıstanla hərbi əməkdaşlığı Türkiyə və Azərbaycan baxımından yanaşdıqda, böyük bir təhdid kimi görünmür: "Lakin bu, xüsusilə Aralıq dənizdə və Egey dənizdə, Mavi vətəndə təbii resursların çıxarılması, paylanması, logistika, gəlirlərin bölüşdürülməsində və hansı qaynaqların kimə aid olması məsələsində irəlidə təbii ki, sıxıntılar yarada bilər. "Mavi Vətən" Türkiyənin milli təhlükəsizliyi və iqtisadi gələcəyinin firavanlığı üçün bir  layihədir. Şərqi Aralıq dənizindəki enerji resurslarının ədalətli bölüşdürülməsini özündə ehtiva edir. Bu, üç dövlət Fransa başda olmaqla digər güclər tərəfindən maliyyələşdirilərək Türkiyə və Azərbaycana qarşı bir araya gətirilmiş ittifaqdır. Bunun başında Fransanın dayanması şübhəsizdir, amma təəccüblü deyil. Çünki Türkiyə və Azərbaycana qarşı hansı daşı qaldırsaq, altından Fransa çıxır. Dediyim kimi, bu ittifaq Azərbaycan və Türkiyəyə bir təhdid yaratmır, amma Türkiyənin Aralıq dənizində və Egey dənizdə işlərinə təsir göstərə bilər. Bu cür addımlar bizə bir daha dostumuzu və düşmənimizi tanımaqda, ayırd etməkdə fürsət verir".

B.Öztürk əlavə edib ki, Yunanıstan və Ermənistan bir tərəfdən Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmaq istəyini ifadə edir, digər tərəfdən, bizə qarşı hərbi sahədə addımlar atırlar: "Bu, həmin dövlətlərin səmimi, dürüst, sözünü tutan, güvənli, uzunmüddətli işbirliyi qurulacaq tərəflər olmadığını göstərir. Bu dövlətlər dünyada da belə bir imicə sahibdirlər. Başqa sözlə, bir yandan barış üçün görüşlər keçirərkən, digər tərəfdən hərbi ittifaqa girməyə, Türkiyə və Azərbaycan əleyhinə addımlar atmağa doğru hərəkət edirlər. Yunanıstan onsuz da əvvəldən Ermənistanı həm silah-sursatla, həm də hərbi təlimlərlə dəstəkləyib. Əslində, bu addımları Türkiyə-Azərbaycan-Şimali Kipr arasında Türk Dövlətləri İttifaqı kontekstində əldə olunan inkişaflara, Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında yaxın işbirliyi, əlaqələr, ziyarətlərin artmasına bir reaksiya kimi də dəyərləndirmək mümkündür".

Siyasi ekspert Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün ABŞ-ın, Avropa İttifaqının səylər göstərdiyi bir vaxtda, Ermənistanın bu cür hərəkətlərinin regionda sülhə və təhlükəsizliyə hansı maneələr yaratmasına da toxunub. Onun sözlərinə görə, Ermənistanın sülh anlaşması bağlamaq kimi bir niyyəti var: "Amma Ermənistan dövləti 5-6 fərqli gücün təsiri altındadır. Ermənistandakı sülh istəməyən qüvvələr, əli qana batmış qatillər, başqa dövlətlərin əlaltıları  olan güclər provokativ terror fəaliyyətlərini davam etdirirlər. Belə olan halda istənilən barışa, sülhə nail olmaq mümkün deyil".

B.Öztürk deyib ki, Afinanın əsas məqsədi Türkiyənin bölgədə artan geosiyasi gücünün qarşısını almaqdır. Yunanıstan bunun üçün effektiv rıçaqlara yiyələnmək məqsədilə Ermənistandan istifadə edir və  Fransanın yol verdiyi kobud səhvləri təkrarlayır.

Esmira Yazkan ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.