Türkiyə: növbəti sınaq qarşısında
MÜSAHİBƏLƏR

Türkiyə: növbəti sınaq qarşısında

İnanırıq ki, müdrik türk xalqı bu seçkilərdə də hazırkı iqtidarı dəstəkləyəcək

Azərbaycan-Türkiyə əlaqələrinin qədim tarixi var. Xalqlarımız tarixin ən çətin məqamlarında həmişə bir-birinin yanında olub. Həyatın bütün sahələrində, eyni zamanda elm, təhsil sahəsində də qarşılıqlı əlaqələr qurulub. Bakı Dövlət Universitetinin kafedra müdiri, professor İsmayıl Əliyev 1994-cü ildə 5 ay TUBİTAK-DOPROK (NATO) proqramı üzrə Türkiyə Respublikasının Marmara Universitetində (İstanbul), 1997-2000-ci illərdə isə sözləşmə (müqavilə) ilə Türkiyənin 100-cü Yıl Universitetində (Van) çalışmışdır. Bu günlərdə onunla görüşüb Azərbaycan-Türkiyə münasibətləri mövzusu ətrafında söhbət etmişik. Həmin müsahibəni oxuculara təqdim edirik:

–Bildiyimiz kimi, hazırda yeni dünya düzəni formalaşmaqdadır. Bu fonda Türkiyənin mövqeyini necə qiymətləndirirsiniz?

–Hazırda dünyada 200-ə yaxın dövlət, 7 min 104 millət, xalq vardır. 53 milyon insanın ölümünə bais olan İkinci Dünya müharibəsi 1945-ci ildə bitdikdən sonra yeni dünya düzəni formalaşmağa başladı. Dünyanın altıdabir hissəsini tutan SSRİ və sosialist dövlətləri ilə kapitalist dövlətləri arasında rəqabət yarandı. 1991-ci ildə SSRİ dağıldıqdan sonra dünya yenidən təlatümə gəldi. SSRİ 15 yeni dövlətə parçalandı. Bəzi keçmiş SSRİ dövlətləri arasında ziddiyyətlər, müharibələr başladı. Bu münaqişələrdən biri də Cənubi Qafqazda Azərbaycan ilə Ermənistan arasındakı Qarabağ problemi idi. Ermənistan keçmiş SSRİ ordusunun iştirakı ilə Azərbaycanın dilbər guşəsi keçmiş Dağlıq Qarabağı, onun ətrafındakı 7 rayonumuzu işğal etdi. 30 ilə yaxın torpaqlarımızın 20 faizi işğal altında qaldı. Azərbaycan torpaqlarını öz gücünə azad etsə də, iki ölkə arasında hələ də sülh müqaviləsi bağlanmayıb. Keçən il fevral ayının 24-dən Rusiyanın Ukraynaya qarşı başladığı müharibə dünyanın sülhsevər insanlarının narahatlığını artırdı. Bu, eyni millətdən olan iki dost dövlətin müharibəsi deyil, kollektiv qərb (Avropa və NATO) ilə Rusiyanın müharibəsidir. Bu yuxarıda deyilənlər gələcək dünya düzəninin necə formalaşacağı barədə qəti fikir söyləməyə imkan vermir.

–Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, dünya 5-dən böyükdür. Cənab Prezident İlham Əliyev bu fikrə istinadən deyib ki, BMT TŞ-nin daimi üzvlərinin sayı artırılmalıdır. Rotasiya qaydası üzrə Qoşulmama Hərəkatı, İƏT üzvlərindən və Afrika qitəsindən 1 ölkə daimi üzvlüyə alınmalıdır.

–BMT 1945-ci il oktyabr ayının 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılmışdır. Hazırda bu təşkilatın 193 üzvü var. BMT-nin əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmləndirmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası - BMT-nin daimi fəaliyyət göstərən ali orqanlarından biridir, bu qurumun Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. Şuranın BMT-yə daxil olan dövlətlərdən 15 üzvü var. Onlardan 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ), 10-u qeyri-daimi üzvdür. Şuranın hər bir üzvü bir səsə malikdir. Beləliklə, prosedur məsələlərinə dair qərarlara Şuranın 9 üzvü lehinə səs verdikdə qəbul olunmuş sayılır.

Azərbaycan 2 mart 1992-ci ildə BMT-nin üzvlüyünə qəbul edilmiş, həmin ildə BMT yanında Azərbaycan Respublikasının Daimi nümayəndəliyi açılmışdır.

2011-ci il  oktyabrın 24-də Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, 2012-ci il mayın 1-dən etibarən isə BMT TŞ-yə sədrlik estafetini ABŞ-dan almış və bir ay sonra - iyunun 1-də isə sədrliyi Çinə ötürmüşdür.

