TARİXİ QƏLƏBƏLƏR, BÖYÜK ZƏFƏRLƏR SƏRKƏRDƏSİ
Siyasət

TARİXİ QƏLƏBƏLƏR, BÖYÜK ZƏFƏRLƏR SƏRKƏRDƏSİ

Zamanın fövqündə dayanmaq, millətinə şərəf və qürur gətirmək, müqəddəs bayrağını ucaltmaq, məğlub xalqı qalib xalqa çevirmək, xəyalları gerçək etmək yalnız fatehlərə məxsusdur. Qlobal güclərin fitvası ilə sanki tilsimə salınmış, qırx yerdən düyün vurulmuş Qarabağ problemini həll edən, işğala və hərbi təcavüzə son qoyan, Azərbaycanın xəritəsini bütövləşdirən, təcavüzkarları torpaqlarımızdan qovan, üç il bundan əvvəl üç cəbhədə, ordusu savaş meydanında, özü diplomatiya və informasiya cəbhəsində döyüşən, dəmir iradəsi, qətiyyəti, Vətən və xalq məhəbbəti, liderlik xarakteri ilə 30 illik işğala son qoyan, haqqı, ədaləti bərpa edən, milli qürurumuzu, şərəfimizi ucaldan Qalib Ali Baş Komandan İlham Əliyev dövranın nəbzini və mənzərəsini dəyişməyə nail oldu.

Tarix sübut etdi ki, İlham Əliyev dediklərini edən liderdir, sözü ilə əməli həmişə üst-üstə düşür, nəyi nə zaman edəcəyini yaxşı bilir. Ermənistanın hərbi rəhbərlərinin və qondarma separatçı rejimin münaqişə dövründə ölkəmizə qarşı törətdiyi çoxsaylı müharibə cinayətlərinə, kütləvi qırğın və soyqırımı aktlarına, terrorçuluğa, vandalizmə Azərbaycan özü son qoydu. Cəsarətlə, inadkarlıqla, fədakarlıqla, qəhrəmanlıqla, şərəflə, siyasi və hərbi güc ilə Azərbaycan Cənubi Qafqazda mövcud reallığı dəyişdi, Qalib Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər silahlı qüvvələrimizin bölmələri tərəfindən icra edilmiş "Qisas", "Dəmir Yumruq" əməliyyatları Azərbaycan xalqının hərb tarixinə qızıl hərflərlə yazıldı, işğalçılığın, nasizmin şöhrətləndirilməsini dövlət siyasətinə çevirən Ermənistanın təslim olması ilə nəticələndi. Qalib Ali Baş Komandan tərəfindən üçrəngli bayrağımız Sərsəngdə, Ağdərədə, Əsgəranda, Xocavənddə, Xankəndidə göylərə qaldırıldı. Nə xoş ki, indi bu bayrağı bütün dünya seyr edir. Azərbaycanın uzun illər apardığı mübarizə işğal olunmuş torpaqlarımızın azadlığı ilə yanaşı, həm də bütövlükdə erməni faşizminə qarşı aparılan savaşı başa çatdırdı. Cəmi 20 ildə iki yüz illik problem həll edildi. Cahanda baş verən müharibələr artıq dünyanın taleyini dəyişir. Ümummilli liderimizin ideyaları reallığa çevrilir, şaxələnir, gələcəyə nikbin baxışlarda, sarsılmaz mövqedə öz əksini tapır. 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində xunta rejiminin, separatçıların əski parçasına bənzəyən bayrağı Qarabağ Fatehinin ayaqları altına sərildi. Azərbaycanın milli qürur məsələsini həll edən Prezidentin qədim Azərbaycan torpağından, cəmi 23 saata işğaldan azad edilən Xankəndidən xalqa müraciəti ən qürurlu, şərəfli tariximizin qızıl səhifəsidir və biz bu müqəddəs anların, xoşbəxtliyin şahidi oluruq.

