Təhlükə mənbəyi olan ölkəyə təhlükəsizlik təminatı
Siyasət

Təhlükə mənbəyi olan ölkəyə təhlükəsizlik təminatı

Cənubi Qafqazda mövcud olduğu gündən regionu münaqişələr ocağına çevirən Ermənistanın havadarları ona təhlükəsizliyinin qorunması vədi verirlər. Belə ki, aprelin 5-də Brüsseldə Avropa İttifaqı Komissiyasının prezidenti Ursula Fon der Lyayen, ABŞ-ın dövlət katibi Antoni Blinken, Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Görüşdə ABŞ və Aİ tərəfindən Ermənistanın "təhlükəsizliyinə təminat verən" hərbi paktın imzalanması gözlənilir. Hayastan mediası, siyasi dairələri də üçtərəfli görüşdə ölkələrinin "təhlükəsizliyinə təminat"la bağlı sənədin imzalanacağı barədə informasiyalar yayırlar.

Hegemonluğunu qorumaq üçün dünyanı alt-üst etməyə həmişə hazır olan ABŞ, öz mənafeyini hər şeydən üstün tutan, dünyanın "demokratiya beşiyi" Avropa və tarixi boyu işğalçılıqla, terrorçuluqla, yaxud da onun-bunun köləsi olub ianələr, yardımlar toplamaqla varlığını qorumağa çalışan Ermənistan... Bu üçlüyün hər birinin yürütdüyü siyasətdə sülh anlayışına rast gəlmək mümkün deyil. Elə gözlənilən görüş də regionda sabitliyin və sülhün bərqərar olmasına deyil, əksinə onun qaşısının alınmasına hesablanıb.

Bu gün Cənubi Qafqazı poliqona çevirmək istəyən Qərb blokunun əlində Ermənistan kimi mövqeyi bəlli olmayan, bir qapıdan digərinə üz tutan terrorçu, işğalçı dövlət var. Əlbəttə, ona dövlət demək mümkünsə, çünki öz siyasəti olmayan, başqalarının diktəsi ilə hərəkət edən bir ölkənin dövlətçiliyi böyük sual altındadır. Bu baxımdan, öz imperialist məqsədlərinə çatmaq üçün Qərbin əlində siyasi alətə çevrilən Ermənistanı idarə etmək, istənilən istiqamətə yönəltmək su içmək qədər asan məsələdir. Məsələn, İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən qənimət götürülən hərbi texnikasının yerini doldurmaq üçün bir miqdar sınıq-salxaq silah-sursat qarşılığında yenidən münaqişə yaratmaq, yaxud da varlığını borclu olduğu Rusiyadan üz çevirmək, 44 günlük müharibədə ağ bayraq qaldırıb imza atdığı üçtərəfli Bəyanatın müddəalarına əməl etməməklə Cənubi Qafqaza sülhün gəlməsinə mane olmaq havadarlarının yazdığı ssenarinin mahir ifaçısı Ermənistanın "uğurlu" oyunudur.

Brüsseldə planlaşdırılan görüşdə də çox güman ki, Ermənistana öz rolunu oynamağa davam etmək tövsiyə olunacaq. Doğrudur, ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Müllerin bildirdiyinə görə, Brüssel görüşündə "ticarət tərəfdaşlarını şaxələndirməyə çalışan Ermənistanın iqtisadi dayanıqlılığının təmin olunmasına və humanitar ehtiyaclarının ödənilməsinə diqqət yetiriləcək". Görəsən, 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarının yeraltı-yerüstü sərvətləri, eyni zamanda münaqişəni davam etdirmək üçün aldığı "qrantlar" hesabına dolanan bir ölkənin hansı iqtisadi potensialı var ki, onu da şaxələndirsin? Ölkənin humanitar ehtiyaclarının ödənilməsi məsələsinə gəldikdə isə bu mütləqdir, çünki xalqını bir zərrə qədər belə düşünməyən, dövlətçiliyini böyük risklər altına qoyan Nikol Paşinyanın ABŞ-Avropa İttifaqı-Ermənistan üçlüyünün bu "mötəbər" görüşündən əliboş qayıtması mümkün deyil. Qərbin xüsusi tapşırıqlarını yerinə yetirən Hayastanın mükafatlandırılacağı şübhəsizdir .

Təbii ki, bu görüş əmin-amanlığın, təhlükəsizliyin bərqərar olunmasına xidmət etsəydi, sözsüz ki, regionda sülhün təminatçısı olan Azərbaycanın da həmin görüşdə iştirak edərdi. Lakin Ermənistanın "təhlükəsizliyinə qarantiyanın verilməsi" planlaşdırılan üçtərəfli görüş Cənubi Qafqaza yerləşmək istəyən güclərin məqsəd və məramının reallaşmasına yönəlib və bunun üçün ən uyğun vasitə olan düşmən ölkə görüşün "əsas" iştirakçısıdır. Müstəqil siyasət yürüdən, heç bir ölkədən asılılığı olmayan Azərbaycan sülhün, əmin-amanlığın tərəfdarıdır və sülh naminə qətiyyətli addımlar atır. Bu gün havadarlarının şirin yalanlarına aldanıb, heç bir mahiyyət kəsb etməyən təminatlarına bel bağlayıb yeni müharibəyə meyillənmək, Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində silahlı qüvvələrinin bölmələrini və döyüş texnikasını cəmləşdirmək Ermənistana yaxşı heç nə vəd etmir. Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, son günlər şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual müşahidə ilə qeydə alınıb. Yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir. Havadarlarının "qorxma, mən səninləyəm" deməsindən cəsarətlənib, hərbi təlim adı altında sərhədboyu qoşun yerləşdirmək Ermənistanın növbəti yanlış addımıdır. Hayastan çox yaxşı bilir ki, güclü, qüdrətli Azərbaycan bu yanlışlıqları düzəltmək iqtidarındadır.

Mehparə ƏLİYEVA,

"Respublika".