Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Anadolu Agentliyi": Rusiya Azərbaycana və Ermənistana sülh prosesində kömək etməyə hazırdır

Türkiyə mətbuatı yayımladığı xəbərdə Dmitri Peskovun ifadələrinə yer verib: "Bizim üçün iki tərəfdaş və müttəfiqin bu müqaviləni mümkün qədər tez imzalaması olduqca vacibdir".

Kremlin sözçüsü bildirib ki, Rusiya Azərbaycan və Ermənistana sülh müqaviləsi üzrə işləri yekunlaşdırmaqda kömək etməyə hazırdır. Dmitri Peskov "İzvestiya" telekanalına deyib: "Əslində, hər iki tərəf son vaxtlar dəfələrlə səylərini başa çatdırmağa, sülh müqaviləsi üzrə işi yekunlaşdırmağa hazır olduqlarını bəyan ediblər. Rusiya onlara kömək etməyə hazırdır".

"Bizim üçün çox vacibdir ki, bizim iki tərəfdaşımız və müttəfiqimiz təkcə Müstəqil Dövlətlər Birliyi çərçivəsində deyil, həm də yüksək səviyyəli ikitərəfli münasibətlərimiz çərçivəsində bu müqaviləni mümkün qədər tez imzalasınlar".           

Belarus XİN: Azərbaycanın mədəniyyət naziri Belarus səfiri Andrey Ravkovla görüşüb

Belarus Xarici İşlər Nazirliyindən verilən məlumata görə, 26 dekabr 2023-cü il tarixində Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov mədəniyyət naziri Adil Kərimli ilə görüşüb. Görüş zamanı tərəflər 2024-cü ildə Azərbaycanda Belarus Mədəniyyəti Günlərinin keçirilməsi perspektivlərini və digər cari əməkdaşlıq məsələlərini müzakirə ediblər.     

"Mehr News Agency": Azərbaycan və İran XİN başçıları Cənubi Qafqazdakı hadisələri müzakirə ediblər

Telefon danışığı zamanı İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının gedişini alqışlayıb və Ermənistana gözlənilən səfərinə toxunub.

Bu barədə "Mehr News Agency" xəbər saytı məlumat yayıb. Ceyhun Bayramov isə öz növbəsində İran İslam Respublikasının konstruktiv mövqelərini yüksək qiymətləndirməklə yanaşı, Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar prosesini müsbət qiymətləndirib. Həmçinin tərəflər bu ilin son günlərində açılışı baş tutan Həştərçay sərhəd körpüsünün iki ölkə arasında ticarət əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayacağını qeyd ediblər.

"Voa News": Azərbaycan iki fransız diplomatı "arzuolunmaz şəxs" elan edib

"Voa News" xəbər saytı yazır ki, Fransa səfirliyinin iki əməkdaşı diplomatik statuslarına uyğun olmayan və "Diplomatik əlaqələr haqqında" 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən "persona-non-grata" (arzuolunmaz şəxs) elan olunub. Məsələ Fransa səfirinin diqqətinə çatdırılıb, həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq notası Fransa səfirinə təqdim olunub.

BNN: Azərbaycan azad edilmiş əraziləri turizmə açır - Münaqişədən sonrakı reinteqrasiyada yeni fəsil

BNN xəbər agentliyi işğaldan azad olunan ərazilərin turizm potensialı ilə bağlı məqalə dərc edib. Qeyd edilib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərinin reinteqrasiyası istiqamətində qətiyyətli addımlar atır, həm yerli, həm də xarici turistləri bu bölgələrə səfərə dəvət edir. Bu addım təkcə turizm üçün yeni fəsil deyil, həm də Azərbaycanın əvvəllər Qarabağ münaqişəsinə qarışmış bölgələrində həyatı normallaşdırmaq üçün davam edən səylərini simvollaşdırır.

Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan işğaldan azad edilmiş ərazilərini öz vətəndaşlarına və xarici turistlərə açır. Təşəbbüs turizm sənayesini cavanlaşdırmaq və yerli iqtisadiyyatı gücləndirmək məqsədi daşıyır. Suqovuşan qəsəbəsinə qrup səfərləri qeydiyyatdan keçmiş turizm şirkətləri tərəfindən əlaqələndiriləcək.

"Respublika".