Türk dövlətlərinin qiymətləndiriciləri Bakıda
Gündəm

Türk dövlətlərinin qiymətləndiriciləri Bakıda

2021-ci ilin dekabr ayında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti arasında Türk Dövlətləri Qiymətləndiriciləri Birlikləri Şurasının yaradılması ilə bağlı razılıq əldə olunub. 2023-cü ilin aprel ayında isə Bakıda keçirilən "Zirvə Görüşü"ndə Türk Dövlətləri Qiymətləndiriciləri Birlikləri Şurasının yaradılması barədə qarşılıqlı razılaşma müqaviləsi imzalanıb. Elə həmin il iyun ayının 1-də Qazaxıstanın Türküstan şəhərində təsis olunub. Ötən ilin noyabr ayında Ankara şəhərində II Beynəlxalq Forumu keçirilən şura hazırda 700 qiymətləndirmə şirkəti və minlərlə birliklərdə fəaliyyət göstərir. Azərbaycanı bu təşkilatda qiymətləndiricilərin yeganə platforması olan AQC (Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti) təmsil edir.

Qeyd edək ki, cari il iyunun 1-də Bakı Konqres Mərkəzində III Beynəlxalq Forum keçirilib. Foruma xarici qonaqlarla yanaşı, Azərbaycanın dövlət rəsmiləri, Milli Məclisin deputatları, vətəndaş cəmiyyəti institutlarının, kütləvi informasiya vasitələrinin və ekosistemin nümayəndələri qatılıblar. Eləcə də qonaq qismində Rusiya, Belarus, Gürcüstan qiymətləndirmə birliklərinin rəhbərləri və təmsilçiləri  də forumda iştirak ediblər. Forumun məqsədi Ortaq Türk Qiymətləndirmə Standartlarını hazırlamaqdır. Tədbir çərçivəsində idarə heyətinin iclası keçirilib və burada mühüm qərarlar qəbul edilib. İştirakçılar tərəfindən səsvermə yolu ilə AQC sədri Vüqar Oruc Türk Dövlətləri Qiymətləndiriciləri Birlikləri Şurasının rəhbəri seçilib.

Tədbirin panel mərhələsində qiymətləndirmə sektorunun inkişafı, regional və beynəlxalq perspektivlər mövzusunda çıxışlar olub.  Açılış mərasimində  çıxış edən AQC-nin sədri Vüqar Oruc deyib ki,  Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ölkəmizin ilk assosiativ təşkilatlarından biridir və ötən əsrin sonlarında fəaliyyətə başlayıb: "Türk Dövlətləri Qiymətləndiriciləri Birlikləri Şurasının əsas məqsədi qardaş dövlətlər arasında əməkdaşlığın artırılmasına töhfə vermək, təlim-tədris və təcrübə mübadiləsini həyata keçirmək, vahid məlumat bazası və türk dövlətləri qiymətləndiricilərinin milli standartlarının formalaşmasına nail olmaqdır".

Forumda  maliyyə nazirinin müavini Azər Bayramov, Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının rəhbəri Azad Cəfərli, Milli Məclisin deputatları Aydın Hüseynov, Məşhur Məmmədov, Vüqar Bayramov və digər rəsmilər də çıxış ediblər.

Röya RÜSTƏMLİ,

"Respublika".