Mələk cildində şeytanlar
Siyasət

Mələk cildində şeytanlar

Sən demə, "mülki missiya"nın"hərbi qabiliyyəti" də varmış...

Bu günlərdə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Yevdokimovun "İzvestiya" qəzetində dərc edilmiş müsahibəsi ilə bağlı yerli medianın sualını cavablandırıb. O, bununla bağlı deyib: "Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin 10 noyabr tarixli Bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingentinin Azərbaycan Respublikasında qalma müddəti 2025-ci ildə yekunlaşır...".

Ermənistan tarix boyu "ver yeyim, ört yatım" siyasəti yürüdərək sözün həqiqi mənasında havayı yeyib, "yatıb xumarlanıb". Bir sözlə ermənilərdə bir arxayınlıq sindromu yaradıb. Bu mənada, İkinci Qarabağ müharibəsində məğlub olan Ermənistanın bunun da səbəbini Rusiyada görməsi heç də təsadüfi deyil. Yəni ermənilərin fikrincə, Rusiya ermənilərin yerinə üçüncü tərəf kimi döyüşə qatılmalıydı. Ancaq bu, baş vermədi. Azərbaycanın haqlı, beynəlxalq qanunlar çərçivəsində apardığı savaşa heç kəs qarşı dura bilmədi.

Elə İrəvan rəsmiləri rus ordusunun onlara lazımi "dəstək verməməsi" səbəbindən Ermənistandan başqa daha 5 ölkənin təmsil olunduğu KTMT-dən çıxmağın, paralel olaraq Qərbin çətiri altına girməyin yollarını axtarmağa başladılar. Ermənistanın baş naziri Nikol Paşinyan ilk olaraq KTMT-nin təlimlərini qəbul etməkdən imtina etdi. Regiondakı rus sülhməramlılarının BMT qoşunları ilə əvəz oluna biləcəyinə eyhamlar vurmağa başladı. KTMT-nin ölkəsində keçirilməsi nəzərdə tutulan "Sarsılmaz qardaşlıq-2023" təlimlərindən boyun qaçırdı. Bununla da gələcəkdə Rusiyanın Qarabağda sülhməramlı missiyasının perspektivlərini və Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu şübhə altına aldı. Erməni jurnalist Hayk Xalatyan yazırdı: "Ermənistanda anti-Rusiya əhvali-ruhiyyəsi var. Rusiya-Ermənistan münasibətlərinin pozulması Moskva üçün problemlər yaradacaq, lakin Ermənistan üçün bu, dövlətçiliyin itirilməsi həddində əsl fəlakətə çevriləcək".

Bütün bunlara baxmayaraq, Ermənistan, Paşinyan hökuməti müttəfiqini dəyişmək fikrinin üzərində qəti dayandı. Başqa sülhməramlıların olacağına şübhə ilə yanaşanlara rəğmən Avropa İttifaqının mülki missiyası Ermənistana yerləşdirildi. Hələ o zaman Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, siyasi ekspert Dmitri Solonnikov deyirdi: "Avropa İttifaqı nə deməkdir? Bu hərbi planda NATO-ya söykənən siyasi təşkilatdır. Hamı yaxşı başa düşməlidir ki, bu, NATO ölkələrinin missiyasıdır. Oradakılar isə NATO-nun mülki geyimdə olan zabitləri olacaq". Siyasi ekspert haqlı çıxdı. Yəni indi o missiyanın tərkibindəki bəzi simaların şəxsiyyətləri, kimlikləri bəlli olduqca görürsən ki, onlar mələk cildinə girmiş şeytandırlar. Erməni silahlı birləşmələrinə təlimlər keçir, silah daşıyır, qırğın törədilməsi üçün planlar cızırlar. Elə erməni siyasiləri, başda Nikol olmaqla qəbuledilməz, təhdid dolu fikirlərini də onların ssenarisinə uyğun səsləndirirlər. Başqa cür ola bilməz, çünki şeytan sözün hər iki mənasında ermənilərin içindədir. O şeytana uymamaq üçün isə siyasi sayıqlıq, özünəinam, özünəgüvən olmalıdır ki, bunların da heç biri Ermənistan başbilənlərində yoxdur. Müstəqil qərarlar verə bilməmək məhz buradan doğur.

İndi gün kimi aydındır ki, mülki missiya Fransanın təhrikilə regiona yerləşdirilib. Onlar heç də dedikləri kimi, neytral müşahidəçilər deyillər. Son günlərdə Azərbaycanla sərhəddə törədilən terror da bunu təsdiqləyir. Hadisələrin gedişi bunu da deməyə əsas verir: Budəfəki terrorun icraçıları "mələk simalı şeytan"lardır. Maraqlıdır, bütün bu həngamələrin bir məqsədi var: Ermənistanı Rusiyadan qoparmaq. Başqa sözlə, Cənubi Qafqazda Rusiyanın yerini tutmaq. Doğrudur, indi Avropa İttifaqı Fransanın simasında ora yerləşib, ancaq o da bəllidir ki, müstəmləkəçi dövlət istədiyinə nail ola bilməyəcək. Çünki Ermənistanla Rusiya arasında isti münasibətlərin uzun tarixi var, yəni bu, əsrlərin bəhrəsidir və bütün bunları qısa müddətdə yox etmək mümkün deyil. Qırılmaz tellərin hansı birisə zədələnsə, hər iki tərəfə ciddi ziyan dəyəcək. Qaldı ki, rus sülhməramlılarına... Onların hələlik burada qalmasının digər bir səbəbi var. Belə ki, Azərbaycan XİN-in açıqlamasında da deyildiyi kimi: "...sülhməramlıların yerləşdiyi ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən son 3 il ərzində genişmiqyaslı minalanma fəaliyyəti aparıldığı və ərazidə partlamamış hərbi sursat problemi nəzərə alınaraq, bu təhdidlərin aradan qaldırılması istiqamətində birgə səylərin həyata keçirilməsi üzrə məsləhətləşmələr aparılması zərurəti mövcuddur".

Zümrüd QURBANQIZI,

"Respublika".