Bildiyiniz kimi, dünyada BMT-dən sonra ən böyük təşkilat Qoşulmama Hərəkatı özündə heç bir hərbi bloka tərəf olmadığını bildirmiş 120 dövləti, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirir.

Azərbaycan Respublikası 26 may 2011-ci il tarixindən QH-yə tamhüquqlu üzv qəbul olunmuş, 2019-2022-ci illər təşkilata sədrlik etmiş, hərəkata uğurlu sədrliyini nəzərə alaraq Azərbaycanın sədrliyi əlavə 1 il, 2023-cü ilin sonuna kimi uzadılmışdı.

Dünyada üçüncü ən böyük təşkilat İslam Əməkdaşlıq Təşkilatıdır. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) 1969-cu ildə Rabatda (Mərakeş) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılaraq İslam Konfransı Təşkilatı (İKT) kimi, 2011-ci ildən isə İƏT kimi fəaliyyət göstərib. Hazırda Azərbaycan Respublikası İƏT-in ən aktiv və nüfuzlu üzvlərindən biridir. İƏT həmişə Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı bəyanatlar qəbul edərək, Azərbaycanın haqq işini dəstəkləmişdir.

Bütün bu deyilənləri nəzərə alıb, həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də Azərbaycan Prezidenti İlham Əliyev müasir dünyanın yeni düzənində tamamilə bir çox dövlətlər tərəfindən dəstəklənən təkliflər vermişlər: BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayı artırılmalı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı üzvlərindən və Afrika qitəsindən 1 ölkə Təhlükəsizlik Şurasının daimi üzvlüyünə seçilməlidir. Hətta mən deyərdim ki, Türk Dövlətlər Birliyindən də bir dövlət Təhlükəsizlik Şurasının daimi üzvü olmalıdır. Qloballaşan dünyada bu, hökmən lazımdır.

–Fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün Azərbaycan qardaş ölkəyə yardımlarını əsirgəmədi. Biz bir daha bir-birimizin yanında olduğumuzu dünyaya bəyan etdik.

– Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər oldu.

Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib.

Bu günə qədər 45 milyon ABŞ dollarından artıq maliyyə vəsaiti AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır. Qardaş ölkəyə yardımlar davam etməkdədir. Dövlətimiz "Türkiyə və Suriyadakı insanlar üçün birlikdə" beynəlxalq donorlar konfransında yenidənqurma işləri üçün 100 milyon dollar məbləğində yardım ayırdığını elan etdi. Edilən maddi yardım sayəsində dağılan yaşayış binaları, sosial obyektlərin və təhsil ocaqlarının bir qismi yenidən bərpa ediləcək.

Türkiyədə 2023-cü il fevralın 6-da baş vermiş zəlzələ bütün Türk dünyasını, tərəqqipərvər bəşəriyyəti dərindən sarsıtdı. Zəlzələdən dərhal sonra görülən çevik tədbirlər nəticəsində bir çox insanın həyatı xilas olundu. Qardaş Türkiyədə çoxsaylı insan tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələnin fəsadları aradan qaldırılır. Türk xalqı əsrlər boyu qarşılaşdığı hər çətinlikdən uğurla çıxıb. Əminəm ki, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə bu dəfə də zəlzələnin fəsadlarını ən qısa vaxtda uğurla aradan qaldıracaqdır.

–Prezident Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, bu gün Türkiyə xalqı seçim qarşısındadır. Mayın 14-də Türkiyədə prezident seçkiləri keçiriləcək. Əminik ki, Türkiyə xalqı ölkənin gələcəyini fikirləşərək hazırkı iqtidara səs verəcək.

–Dünyada baş verənlərdən aydın görünür ki, Türkiyə dövləti ətrafında cərəyan edən hadisələr təkcə Prezident Rəcəb Tayyib Ərdoğan və onun komandası ilə bağlı deyil. Nə olsun ki, bütün ittihamlar Ərdoğan, onun komandasına, yaxınlarına yönəlib. Hədəfdə düşmənlərimizin gözü götürə bilmədiyi qardaş Türkiyə dövləti var.

Dünyaya hegemonluq iddiasında olan güclər 7 bölgəsi, 81 vilayəti, ümumilikdə 780 min km2 ərazisi, 85 milyondan çox əhalisi olan qos-qoca dövlət olan Türkiyənin varlığını həzm edə bilmirlər. İmperialist güclərə, dünya nizamını öz mənafelərinə istiqamətləndirmək istəyən qüvvələrə bugünkü Türkiyə deyil, gücdən düşmüş, parçalanmış, zəif Türkiyə, Rəcəb Tayyib Ərdoğan kimi deyil, "üzüyola", öz müstəqil fikri olmayan prezident lazımdır. 2016-cı il 15 iyulda dövlət çevrilişinə cəhd də eyni planın tərkib hissəsi idi.

