Təhlükəsiz rəqəmsal mühitin yaradılması vacib amildir
Digər xəbərlər

Təhlükəsiz rəqəmsal mühitin yaradılması vacib amildir

Getdikcə rəqəmsallaşan dünyamızda müasir texnologiyalar həyatın bütün sahələrinə inteqrasiya edib. Kommunikasiyaların sürətli inkişafı cəmiyyətdə mühüm əhəmiyyət kəsb etməklə yanaşı, eyni zamanda ayrı-ayrı fərdləri, təşkilatları, hətta dövlətləri belə böyük təhlükələrlə üzləşdirib.

Kibercinayətkarların sistemlərə və məlumatlara icazəsiz giriş əldə etmək üçün "ransomware", "fişinq hücumları" və məlumatların pozulması üsullarından istifadə etməklə kibertəhdidlər yaratması qloballaşan dünyada kibertəhlükəsizliyin əhəmiyyətini ön plana çıxarır və bu istiqamətdə təxirəsalınmaz tədbirlərə ehtiyac yaranır. Kibertəhdidlərin, kibercinayətlərin qarşısını almaq, bu hallarla mübarizə aparmaq zamanın, dövrün tələbinə çevrilib. Bu gün dünyada informasiya təhlükəsizliyinin təmin olunması ən vacib məsələlərdən biridir.

 Təhlükəsiz rəqəmsal mühitin yaradılmasına nail olmaq üçün kibertəhlükəsizliyi, məlumat mübadiləsini təşviq edən və zərərli aktorları məsuliyyətə cəlb edən qanunların hazırlanması dövlətlərin qarşısında mühüm vəzifə olaraq dayanır. Kibertəhlükəsizliyə proaktiv yanaşmanın, güclü müdafiə vasitələrinin tətbiq edilməsi, müəssisələrdə müntəzəm risk qiymətləndirmələrinin aparılması və işçilərin potensial təhlükələr barədə maarifləndirilməsi, ayrı-ayrı fərdlərin daha çətin parollardan istifadə etməsı, şübhəli e-poçtlara qarşı ehtiyatlı olması və proqram təminatının yenilənməsi zərurətə çevrilib. Bir sözlə, kibertəhlükəsizlik üçün innovativ həllərin hazırlanması bu gün aktuallığını saxlayır.

Texnologiya inkişaf etdikcə kibercinayətkarların bu sahədə tətbiq etdiyi metodlar və üsullar da inkişaf edir və nəticədə yeni təhlükə mənbələri yaranır. Məlumatların pozulması və sızması həm fərdlər, həm də təşkilatlar üçün ciddi nəticələrə səbəb olması fonunda hökumətlər, hüquq-mühafizə orqanları və kibertəhlükəsizlik üzrə ekspertlər arasında birgə səylər təhdid kəşfiyyatının mübadiləsi, cavab tədbirlərinin əlaqələndirilməsi və kibertəhlükələrə qarşı mübarizə, vahid strategiyaların hazırlanması üçün mühüm əhəmiyyət kəsb edir. Bu gün kibertəhlükələrin qarşısını almaq üçün texnoloji yenilikləri, tənzimləyici çərçivələri, beynəlxalq əməkdaşlığı ehtiva edən çoxşaxəli yanaşma tələb olunur. İnformasiya texnologiyalarının inkişafı ilə əlaqədar olaraq bu sahədə insanların hüquq və azadlıqlarının, söz və ifadə azadlığının, şəxsi həyatının, şəbəkə istifadəçiləri haqqında məlumatların, habelə onların əqli mülkiyyət hüquqlarının qorunması kibercinayətkarlıqla mübarizə məsələlərini meydana gətirir. Kompüterlərdən, kompüter proqramlarından, o cümlədən internet və sosial şəbəkələrdən, informasiya resurslarından və informasiya daşıyıcılarının digər növlərindən qanunsuz istifadə nəticəsində kompüter və informasiya sistemlərinın dağıdılması kibertəhlükəsizlik tədbirlərini zəruri edir.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da internet əsas kommunikasiya platforması olaraq istifadə edilir ki, bu da kibertəhlükələri və riskləri qaçılmaz edir. İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq konvensiya və proqramlara qoşulan, milli qanunvericilik bazasını formalaşdıran ölkəmizdə dövlət müstəqilliyinin, milli maraqların qorunması, informasiya təhlükəsizliyi sahəsində vahid dövlət siyasətinin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində fəaliyyət göstərən standartlaşdırma üzrə "İnformasiya-kommunikasiya texnologiyaları" Texniki Komitəsi (TK05) tərəfindən informasiya təhlükəsizliyi üzrə beynəlxalq standartların əsasında 18 identik milli standartın hazırlanması, Azərbaycan Respublikası Prezidentinin "İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında" Fərmanına əsasən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin, həmçinin 2020-ci il 16 mart tarixli 957 nömrəli müvafiq Fərmanı ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin bazasında müstəqil olaraq Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yaradılması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir.

