Dostluq və qarşılıqlı əməkdaşlıq uğurla davam etdirilir
Siyasət

Dostluq və qarşılıqlı əməkdaşlıq uğurla davam etdirilir

Qardaş Tatarıstan Respublikaısının Rəisi Rüstəm Minnixanovun Azərbaycana səfəri həm iqtisadi, həm də siyasi baxımdan mühüm tarixi hadisə idi. Prezident İlham Əliyev ali qonaqla birlikdə Zəngilan rayonunun Ağalı kəndində olub, sakinlərlə görüşüb. Kəndlə tanışlıq gəzintisinin ardından dövlət rəhbərləri burada rəsmi görüş keçirərək qarşılıqlı müzakirə aparıblar.

"Mən bizim həm Kazanda, həm də Bakıda görüşlərimizi məmnuniyyətlə yada salıram. Şadam ki, Sizinlə müəyyən etdiyimiz hər şey, o cümlədən "Araz Vadisi" Sənaye Parkının birinci obyekti, - bu, qardaş Tatarıstanın obyektidir, - icra olunur. Yəni biz ərazilərin bərpası işinə belə münasibətə görə çox minnətdarıq. Əlbəttə ki, biz müəyyənləşdirdiyimiz əməkdaşlıq proqramının tam həyata keçəcəyinə ümidvarıq". Bunu Prezident İlham Əliyev Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşdə deyib. Qeyd edib ki, sənaye kooperasiyasında, energetikada, neft-qaz sahəsində perspektivlər böyükdür. Təbii ki, mədəni əməkdaşlıq da çox vacib sahədir. Bu, Rusiya və Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə böyük töhfədir və dövlətlərarası səviyyədə planlaşdırdığımız, həyata keçirdiyimiz hər bir məsələ kimi çox səmərəli, dinamik şəkildə inkişaf edir.

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Tatarıstan ilə yenidən ikitərəfli əməkdaşlıq başlanılıb. 1996-cı ildə Azərbaycan Prezidenti Heydər Əliyev və Tatarıstan Prezidenti Mintimer Şaymiyev tərəfindən ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalanıb. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Tatarıstanın Rəisi Rüstəm Minnixanov iki dost respublikalar arasında qarşılıqlı əməkdaşlığı uğurla davam etdirirlər.

Son illərdə Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətləri digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də uğurla inkişaf edir. Azərbaycanın Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Tatarıstan Respublikası ilə səmərəli qarşılıqlı əməkdaşlıq münasibətləri var. Yük maşınlarının istehsalı üzrə dünyanın aparıcı şirkətlərindən olan "KamAZ"ın Cəbrayılda "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi ilə birgə servis mərkəzinin yaradılması bunun göstəricisidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqlarımızın işğaldan azad edilməsi kənd təsərrüfatı texnikasına, eləcə də digər texnikalara və texniki xidmətlərə tələbatı artırıb.

Qeyd edək ki, layihə bu ilin iyul ayında Rusiya şirkətlərinin nümayəndələrinin Azərbaycana işgüzar missiyası çərçivəsində "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi ilə "KamAZ" ASC arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq "KamAZ" avtomobil zavodu ilə birlikdə həyata keçiriləcək. "KamAZ" ASC-nin "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi ilə birgə layihəsinə 2014-cü ildə start verilib. "KamAZ"ın ilk partiyası 2015-ci ildə buraxılıb. Hazırda orada 8 model "KamAZ" buraxılır və indiyədək 1000-dən çox maşın istehsal olunub. Əməkdaşlığın inkişafı ilə bağlı perspektiv planlar da var. Belə ki, Rusiya bankının maliyyəsinin cəlb edilməsi ilə gələcəkdə lizinq şirkətinin, ehtiyat hissələri üzrə regional anbarların yaradılması, mövcud xidmət mərkəzlərinin müasirləşdirilməsi nəzərdə tutulur. Bundan başqa, Cəlilabad, İsmayıllı və İmişlidəki servis mərkəzləri modernləşdiriləcək. Zəngəzur dəhlizinin işə düşməsi ilə yükdaşımalarının həcmi artacaq. Qarabağın turizm imkanlarının bərpası üçün Tatarıstan Azərbaycanla turist mübadiləsinin artmasında maraqlıdır. Kazandan Bakıya birbaşa uçuşların mövcudluğu turizm əlaqələrinin genişlənməsində əhəmiyyət kəsb edir.