Düşünürəm ki, Ərdoğanın bu seçkilərdə istefa verib kənara çəkilməsi və ya prezident seçilməməsi Türkiyənin dərin bir uçuruma yuvarlanmasına səbəb olar. Çünki bu gün o, yalnız ölkədə deyil, həm də dünyada alternativsiz liderdir. Ərdoğan Türkiyə, Türkiyə Ərdoğan deməkdir.

Ərdoğan "...dünya 5-dən böyükdür"..., Avropa Birliyi bizi qəbul etmirsə, bizim də ora üzvlük üçün ürəyimiz getmir" kimi həqiqi sözlərilə çıxış etdiyi üçün qəzəbə tuş gəlir. Türkiyəyə Ərdoğanın və ya başqa birinin liderlik etməsi xarici qüvvələrin Türkiyəyə münasibətlərini dəyişməyəcək. Onlar ortada 700 illik tarixi olan Osmanlının hökmranlıq tarixini unuda, yeni Türk Dünyası Dövlətlər birliyinin yaradılmasını həzm edə bilmirlər. Amma onlar unutmasın ki, haqq nazilər, amma üzülməz. Cənab Rəcəb Tayyib Ərdoğanın işi haqq işidir. Haqq isə həmişə qalib gələcək.

–Cənab Prezident TDT-də çıxışında söylədi ki, "Türkiyə son 20 ildə Cümhurbaşqanı R.T.Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşır və ona hörmət edirlər".

–Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edib, böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir.

Türkiyə Respublikası bu gün bütün sahələrdə böyük nailiyyətlər qazanmış, beynəlxalq aləmdə söz sahibi olmuş, nüfuzlu, güclü və qüdrətli dövlətə çevrilmişdir. Bu gün siyasi, iqtisadi, hərbi, texnoloji və digər sahələrdə əldə etdiyi nailiyyətlərə görə dünya dövlətləri arasında qüdrətli yerlərdən birini tutmuşdur.

Bu gün Türkiyə NATO-nun sadəcə üzvü deyil, həm də orada ikinci güclü ordusu olan ölkədir. Eyni zamanda son dərəcə mürəkkəb proseslərin cərəyan etdiyi regionda sülhün və dünyada sabitliyin bərqərar olması, haqqın və ədalətin müdafiəsi istiqamətində qətiyyətli mövqeyinə görə beynəlxalq aləmdə yüksək nüfuz və hörmət qazanmışdır. Əvvəllər müdafiə sənayesində xaricdən daha çox asılı olan Türkiyə artıq milli gəmisini, tankını, radar aparatları, insansız hava aparatlarını özü istehsal edir, kosmosa peykini göndərir.

Bəli, tamamilə doğrudur, Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar. Bütün bunlar isə Türk dünyasının güclənməsində önəmli şərtdir.

–Azərbaycan-Türkiyə münasibətlərinin perspektivləri barədə fikirlərinizi bilmək maraqlıdır.

–XX əsrin əvvəllərində Türkiyə Cümhuriyyətinin yaradıcısı Atatürk: "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir", XX əsrin sonlarında isə Azərbaycan Prezidenti Heydər Əliyev "Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir" - demişlər.

Dünyaşöhrətli dahilərin müdrik tövsiyələrini hər iki dövlət özlərinin həyat proqramı qəbul edərək, atalar demişkən, bütün sahələrdə: "çəkici bir yerə vururlar". Türkiyə ilə Azərbaycan arasında 2021-ci ilin iyununda imzalanan Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırmışdır. 

Azərbaycanla Türkiyənin birgə reallaşdırdığı nəhəng layihələr dünya miqyasında mühüm əhəmiyyətə malikdir. Bunlardan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri qlobal miqyasda ən uğurlu enerji layihələri arasındadır. Onurğa sütununu TANAP-TAP təbii qaz boru kəməri təşkil edən Cənub Qaz Dəhlizi sayəsində Türk dövlətləri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar. Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: "Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü isə Türkiyənindir". Prezident Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlarımıza Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla üç dəfə səfər etmişdir.

İşğaldan azad olmuş ərazilərdə yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur.

Bütün bu nailiyyətlərin əsasında müstəqil siyasət yeridən, müdrik, qeyrətli və təəssübkeş, Türk dünyasının lideri - Rəcəb Tayyib Ərdoğanın gərgin, titanik fəaliyyəti durur. Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə həyata keçirilən islahatlar, görülən işlər Türk dünyasına yeni-yeni uğurlara gətirəcəkdir.

–Müsahibə üçün təşəkkür edirik.

Musa BAĞIRLI,

"Respublika".