Türk dövlətləri arasında iqtisadi əlaqələrin genişlənməsi müzakirə olunub
Gündəm

Türk dövlətləri arasında iqtisadi əlaqələrin genişlənməsi müzakirə olunub

Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin İqtisadiyyat və Ticarət nazirlərinin görüşü və Türk Dünyası Biznes Forumu keçirilib. Tədbirdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Ticarət və Sənaye Palataları Birliyinin üzvləri, Türk dünyasının iş adamları iştirak edirlər.

"Respublika" xəbər verir ki, ölkəmiz bu tədbirdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə 55 şirkətlə təmsil olunur.

Forumu açan Türk Ticarət və Sənaye Palataları Birliyinin prezidenti Rıfat Hısarcıklıoğlu görülən işlər, Türk dövlətləri arasında iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı fikirlərini bölüşüb.

Sonra Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək bildirib ki, 2009-cu il 3 oktyabrda Azərbaycanın Naxçıvan şəhərində əsası qoyulan Türk Dövlətləri Təşkilatının inkişafında qardaş ölkələrlə birlikdə dövlətimizin, xüsusilə Prezident İlham Əliyevin böyük rolu olub.

M.Musayev deyib: “Türk dövlətlərinin siyasi birliyi iqtisadi münasibətlərin güclü inkişafını və inteqrasiyanın dərinləşməsini tələb edirdi və təşkilata üzv ölkələrin sahibkarlarının da bir vahid platforma altında birləşməsini şərtləndirirdi. Məhz Türkiyə Odalar və Borsalar Birliyinin xüsusi səyləri nəticəsində Türk Dövlətləri Təşkilatı nəzdində Türk Ticarət və Sənaye Palatası yaradılıb və Palatanın yaradılmasında Azərbaycan Sahibkarlar Konfederasiyası da önəmli yer alaraq, üzv olmaqla Palatanın gələcək inkişafına öz töhfəsini verib.

Son statistik məlumatlara görə, Türk Dövlətlər Təşkilatının üzv ölkələrin əhalisi 173 milyon nəfərdən çoxdur. Üzv dövlətlərdə Ümum Daxili Məhsulun (ÜDM) həcmi 1.5 trilyon ABŞ dolları, ticarət dövriyyəsi 1.2 trilyon ABŞ dolları təşkil edir. Ümumilikdə dünya ərazisinin 1 faizə qədəri, ticarət dövriyyəsinin 2,4 faizini Türk Dövlətləri Təşkilatına üzv ölkələr əhatə edir.

Qeyd olunub ki, Türk Ticarət və Sənaye Palatalar Birliyi isə ilk növbədə sahibkarların şəbəkələşməsini, bir-birini tanımasını, ölkələrimizin iqtisadiyyatını, onun qaydalarını, özəlliklərini öyrənməyə imkan verib. Ötən dövr ərzində artıq üzv dövlətlərin hər birində biznes-forumlar təşkil olunub və yeni iqtisadi əməkdaşlıqların əsası qoyulub. Hər bir görüş iqtisadi inteqrasiyaya öz töhfəsini verir və bu görüşlərin böyük əhəmiyyəti var.

Konfederasiya rəhbəri, Türk dövlətləri arasında iqtisadi əlaqələrin daha da genişlənməsi üçün təkliflərlə çıxış edib.

M.Musayev Türkiyə və Azərbaycanın İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasında birgə fəaliyyətinə də toxunub.

“Bilirsiniz ki, cənab Rıfat Hisarcıklıoğlu və mən İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatında Direktorlar Şurasının üzvüyük. Hesab edirəm ki, Türk dövlətlərinin İslam dünyası ilə əlaqələrinin gücləndirilməsinə böyük töhfə verə bilərik. İslam ölkələri kənd təsərrüfatı və xüsusən də halal qida seqmenti üzrə Türk dövlətlərinin iş adamları üçün maraqlı və yeni bir coğrafiyadır”.

Sonra M.Musayev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda görülən işlər, iş adamları üçün yaradılmış münbit şəraitə toxunaraq, Türk Dünyasının iş adamlarını Qarabağa investisiya yatırmağa, onun iqtisadi imkanlarından faydalanmağa çağırıb və bu fəaliyyətdə “Sizinlə birlikdəyik, Sizin yanınızdayıq”, – deyib.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Elnur Əliyev son illər Türk Dövlətlər Təşkilatına üzv dövlətlər arasında ticarət dövriyyəsinin artdığını vurğulayıb. Nazir müavini Türk dünyası iş adamları arasında əməkdaşlığın genişləndiyini və dərinləşdiyini xüsusilə qeyd edib.