TƏHSİL İŞÇİLƏRİ ÜÇÜN MAARİFLƏNDİRİCİ TƏDBİR
Elm və təhsil

TƏHSİL İŞÇİLƏRİ ÜÇÜN MAARİFLƏNDİRİCİ TƏDBİR

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyi Lənkəran şəhərindəki M.Bağırov adına 1 nömrəli tam orta məktəbdə cənub regionunun təhsil müəssisələrinin rəhbər işçiləri üçün maarifləndirici tədbir keçirib.

Tədbirdə Elm və Təhsil, Fövqəladə Hallar nazirliklərinin rəsmiləri, Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbərliyi, cənub bölgəsinin təhsil müəssisələrinin direktorları iştirak edib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir vəzifəsini icra edən, müdir müavini Rəhim Rəhimov tədbirin fövqəladə hallar zamanı davranış qaydalarına dair bilik və bacarıqların təkmilləşdirilməsi məqsədilə keçirildiyini bildirib.

Elm və Təhsil Nazirliyinin məsul işçisi Rövşən Ağayev ayrı-ayrı fənlərin tədrisi zamanı, dərsdənkənar məşğələlər, sinif təşkilat saatları və valideyn iclaslarında fövqəladə hallarla bağlı davranış qaydalarının izah edilməsinin vacibliyini vurğulayıb. Tədbirdə maarifləndirici videoçarxlar nümayiş olunub və iştirakçıları maraqlandıran suallara cavablar verilib.

Əlisəfa Həsənov,

“Respublika”.