XXI əsrin əvvəlində türk birliyi, türk yolu, Turan məqamı qədim Azərbaycan torpağı Naxçıvandan başlandı və bu ideyanın müəllifi, təşkilatçısı İlham Əliyevdir. Dünyanın yeni güc mərkəzi 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb və ötən 14 il ərzində inamlı inkişaf yolu keçib. Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında 10-cu yubiley Zirvə görüşündə çıxış edən dövlətimizin başçısı İlham Əliyev zamanın diqtə etdiyi həqiqətlər haqqında danışarkən deyib ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır. Qardaş Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Qeyd edək ki, Azərbaycan ilə Türkiyə arasında qardaşlığın böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr düşmənləri əsrlər boyu nə qədər narahat etsə də, bu möhkəm bağları bir-birindən ayıra bilməyiblər, bəzən buna nail olsalar da bu, müvəqqəti olub, axıra qədər gücləri çatmayıb. Bu qardaşlığın kökləri çox dərinlikdədir, o qədər qırılmaz tellərlə bir-birinə bağlıdır ki, dövranın heç bir gərdişi onu poza bilməyib, onlar zamanın ən çətin sınağından şərəflə çıxıblar.

 2020-ci ilin payızında işğaldan azad edilən Qarabağda qürurverici və şərəfli hadisə baş verdi. Qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi sayəsində Azərbaycan işğalçılara qarşı aparılan Vətən müharibəsində parlaq qələbə qazandı. Cəmi 44 gün ərzində dünyanı heyrətə gətirən Azərbaycan hərbçilərinin döyüş taktikası və ən müasir hərbi silahlardan istifadə etməsi, vətənpərvər gənclərin qəhrəmanlığı, xalqın sevgisini, inamını və birmənalı dəstəyini qazanmış Prezident İlham Əliyevin sərkərdəlik məharəti və qətiyyəti tariximizin səhifəsini dəyişdi. 2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi - Müttəfiqlik müqaviləsi, iki qardaş ölkənin birliyi Cənubi Qafqazda yeni düzənin yarandığını nümayiş etdirdi. Eyni zamanda Şuşa Bəyannaməsi ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahəsindəki imkan və potensiallarının birləşdirilməsinə yeni təkan verdi. Ata vəsiyyətini şərəflə yerinə yetirən, tarixi qələbəyə imza atan, Azərbaycanı dünyaya tanıdan, xalqının məhəbbətini qazanan, sülhün və sabitliyin keşiyində dayanan və ölkəmizi daha işıqlı sabahlara aparan möhtərəm İlham Əliyevin liderlik ruhu bitib tükənmir.

Astanada keçirilən Zirvə görüşü bir çox həqiqətlərin üzərinə işıq saldı. Ən əsası isə dünyaya nümayiş etdirildi ki, türk xalqlarının şanlı tarixi var və onu heç kəs inkar edə bilməz. Türklər var olandan yerlə göyün birləşdiyi məchul xəttə çatmaq üçün çalışıb, formalaşıb, dünyagörüşləri yetkinləşib. Türklər tarixi səhnədə yaradıcı rol oynayıb, geniş bölgələrin iqtisadi inkişafına yeni təkanlar veriblər. Əcdadlarının vətəninə toplaşan türk xalqlarının dövlət başçılarının növbəti görüşü bu qiymətli həqiqətlərin təsdiqinə çevrildi. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təbirincə desək, bu zirvə əhəmiyyətli bir təkamülün şahidi oldu. Dövlət başçıları tərəfindən ənənə, birləşmə, islahatlar, bilik, etibar, investisiya, vasitəçilik və enerji, türk dünyasının perspektivləri - 2040 adlı sənəd təsdiq edildi. Türk birliyinin tanıdılmasının təşviqi, türk xalqlarının tarixində, mədəniyyətində, dilində və zehniyyətində köklü icmalar nəzərə alınmaqla əsas vəzifə olaraq təyin olundu. Qərara alındı ki, araşdırılmamış tarixi arxivləri araşdırmaq və ortaq tarixlərin izah edilməmiş hekayələrini gələcək nəsillərə ötürmək üçün birgə səy göstərilsin. Zirvə görüşündə Prezident İlham Əliyevin çıxışı maraqla qarşılandı, Azərbaycanın ən ağrılı probleminin həlli istiqamətində aparılan gərgin siyasəti və İkinci Qarabağ müharibəsində qazanılan qələbəni xarakterizə edən dövlətimizin başçısı diqqətə çatdırdı ki, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamış və burada qeyri-qanuni qondarma rejim yaratmışdı. Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur. Ermənistan şəhər və kəndlərimizi yerlə-yeksan etmiş, tarixi və dini abidələrimizi dağıtmış və təhqir etmişdir. Ermənistan rəhbərliyi o vaxt Azərbaycanı "yeni torpaqlar uğrunda yeni müharibə" ilə hədələyirdi. Düşmən ordusunun qalıqları Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi. Ermənistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun dırnaqarası "müstəqilliyi"ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr dırnaqarası "prezident seçkiləri" ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi.