Xatırladaq ki, Rüstəm Minnixanovun 2015-ci ildə Azərbaycana səfəri çərçivəsində keçirilən biznes-forum zamanı Gəncədə "KamAZ" istehsalı, "Ansat" mülki helikopterlərin yığılması, neft-kimya sahəsində birgə istehsal məsələləri müzakirə olunub. Minnixanov ölkəmizə səfəri çərçivəsində Gəncə şəhərində olub və Gəncə Avtomobil zavodunda yığılan ilk "KamAZ" avtomobilinin istismara buraxılması münasibətilə keçirilən mərasimdə iştirak edib. 2015-ci ilin fevralında "Gəncə Avtomobil Zavodu" İB ilə Rusiyanın "KamAZ" ASC arasında "KamAZ" markalı avtomobillərin yerli şəraitdə sənaye yığımının təşkili ilə bağlı müqavilə imzalanıb. Gəncə Avtomobil Zavodunda qısa müddətdə yeni yığım xətti quraşdırılıb və ilk "KamAZ" avtomobillərin yığımı təşkil olunub. Xəttin istehsal həcmi ildə 1500 avtomobildir.

Tatarıstanla uğurlu inkişaf dinamikası iqtisadi və ticari əlaqələrdə müşahidə olunur. Belə ki,ötən il Tatarıstan-Azərbaycan ticarət dövriyyəsi 78 faiz artaraq 125 milyon dolları ötüb. Bu ilin ilk üç ayında qarşılıqlı ticarət dövriyyəsi 16 faiz artaraq 20,5 milyon dollar təşkil edib. Tatarıstan Azərbaycana kənd təsərrüfatı, əczaçılıq və kağız məhsulları ixrac edir. Öz növbəsində Azərbaycandan neft məhsulları, minerallar, meyvə-tərəvəz idxal olunur. Respublikalarımızı Volqa və Xəzər birləşdirir. Volqa-Xəzər hövzəsi fəal nəqliyyat və logistika imkanları yaradır.

Rusiya və Azərbaycan birgə müəssisəsi olan "Avto Lizinq Azərbaycan" MMC tərəfindən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının 3 hektar ərazisində texniki servis mərkəzi yaradılıb. Mərkəz yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət göstərilməsi sahəsində hab rolunu oynayacaq. Mərkəzdə texniki xidmət bloku, təmir emalatxanası, gözləmə zalı, tədris otağı, anbar, portal tipli avtoyuma məntəqəsi və xidməti otaqlar yaradılıb. Texniki təmir emalatxanasında mühərriklərin və digər aqreqatların, elektrik avadanlıqlarının, pnevmatik və hidravlik qurğuların təmiri sahələri, daxili yanma mühərriklərinin yuyulması məntəqəsi fəaliyyət göstərəcək. Burada, həmçinin mehmanxana, ehtiyat hissələri mağazası və digər xidmət sahələri istifadəyə verilib. Bununla yanaşı, Mərkəzdə mobil təmir və texniki servis briqadaları da fəaliyyət göstərəcək ki, bu da işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan bütün texnikalara yerində xidmət göstərməyə imkan yaradacaq. Görüşlərdən sonra İlham Əliyev və Rüstəm Minnixanovun birlikdə Zəngilan Hava Limanından Bakıya yola düşmələri də xüsusi rəmzi məna daşıyır.

Mustafa KAMAL,

"Respublika".