Ötən il fevral ayının 22-də kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislərin və təşkilat nümayəndələrinin birgə iştirakı ilə keçirilən qurultayda ölkəmizdə kibertəhlükəsizlik sahəsində elmi-texniki nailiyyətlərin tətbiqinə, bu istiqamətdə maarifləndirmə və məlumatlandırma işlərinin həyata keçirilməsinə dəstək vermək, milli maraqların təbliğat və dezinformasiya fəaliyyətindən qorunmasına nail olmaq məqsədilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası təsis edilmişdir. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatı Assosiasiyası ictimai əhəmiyyətli infrastrukturlarda ciddi təhlükəsizlik boşluqlarının aradan qaldırılmasına müvəffəq olan mütəxəssislərin hazırlanması, bu sahədə mövcud olan problemlərin həlli, ölkədə kibertəhlükəsizlik mühitinin yaradılması və mərkəzləşmiş davamlı fəaliyyətlərin icrası məqsədilə yaradılmışdır. Təşkilat informasiya kommunikasiya texnologiyalarının və kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislərin, şirkət və təşkilatların vahid platformasıdır. Öz ətrafında İT və kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən şirkət, təşkilat və mütəxəssisləri birləşdirən Assosiasiya fəaliyyətini ölkəmizdə kibertəhlükəsizlik mühitinin gücləndirilməsi, kibertəhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən tədbirlərin koordinasiyası və bu sahənin inkişafı istiqamətinə yönəldib. Bununla yanaşı, ixtisaslaşmış yerli və beynəlxalq kibertəhlükəsizlik təşkilatlarının əlaqələndirilməsi, milli, elmi-texniki və kadr potensialının gücləndirilməsi, təhsil müəssisələri və təqaüd proqramlarının yaradılması, kiber mühitdə ölkə reytinqinin möhkəmləndirilməsinə dəstək göstərilməsi, İT və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq, operativ və səmərəli məlumat mübadiləsinin təşkili də AKTA-nın fəaliyyət istiqamətlərini müəyyənləşdirir.

 Prezident İlham Əliyevin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası" insanların müasir İKT-dən təhlükəsiz istifadəsi, milli informasiya təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi, dövlət və özəl şəbəkələrin, kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin olunması istiqamətində atılmış mühüm addımdır. İnsan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verilən müstəqil respublikamızda cəmiyyətin həyati əhəmiyyətli maraqlarının daha yüksək və təkmil səviyyədə qorunması dövlət siyasətinin prioritet istiqamətidir Bu baxımdan, ölkəmizin informasiya təhlükəsizliyi kibertəhlükəsizlik siyasətinin əsası kimi müəyyənləşdirilir. Kibertəhlükəsizlik sahəsində əməli fəaliyyət ölkəmizin mövqeyini beynəlxalq reytinqlərdə daha da yüksəltmişdir. Belə ki, Beynəlxalq Telekommunikasiya İttifaqının tərtib etdiyi "Qlobal kibertəhlükəsizlik indeksi 2020" (Global Cybersecurity Index, GCI) reytinqində Azərbaycan 194 ölkə arasında 40-cı yerdə qərarlaşmışdır.

Ölkəmizdə informasiya təhlükəsizliyi sahəsində ilk Strategiya olmaqla Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ-hüquqi aktlarına, o cümlədən "Milli təhlükəsizlik haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının qanunlarına, "Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası"na, habelə informasiya təhlükəsizliyi üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsaslanan Strategiya ölkənin informasiya məkanında, xüsusən də kritik informasiya infrastrukturlarında təhlükəsizlik risklərinin müəyyənləşdirilməsi, "CERT" şəbəkələrinin və onlar arasında qarşılıqlı fəaliyyətin davamlı təkmilləşdirilməsi, informasiya infrastrukturlarında risklərin, xidmətlərin, insidentlərin idarə edilməsi üçün tələb olunan əsas tədbirlərin müəyyən edilməsində sistemliliyin təmin olunması və s. məqsədlərə xidmət edir.

Son illər ölkəmizdə informasiya cəmiyyətinin bərqərar olması və informasiya texnologiyalarının geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir. İnformasiya texnologiyaları sahəsinin sürətli inkişafı, bu sferada texnoloji infrastrukturun daim yenilənməsi, informasiya məkanında törədilən hüquqazidd əməllərin həcminin genişlənməsi nəzərə alınaraq ölkəmizdə kibertəhlükəsizliyin təmin olunması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi və təşkilati mexanizmlərin inkişafı xüsusi olaraq diqqətdə saxlanılır. İnformasiya texnologiyaları sahəsində idarəetməni təkmilləşdirmək, informasiya məkanında təhlükəsizliyi təmin etmək, ölkəmizi müasir innovasiya məkanına çevrilmək üçün kibertəhlükəsizlik sahəsində fəaliyyətlərin genişlənməsi vacib amildir.

Mehparə ƏLİYEVA,

"Respublika".