Turab Rzayev:
MÜSAHİBƏLƏR

Turab Rzayev: "Türkiyə Rusiya ilə Ukrayna və Qərb arasında balans yaratmağa çalışır"

Xəbər verdiyimiz kimi, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Volodimir Zelenski ilə görüşündə bir sıra məsələlərə toxunub. Ərdoğan qeyd edib ki, gələn ay Putinin də Türkiyəyə səfəri olacaq.

Maraqlıdır, Putinin Türkiyəyə səfərindən gözləntilər nələrdir?

"Artıq qlobal aləmdə geosiyasi qırılmalar baş verir. Yeni qütblər formalaşmaqdadır".

Bu sözləri "Respublika"ya verdiyi açıqlamada siyasi şərhçi Turab Rzayev bildirib. 

O, həmçinin vurğulayıb ki, Qərb bloku öz arasında ciddi şəkildə birləşir: “Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və digər müttəfiqlər Rusiyaya qarşı cəbhə alırlar. Bir mənalı şəkildə Ukraynanı dəstəkləyirlər. Bu geopolitik kontekstdə Türkiyə kimi neytral qalmağa çalışan ölkələr var. Türkiyə NATO-ya üzv dövlət olmasına baxmayaraq, eyni zamanda iqtisadi əməkdaşlığı davam etdirir, siyasi əlaqələrini saxlayır, lakin buna baxmayaraq, Krımın Rusiya tərəfindən işğalını da qəbul etmir. Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanımağa davam edir”. 

Politoloq qeyd edib ki, Türkiyənin neytral mövqedə çıxış etməsi nəticəsində bir çox mühüm uğurlara imza atılıb: “Rusiya və Ukrayna arasında Antalya və İstanbulda görüş keçirilib. Bu görüşdə hərbi əsirlərin dəyişdirilməsi və yaşıl dəhliz məsələsi həll olunub, taxıl sazişi əldə edilib. Türkiyə Rusiya ilə Ukrayna və Qərb arasında balans yaratmağa çalışır. Onu da deyə bilərik ki, Türkiyə iki ölkənin rəsmilərini eyni masaya əyləşdirə biləcək yeganə ölkələrdəndir. Düşünürəm ki, Türkiyə yenidən atəşkəs elan edilməsi üçün çalışacaq. Müharibənin dayanması üçün münasib şərtlər irəli sürülməlidir. Görüşün daha çox hərbi-iqtisadi əməkdaşlıq və Ukrayna ilə sülhün əldə olunması ilə bağlı vasitəçi olacağına inanıram". 

Töhfə SƏMƏDOVA,

"Respublika".