TƏBİB: Bəzi pandemiya müəssisələrinin, o cümlədən modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb
Səhiyyə

TƏBİB: Bəzi pandemiya müəssisələrinin, o cümlədən modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb

COVID-19-la mübarizə tədbirləri çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsindən AZƏRTAC-a bildirilib ki, respublika üzrə fəaliyyətdə olan pandemiya tibb müəssisələrində müalicə olunan xəstə sayı nəzərdən keçirilib və təhlil aparılıb. Yoluxanların sayında kəskin azalma müşahidə olunduğu üçün bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədilə bəzi pandemiya müəssisələrinin, o cümlədən modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb.

Məsələ ilə əlaqədar olaraq, bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədilə, coğrafi yerləşmələri nəzərə alınmaqla növbəti təlimat verilənədək 7 saylı Uşaq Yoluxucu Xəstəxanası, FHN Modul, Quba Rayon Mərkəzi Xəstəxanası, Kiliniki Tibbi Mərkəzi, Gəncə Modul, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Pandemiya tibb müəssisəsi kimi fəaliyyəti dayandırılıb. Masallı Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti isə qismən davam edir. Eyni zamanda, qəbulu planlaşdırılan COVID xəstələrinin müvafiq ərazi üzrə digər müəssisələrə yönləndirilməsi təşkil edilir. Belə ki, hazırda 46 pandemiya tibb müəssisəsindən 7-si fəaliyyətini davam etdirir.

Bakı/Abşeron bölgəsi üzrə 4 tibb müəssisəsi - Yeni Klinika, Mərkəzi Gömrük Xəstəxanası, Məhəmmədli modul, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu (ETACXİ), qərb bölgəsi üzrə 2 tibb müəssisəsi - Ağdaş Rayon Mərkəzi Xəstəxanası, Şəmkir Rayon Kür Qəsəbə Xəstəxanası, cənub bölgəsi üzrə 1 tibb müəssisəsi - Masallı Rayon Mərkəzi Xəstəxanası Fəaliyyətini qismən davam etdirir.

AZƏRTAC