Türkiyə 2-ci kosmos səyahətini uğurla tamamladı
Türk dünyası

Türkiyə 2-ci kosmos səyahətini uğurla tamamladı

Türkiyənin ikinci astronavtı Tuva Cihangir Atasever suborbital uçuşunu tamamlayıb. Ataseverin kosmos ekspedisiyası İstanbul, Aksaray, Ankara, Bursa, Ərzurum, Qaziantep, Kayseri, Kocaeli, Konya və Samsundakı TÜBİTAK elm mərkəzlərindən canlı yayımda böyük həyəcanla izlənilib.

T.C.Ataseverin də olduğu daşıyıcı təyyarə ilə Nyu Meksikodakı Kosmos obyektindən havaya qalxan VSS Unity suborbital vasitəsi GMT ilə yerə enib. 1 saat 10 dəqiqə davam edən səfərdə Tuva Cihangir Atasever 7 elmi təcrübə yerinə yetirib. Beləliklə, təyyarənin ABŞ-ın Nyu Meksiko ştatındakı Kosmos obyektinə enməsi ilə 4 astronavt və 2 pilotdan ibarət 6 nəfərlik "Qalaktik 07" komandasının üzvü Ataseverin suborbital tədqiqat uçuşu başa çatıb.

Atasever təxminən 3 dəqiqəlik sərbəst düşmə mərhələsində mikroqravitasiya mühitində elmi təcrübə həyata keçirib. Elmi missiya yerinə yetirən Ataseverin geyindiyi astronavt kombinezonu 3 təcrübədə istifadə olunan ləvazimat daşıya bilməsi üçün xüsusi olaraq düzəldilib.

"BEACON" adlı beyin görüntüləmə təcrübəsinin bir hissəsi olaraq, Atasever uçuşun bütün mərhələlərində yaxın infraqırmızı spektroskopiya ölçmə cihazını başında gəzdirib. Belə ki, beynin prefrontal korteks bölgəsində qanın paylanması və onurğa mayesinin dinamikası araşdırılıb. Bu təcrübə ilə yanaşı, dünyanı uzaq nöqtədən görmənin yaratdığı psixoloji dəyişiklik və çevrilmələr də Ataseverdən nümunələr toplanaraq təhlil ediləcək.

Türk Kosmos Agentliyi (TUA) və Axiom Space-in birgə təcrübəsi olan Kosmosda insulin qələmi də sınaqdan keçirilib. Belə ki, xüsusi qutuya yerləşdirilmiş iki fərqli insulin qələmi kosmosa göndərilib və bu mühitdə doza ötürmə effektivliyi ilk dəfə sınaqdan keçirilib. Beləliklə, şəkər xəstəsi olan insanların yaxın illərdə Yer orbitində qurulacaq kosmos stansiyalarına getməsi halında tətbiq oluna biləcək müalicə üsullarının effektivliyi ilə bağlı ilk sınaq aparılıb.

Suborbital uçuşda vezikül analizi çərçivəsində Ataseverdən uçuşdan əvvəl və sonra toplanan bioloji nümunələrdə, hüceyrədənkənar veziküllər xüsusi olaraq hazırlanmış mikrofluidik çipdən istifadə olunaraq təcrid edilib. Bu yolla astronavtların gələcəkdə kosmosa getməzdən əvvəl onlara tətbiq oluna biləcək bəzi uyğunlaşma müalicələrinin inkişaf etdirilməsi potensialı araşdırılacaq. Araşdırmaların nəticələri önümüzdəki aylarda bəlli olacaq.

Türkiyənin ilk astronavtı Alper Gezeravcının missiyasına daxil olan MESAJ, METABOLOM və MİYELOİD təcrübələri də Atasever tərəfindən icra edilərək Suborbital Araşdırma Missiyasında həyata keçirilib.

Xatırladaq ki, Türkiyənin ilk astronavtı Alper Gezeravcı kosmosda 13, Tuva Cihangir Atasever isə 7 elmi təcrübə aparıb. Bunlardan bəziləri A.Gezeravcı tərəfindən həyata keçirilən elmi təcrübələrin davamı olaraq kosmosun yaratdığı mikroqravitasiya şərtlərinin araşdırılması olub.

Bundan başqa, insan biologiyası və fiziologiyası ilə əlaqədar şərtləri və bu dəyişikliyi həm hüceyrə, həm də qan nümunələri ilə izləmək üçün xəstəxanalarda geniş şəkildə istifadə edilən radiasiya dozimetrlərinin kosmosda istifadəsini təmin edəcək elmi araşdırma da aparılıb. Bu, Harvard Universiteti və Sağlamlıq Elmləri Universiteti tərəfindən kosmos şəraitinin beyindəki qan dövranına və həmçinin onurğa mayesinə təsirini araşdıran bir tədqiqatdır.

Qeyd edək ki, Tuva Cihangir Atasever başında mexanizm, qolunda və bədəninin müxtəlif yerlərində fərqli mexanizmlərlə təcrübələri uğurla həyata keçirib. O,"VSS Unity" suborbital vasitəsindən çıxan kimi: "Bizi bura gətirən şanlı bayraqlarımızı hər kəsə göstərmək istəyirəm", - deyib. Türkiyə və Azərbaycan bayraqlarını açıb, öpüb və alnına qoyub. Kosmosa səyahətlə bağlı açıqlama verən Atasevər bu missiyanı iki dövlətin nümayəndəsi kimi həyata keçirdiyini vurğulayıb.

Alper Gezeravcı kimi Tuva Cihangir Atasever də Anadolunun hər qarışını ziyarət edəcək. O, bu təcrübəsini gənclər və uşaqlarla paylaşacaq ki, bu da elmi araşdırmalara yeni təkan verməklə yanaşı, türk gəncləri üçün də bir ilham mənbəyi olacaq.

Esmira Yazkan ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.