Türkiyə bölgədə sülh və sabitliyi təşviq edir
Siyasət

Türkiyə bölgədə sülh və sabitliyi təşviq edir

Məlum olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il iyulun 12-də NATO liderlərinin toplantısında iştirak edib. NATO liderlərinin sammitindən sonra mətbuat konfransında jurnalistlərə açıqlamalar verən Türkiyə lideri Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən bir sıra məsələlərə də toxunub.

Qardaş ölkənin lideri bildirib ki, 2025-ci ildə Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi müddəti başa çatır və bu müddət bitdikdən sonra onlar bu əraziləri tərk etməlidir. Ərdoğanın bu çıxışı Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın narahatlığına səbəb olub. Zaxarova Türkiyə Prezidentinin söylədiklərinə cavab olaraq sülhməramlı kontingentin Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr Bəyanatına uyğun olaraq ərazidə yerləşdirildiyini və həmin sənəddə sülhməramlıların regionda qalma müddətinin də göstərildiyini xatırladıb. Bundan başqa, xanım diplomat səlahiyyətlərin 5 il müddətinə uzadıla biləcəyini də diqqətə çatdırıb. Zaxarova deyib ki, Ankara Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının tərəfi deyil və məhz bu sənəd əsasında Rusiyanın sülhməramlı kontingenti Qarabağa yerləşdirilib və sənəddə həm kontingentin regionda qalma müddətləri, həm də onun növbəti beşillik müddətə mümkün uzadılmasının parametrləri aydın şəkildə göstərilib. "Rusiya sülhməramlıları Qarabağda mühüm sabitləşdirici rol oynamaqda davam edir. Onların əsas funksiyası atəşkəs rejiminə riayət etməkdir. Regionda davam edən gərgin vəziyyəti nəzərə alsaq, onların işi həmişə olduğu kimi vacibdir", - deyə Zaxarova bildirib. Bəs Qarabağ ərazisində sülhməramlı kontingentin olmasına baxmayaraq nələr baş verib? İlk olaraq xatırladaq ki, onların Qarabağda olması Ermənistanın qanunsuz fəaliyyətlərini dayandıra bilməyib. Bu yaxınlarda yenə qərb qonşumuzun humanitar yardım adı ilə silah daşıması onu göstərir ki, Rusiya da üçtərəfli Bəyanata əməl etmir.

Qardaş ölkə Türkiyəyə gəldikdə isə dövlətlərimiz arasındakı münasibətlər bütün dünyaya məlumdur. Qədim tarixə malik olan əlaqələri və Türkiyənin İkinci Qarabağ savaşında Azərbaycana göstərdiyi dəstəyi nəzərə alsaq, qardaş ölkənin Qarabağ məsələsində söz haqqına sahib olduğunu deyə bilərik. Müharibə iki il yarımdır ki, bitib və hazırda ən vacib məsələ sülhün təminatıdır. Türkiyə onsuz da regionda sülhün təminatına şərait yaradan aparıcı dövlətlərdəndir. Başqa sözlə desək, Türkiyə həm də Azərbaycanın ərazi bütövlüyünün təminatçısıdır. Türkiyə, həmçinin bölgələrin minalardan və partlayıcı maddələrdən təmizlənməsi, yolların çəkilişi, infrastrukturun yenidən qurulması prosesində də fəal iştirak edir. Yəni Türkiyənin məsələyə münasibət bildirməsində qeyri-adi heç nə yoxdur. Lakin bəzi dövlətlər Türkiyənin prosesdəki fəal iştirakından narahatdır. Amma Azərbaycan və Türkiyə arasındakı münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir.

Bir məqamı da xatırlatmaq lazımdır ki, Kreml bu açıqlamanı verərkən, iki məsələni gözdən qaçırıb. İlk olaraq, Bəyanatı imzalayanlardan biri kimi Prezident İlham Əliyev dəfələrlə çıxışlarında sülhməramlıların onlara verilən vaxt tamam olduqda gedəcəklərini bəyan edib. Hazırda cərəyan edən hadisələr onu göstərir ki, Azərbaycan üçtərəfli razılaşmanın 4-cü bəndində qeyd olunduğu kimi, sülhməramlı missiyanın bitmə müddətinə 6 ay qalmış buna xitam verilməsi üçün müraciət edəcək. İkincisi isə Bakı ilə Ankara arasında hərbi əməkdaşlıq sahəsində imzalanan müqavilələr, ən əsası Şuşa Bəyannaməsi Türkiyənin bu məsələyə münasibət bildirməsinə hüquqi cəhətdən imkan verir.

Nəzrin ELDARQIZI,

"Respublika".