Torpaqlarımız işğaldan azad edildikdən sonra ailə quracaqdı...
CƏMİYYƏT

Torpaqlarımız işğaldan azad edildikdən sonra ailə quracaqdı...

Ölkəmizin müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparan, azadlığını hər şeydən uca tutaraq şəhidlik məqamına ucalanların xatirəsi hər zaman anılır. Vətən müharibəsi şəhidi İbrahim Sadıqlı da torpaqlarımızın azad olunması uğrunda canından keçib.

1993-cü il iyunun 28-də Bakı şəhərində anadan olub. 292 saylı tam orta məktəbdə (indiki 5 nömrəli məktəb) oxuduğu vaxtlarda idmanın müxtəlif növləri ilə məşğul olub, yüksək nailiyyətlər əldə edərək bayrağımızı dalğalandırıbdır. 2008-ci ildən təhsilini 6 saylı peşə liseyində davam etdirib və 2011-ci ildə məzun olub. 2012-ci ildə hərbi xidmətə yollanır, qayıtdıqdan sonra müxtəlif peşələrdə özünü sınayır, amma hərbiyə olan sevgisi, istəyi 2016-cı ilin yanvar ayında onu yenidən ordu sıralarında xidmətə davam etməyinə səbəb olur. Hələ uşaq yaşlarında hərbçi olmaq, Vətənin keşiyində durmaq arzusunda olan İbrahim Sadıqlı arzularını reallaşdırmaq istəyi ilə 2016-cı ildə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb. Xidmət etdiyi dövrdə dəfələrlə müxtəlif fəxri fərmanlar və medallarla təltif edilib.

İbrahim 2018-ci ilin sentyabr ayından 2019-cu ilin yanvar ayının sonuna kimi Çin Xalq Respublikasında snayper kursu keçir. Bu zaman o, 50 ölkə arasında ikinci yer tutub.

Vətən müharibəsində İbrahim Kəlbəcər, Cəbrayıl, rayonları istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. İbrahim Cəbrayıl istiqmətində gedən döyüşlərdə adsız yüksəkliklərdə düşmən üçün döyüş çəkilişi apararaq koordinatları verən şəxsi yaxalaya və əsgər yoldaşlarını xilas edə bilib.

Şəhidin atası Şahin Sadıqov: "İbrahimin verdiyi dəqiq koordinatlar sayəsində düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilib, texnikası sıradan çıxarılıb. O da başqa şəhid qardaşları kimi öz həyatını Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması uğrunda qurban verdi".

Anası Zərnigar Sadıqova: Oğlum torpaqların azad olunmasını bütün arzularından, canından üstün bilib. İbrahimə evlən deyən dostlarına ancaq torpaqlarımız işğaldan azad edildikdən sonra ailə quracağını söyləyib.

İbrahim 2020-ci il oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub. İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması, düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, Prezident İlham Əliyevin sərəncamlarına əsasən İbrahim Sadıqlı ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. Binəqədi rayonu 6-cı mikrorayonda şəhidimizin adına küçə verilib.

M.MİRZƏ,

"Respublika".