TƏRTƏRDƏ MƏHSUL YIĞIMI
Region

TƏRTƏRDƏ MƏHSUL YIĞIMI

Respublikamızda aqrar sahəyə göstərilən hərtərəfli dövlət dəstəyindən tərtərlilər də yetərincə bəhrələnir. 30 il düşmənin atəşkəsi daim pozması nəticəsində rayon əhalisi normal qaydada tarlalarda çalışa bilmirdi. Ermənilər həmin vaxtlarda hətta mülki əhalini hədəf seçirdi. Bu səbəbdən bəzən əkin-biçin işlərini gecələr aparmaq məcburiyyətində qalırdılar. Bununla yanaşı, bölgə üçün xüsusi əhəmiyyətə malik olan Suqovuşan su anbarından səmərəli istifadə etmək mümkün olmurdu.

2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin əmri ilə rəşadətli Ordumuz əks-hücum əməliyyatı keçirərək 44 gün ərzində düşməni torpaqlarımızdan qovduqdan sonra bütün çətinliklərə son qoyuldu.

Son zamanlar rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sahədə əldə olunan nailiyyətlər sevindiricidir. Hazırda Tərtərdə taxıl biçininin qızğın çağıdır. Əldə etdiyimiz məlumata görə, rayon üzrə 10356,49 hektar taxıl sahələrində, o cümlədən 6785,95 hektarda buğda, 3570,5 hektarda arpa biçini aparılır. Məhsuldarlıq ötən ildəkinə nisbətən bir qədər yüksəlmişdir. 14.06.2023-cü il tarixə olan məlumata görə 14 hektar buğda, 1644 hektar arpa sahəsində biçin aparılmış, orta məhsuldarlıq hər hektardan 43,6 sentner təşkil edir.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun tapşırığına uyğun bütün qüvvələr biçinə səfərbər olunmuşdur. Biçindən əvvəl Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşları fermerlərlə görüş keçirərək maarifləndirici tədbirlər aparmışlar.

Tərtər rayonunda barama istehsalında da ürəkaçan nailiyyətlər əldə olunur. Ötən il kümçülər 10167.5 kiloqram, cari ildə isə 375 qutu barama qurdu 106 kümçü arasında paylanılmışdır. Hazırda 14516.11 kiloqram yaş barama Bərdə baramaqurutmaxana müəssisəsinə təhvil verilmişdir. Barama təhvili davam etdirilir.

Vəli VƏLİYEV,

"Respublika".