Azərbaycanla Mərakeş bir-birini daim dəstəkləyir
Digər xəbərlər

Azərbaycanla Mərakeş bir-birini daim dəstəkləyir

Milli Məclisin sədri Sahibə Qafarova fevralın 16-da Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarşla görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bu barədə verilən məlumatda bildirilir ki, görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərlə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanır və siyasi sahədə yaxşı əlaqələr mövcuddur. Azərbaycanla Mərakeş beynəlxalq təşkilatlar çərçivəsində daim yaxından əməkdaşlıq edir, bir-birini dəstəkləyir. Mərakeş Azərbaycanın beynəlxalq səviyyədə, xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində təşəbbüslərini hər zaman dəstəkləyib.

Görüşdə münasibətlərin genişlənməsində qarşılıqlı səfərlərin rolu vurğulanıb. Həmçinin bildirilib ki, xalqlarımız bir çox ortaq baxışları bölüşürlər. Multikulturalizm, digərlərinə hörmət, islamofobiyanın rədd edilməsi kimi məsələlər xalqlarımızın tarixi-mənəvi dəyərləri sırasındadır.

Qeyd olunub ki, deputatlar arasında təmasların, qarşılıqlı səfərlərin artırılması parlamentlərimiz arasında daha geniş əlaqələrin yaradılmasına imkan verə bilər. Həmçinin parlamentlərimizdə fəaliyyət göstərən dostluq qruplarının əməkdaşlığı, onların birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

Sahibə Qafarova Mərakeşin Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin işində fəal iştirakı, o cümlədən bu platformanın Madriddə keçirilən təsis, Bakıda keçirilən birinci konfransında təmsil olunmasını yüksək qiymətləndirib, Parlament Şəbəkəsinin institusional inkişafı, qarşıda duran vəzifələr barədə danışıb.

Görüşdə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə, işğaldan azad olunmuş ərazilərimizdə reallaşdırılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verilib. Eyni zamanda, Azərbaycan və Mərakeşin ərazi bütövlüyü məsələsində də bir-birini dəstəklədiyi diqqətə çatdırılıb. 

M.MUSTAFAYEV,

“Respublika”.