Regionun real güc mənbəyi
Siyasət

Regionun real güc mənbəyi

Azərbaycan beynəlxalq münasibətlərə adekvat cavab verən müstəqil, suveren, demokratik dövlətdir

Ərazi bütövlüyünü, suverenliyini təmin edən, heç bir ölkədən asılılığı olmayan dövlətimiz bu gün tarixinin tərəqqi dövrünü yaşayır. Ölkə iqtisadiyyatının əsas hissəsini təşkil edən neft-qaz sektorunun inkişafı Azərbaycanın regionun iqtisadi cəhətdən güclü ölkəsi kimi rolunu daha da artırır. Zəngin təbii ehtiyatlara - neft, qaz yataqlarına, enerji resurslarına sahib olması dövlətimizə ikitərəfli münasibətlər zəminində neft, qaz və bərpaolunan enerji mənbələri, hidrogen, enerji səmərəliliyi və digər məsələlər üzrə enerji dialoqu həyata keçirməsinə geniş imkanlar yaradıb. Dünya ölkələri arasında böyük nüfuz qazanan Azərbaycan regionda real güc mənbəyi kimi çıxış edir.

Beynəlxalq əhəmiyyətli, irimiqyaslı layihələrin reallaşdırılması ilə ölkəmizin iqtisadiyyatı güclənib, müasir ordu quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olunub, silahlı qüvvələrin müdafiə qabiliyyəti artırılıb. Uğurlu daxili və xarici siyasət nəticəsində dünyanın bir çox ölkəsi ilə ikitərəfli əməkdaşlıq əlaqələri, dostluq münasibətləri qurulub. Tərəqqiyə, inkişafa, quruculuğa, əmin-amanlığa gedən yolda hədəflərə çatmaq üçün qarşıya qoyulan bütün vəzifələr uğurla icra olunur. Xarici investisiyaların həcminin artması dövlətin valyuta ehtiyatlarını, büdcə gəlirlərini çoxaldıb. Görülən işlər, qəbul edilən proqramlar, həyata keçirilən infrastruktur layihələr, investisiya mühitinin yaxşılaşdırılması iqtisadi, eyni zamanda siyasi sahədə uğurların qazanılmasına əlverişli şərait yaradır.

Ötən əsrin sonlarında ərazi bütövlüyü pozulmuş, torpaqlarının 20 faizdən çox hissəsi işğal olunmuş Azərbaycan üçün özünümüdafiə etmək, haqq səsini dünyaya çatdırmaq müşkül idi. İqtisadi gücü olmayan, ölkədaxili problemlərin baş alıb getdiyi respublikamıza beynəlxalq səviyyədə təzyiqlər edilir, Cənubi Qafqazda yerləşmək istəyən qüvvələr təbii ki, müstəqilliyini yenicə bərpa etmiş dövlətimizin ərazi bütövlüyünü bərpa etmək iqtidarında olmadığını yaxşı bilirdilər. Elə bu səbəbdən işğal olunan ərazilərimizin sahəsi get-gedə genişlənirdi. Ulu öndər Heydər Əliyevin ikinci dəfə respublikamıza hakimiyyətə gəlişi ilə qısa zaman ərzində ölkə həyatının bütün sahələrində islahatlara başlanıldı, atəşkəs elan edildi. Və bütün bunların nəticəsində daxili sabitliyə nail olundu, xarici təzyiqlər səngidi. Müstəqil Azərbaycan inkişaf, tərəqqi yoluna çıxdı.

Bu gün Azərbaycan o illərdən fərqli olaraq yalnız müdafiə olunan, özünə bəraət qazanmağa çalışan ölkə deyil, qarşı tərəfə adekvat cavab verən suveren dövlətdir. İkinci Qarabağ müharibəsi bunun ən bariz nümunəsidir. Belə ki, 30 il torpaqlarımızı işğal altında saxlayan, havadarlarına arxalanaraq azğınlaşan, daha böyük iddialar edən düşmən ölkə, eyni zamanda bütün dünya İkinci Qarabağ müharibəsində Azərbaycanın gücünün, qüdrətinin şahidi oldu. Ermənistanın davamlı təxribatlarına qarşı əks-hücum əməliyyatına başlayan və hərb meydanında düşmənə layiqli cavab verərək cəmi 44 günə torpaqlarını işğaldan azad edən Azərbaycan ərazi bütövlüyünü təmin etdi. Postmüharibə dövründə isə havadarlarına güvənib öhdəliklərindən boyun qaçıran məğlub ölkənin qanunsuz silahlı birləşmələrinin kökü kəsildi, ərazilərimizdə suveren hüquqlarımız bərpa olundu.

Yalnız hərb meydanında deyil, diplomatiya müstəvisində də düşməni məğlub edən, ona havadarlıq edənlərə yerini göstərən Azərbaycan bu gün ikili standartlara, qərəzli yanaşmalara baxmayaraq, qarşıya qoyulan hədəflərə çatmaq üçün qətiyyət nümayiş etdirir. Erməni lobbisinin təsiri altında Ermənistanın işğalçılıq siyasətinə dəstək verən, öz maraqları naminə bu ölkəni silahlandırmaqla yeni münaqişələr yaratmağa cəhd edən dövlətlərin islamofob, türkofob siyasətinin iç üzünü açır. Ölkəmizin haqq işinə kölgə salmağa çalışan, keçmişdə qalan Qarabağ münaqişəsini gündəmdə saxlamaqla öz mənfur niyyətlərinə çatmağa çalışan Fransa, Almaniya kimi dövlətlərə adekvat cavab verir. Məsələn, ötən il oktyabrın 20-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə respublikamızda keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda beynəlxalq konfransda uzun illər beynəlxalq hüquq normalarına hörmətsizlik nümayiş etdirən Fransanın insan haqlarını kobud şəkildə pozaraq xalqlar arasında birgəyaşayışa, sülh və əmin-amanlıq mühitinin yaranmasına mane olduğu, bu ölkənin müstəmləkəçi siyasət yürütdüyü bir daha vurğulanmışdı.

Yanvarın 24-də demokratiya, insan haqları, ədalət kimi ali dəyərlərin arxasında siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbür, şovinizm kimi çirkin niyyətləri gizlədən AŞPA-nın plenar iclasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması qərarına qarşı ölkəmizin nümayəndə heyətinin səsvermədən əvvəl qurumda iştirakını qeyri-müəyyən müddətə dayandırdığını bəyan etməsi qərbin Azərbaycana qarşı apardığı qərəzli kampaniyaya tutarlı cavabdır.

Beynəlxalq hüquq normaları çərçivəsində, məqsədyönlü siyasət yürütməklə Qərbin azərbaycanofob siyasətini ifşa edən Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra daha da artan bu meyillərin qarşısını qətiyyətlə alır və sübut edir ki, artıq 30 il əvvəlki, iqtisadi cəhətdən zəif, hərbi gücü olmayan ölkə deyil. Düşünülmüş, uzaqgörən siyasət yürüdən, dünya ölkələri ilə dost, etibarlı tərəfdaş olan, milli maraqları çərçivəsində müstəqil siyasət aparmaqla ərazi bütövlüyünü, suverenliyini öz daxili gücü ilə təmin etmiş müstəqil dövlət, eyni zamanda mövcud münasibətlərə adekvat cavab verən suveren, demokratik respublikadır.

Mehparə ƏLİYEVA,

"Respublika".