Türkiyəli idmançılara hədiyyələr təqdim olunub
Digər xəbərlər

Türkiyəli idmançılara hədiyyələr təqdim olunub

İrəvanda qızıl və gümüş medal qazanaraq böyük nailiyyətlərini Azərbaycana həsr edən  Cansu Bektaş, Qamze Altun və Nuray Güngörü  Azərbaycanın Türkiyədəki səfirliyinə dəvət olunub.  Bununla bağlı  təşkil olunmuş mərasimdə  Avropa Ağırlıqqaldırma çempionatında qızıl və gümüş medallar qazanaraq qələbələrini ölkəmizə həsr edən Cansu Bektaş, Qamze Altun və Nuray Güngörə,  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən göndərilmiş hədiyyələr və təbrik məktubları təqdim olunub. 

Azərbaycan Milli Məclisinin Gənclər və İdman Komitəsinin üzvü Vüqar İsgəndərov, Türkiyə Ağırlıqqaldırma Federasiyasının Prezidenti Talat Ünlü, Federasiyanın vitse-prezidentləri Taner Sağır və Yasin Arslan, məşqçi Gökhan Kuşçuoğlunun iştirak etdiyi mərasimdə, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, dövlət başçısı və xanımının hədiyyələrini və təbrik məktublarını idmançılara təqdim edərək Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın gənc idmançıları Azərbaycana dəvət etdiyini onlara çatdırıb.

Çıxışlarda bildirilib ki, Azərbaycan və Türkiyə hər zaman və hər sahədə olduğu kimi, İrəvanda təşkil olunan Avropa Ağırlıqqaldırma   Çempionatında da "bir millət, iki dövlət" olduğunu bütün dünyaya sübut etdi. Türkiyəli gənc idmançıların öz qələbələrini məhz Azərbaycana həsr etmələri də bunun bariz göstəricisidir. İrəvanda Azərbaycan bayrağının yandırılmasına etiraz olaraq, milli komandamız yarışda iştirak etməsə də, türk idmançıların qələbəsi həm də Azərbaycanın qələbəsidir. Azərbaycanın dövlət başçısı və birinci xanımının gənc idmançılara göstərdiyi xüsusi diqqət də bu qələbənin Azərbaycan xalqı üçün əhəmiyyətini ifadə edir.

Mərasimdə  Cansu Bektaş, Qamze Altun və Nuray Güngör fikirlərini ifadə edərək,  Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və bütün Azərbaycan xalqına öz təşəkkürlərini ifadə ediblər. Bildiriblər ki, İrəvanda Azərbaycana qarşı yol verilmiş haqsızlıq onların qələbə əzmini artırıb və onlar bu haqsızlığa etiraz əlaməti olaraq qələbələrini Azərbaycana  həsr ediblər. Gənc idmançılar Azərbaycana olan sevgilərini dilə gətirərək ən qısa zamanda Azərbaycana  səfər edəcəklərini bildiriblər.

Onu da qeyd edək ki,   səfir Rəşad Məmmədov,  Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən   Türkiyədə baş vermiş dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasına verdiyi dəstəyə görə "Dövlətə xidmətə görə" medalı ilə təltif edilib.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.