2023-cü il sentyabrın 19-da işğaldan azad edilmiş torpaqlarımızda qanunsuz erməni silahlı birləşmələri tərəfindən qəsdən yerləşdirilmiş minaların partlaması 6 mülki şəxsin və polis əməkdaşının həyatına son qoydu. Bundan sonra Azərbaycan konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi. Antiterror tədbirləri nəticəsində mülki insanlara və mülki infrastruktura heç bir ziyan dəymədi. Azərbaycan beynəlxalq humanitar hüquqa tam riayət etdi. Bölgəyə iki dəfə səfər edən BMT missiyası bu faktları təsdiqlədi. Biz Böyük Qayıdış proqramını icra edirik. Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur.

Zirvə görüşündə dövlət başçıları tərəfindən səsləndirilən fikirlər Liderimizin qazandığı nailiyyətlərə və tarixi qələbəyə verilən ən dəyərli qiymət idi. Qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini bütün Türk dövlətlərində qürur doğurduğunu və bunun sülh üçün geniş imkanlar açdığını, can Azərbaycan Qarabağın otuzillik işğalına Vətən müharibəsindən sonra birdəfəlik son qoyduğunu bildirdi. Bu tarixi uğurdan son dərəcə qürur və sevinc hissi duyuruq. Bununla da bölgəmizdə davamlı sülhə bir addım da yaxınlaşdıq. Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir. Ölkəmizin qərb bölgəsi ilə Naxçıvanı birləşdirəcək kommunikasiya xəttinin həyata keçirilməsi də böyük önəm daşıyır. Bu xəttin açılması bütün bölgə ölkələrinin rifahına ciddi töhfə verməklə yanaşı, Türkiyəni də Ata yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatdırılması üçün Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik. Macarıstanın Baş naziri Viktor Orban 10-cu yubiley Zirvə görüşündə regionda sabitliyə nail olunması istiqamətində göstərdiyi səylərdə və Qarabağın bərpası işlərində Prezident Əliyevə uğurlar arzuladı. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi və Azərbaycan xalqını ölkəmizin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edərək deyib ki, ölkəniz ərazi bütövlüyünü bərpa edib və yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu tarixi addım Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq atılıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Zirvə görüşündəki çıxışında son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan söz açıb və söyləyib ki, dost Azərbaycan xalqı Türk dünyasında layiqli yer tutur, böyük hörmətə və nüfuza malikdir. Azərbaycan xalqı son illər əziz dostum İlham Heydər oğlunun rəhbərliyi ilə möhtəşəm uğurlar əldə edir. Tarixi ədalət zəfər çaldı. Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın quruculuq ərazisinə çevrilməsi istiqamətində mühüm nəticələr əldə olunur. Avqust ayında Şuşa və Füzuli şəhərlərində olarkən irimiqyaslı quruculuq işlərinin, müasir infrastrukturun yaradılmasının, dağıdılmış mədəni irs obyektlərinin bərpasının şəxsən şahidi oldum. Azərbaycan xalqını böyük Zəfər - ölkənin ərazi bütövlüyünün tam bərpası münasibətilə bir daha səmimi qəlbdən təbrik edirəm.

Bax, bütün bu deyilənlər Liderimizin, Qarabağ Fatehinin uğur dastanını daha da rövnəqləndirir, daha mükəmməl edir.

Salman ALIOĞLU,

"Respublika".