Suvarma suyundan səmərəli istifadə olunur
Region

Suvarma suyundan səmərəli istifadə olunur

Vəfadar Əkbərov fermerdir. Yaşadığı Zizik kəndində 10 hektar alma bağına xidmət göstərir. Ötən il daha 1,5 hektarda intensiv bağ salıb. Təcrübəli bağban deyir ki, bütün aqrotexniki tədbirləri vaxtında gördükləri üçün bağlardan hər il yüksək məhsul götürülür. Deyir ki, suvarma sarıdanda heç bir çətinlik çəkmirik. Bizim üçün yaradılan şəraitdən yararlanaraq mövsüm ərzində torpağı kifayət qədər suvara bilirik. Arxlar vaxtında təmizlənir, kanallara su vaxtında buraxılır. Ərazimizdə fəaliyyət göstərən "Bərəkət" Sudan İstifadə Edənlər Birliyinin (SİEB) işçiləri suya ciddi nəzarət edirlər. Biz öz növbəmizdə itkiyə yol vermədən, sudan lazımi qədər istifadə etməklə məhsul bolluğu yaradırıq. Bu sözləri rayonun əksər fermerlərinin dilindən eşitmək olar. Bəli, məhsul bolluğunun yaradılmasında təsərrüfat adamları ilə bərabər, melioratorların da ayrıca zəhmət payı vardır.

Mənbəyini dağlardan süzülüb gələn Qudyalçay, Qaraçay, Vəlvələçay, Cağacuqçay, Qusarçay, Quruçaydan Samur-Abşeron kanalından alan Quba rayonunun suvarma şəbəkələri 10 min hektarlarla məhsuldar torpaq sahələrinə xidmət göstərir. Rayonun melioratorları torpağın məlhəmi olan bu sudan səmərəli istifadə etməklə onu məhsul istehsalçılarına vaxtında çatdırmaq üçün bütün qüvvə bacarıqlarını sərf edirlər. Həmişə olduğu kimi, onlar bu mövsümə vaxtında hazırlaşmış, xeyli tikinti-bərpa işləri görmüşlər.

Rayonda 26033 hektar suvarılan torpaq sahəsi mövcuddur. Sahələrin suvarma suyuna olan tələbatı rayon ərazisindən keçən dağ çaylarından, eləcə 58 ədəd subartezian quyusundan qaldırılan su hesabına ödənilir. Suvarma suyunun su mənbələrindən götürülərək təsərrüfatlara çatdırılmasında 362.2 kilometr açıq 192.9 kilometr qapalı boru olmaqla 555.1 kilometr uzunluğunda suvarma şəbəkəsindən istifadə olunur. Su istifadəçilərinin dayanıqlı fasiləsiz suvarma suyu ilə təmin edilməsi üçün idarə tərəfindən cari ildə 132 min kubmetr həcmində kanalların lildən təmizlənməsi tədbirləri həyata keçirilmişdir.

Suvarma kanallarında su itkilərinin qarşısının alınması sudan səmərəli istifadəni artırmaq məqsədilə torpaq məcralı kanalların beton üzlüyə alınması tədbirləri cari ildə davam etdirilir. 2023- ilin əsaslı təmir planına uyğun olaraq Qusarçaydan su götürən Aşağı Xuc kanalının əvvəlki illərdə təmir edilmiş 3.5 kilometr hissəsinin davamı olaraq 1.3 kilometr, həmçinin Qudyalçaydan su götürən Əlibəyqışlaq kanalının 1.5 kilometr hissəsinin üzərindəki qurğularla birlikdə təmir olunub beton üzlüyə alınması nəzərdə tutulur. Onu da qeyd edək ki, suvarma suyuna olan tələbatı tamamilə ödəmək su ehtiyatı yaratmaq məqsədilə ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən rayonun ərazisindən keçən Qudyalçay, Qaraçay Vəlvələ çayları üzərində böyük su anbarlarının tikintisi planlaşdırılıb. Hazırda bu anbarların tikintisinin layihələndirilməsi işləri aparılır.

Məlum olduğu kimi, Quba iri meyvəçilik rayonudur. Suvarılan torpaqların əsas hissəsini bağlar təşkil edir. Son iki ildə bağçılıq təsərrüfatları daha çox intensiv super intensiv bağların salınmasına üstünlük verirlər. Hazırda rayonda bu bağlar 4 min hektardan çoxdur. Fermerlər hər il orta hesabla 200-250 hektarda intensiv bağlar salırlar. Qeyd edək ki, damcı üsulu ilə suvarılan bu bağlarda suya maksimum qənaət olunur. Mövcud sudan daha səmərəli istifadə olunması məqsədilə Sudan İstifadəedənlər Birliklərinin fəaliyyəti daha da gücləndirilmişdir.

Rayon ərazisindən keçən çayların daha çox təhlükə gözlənilən hissələrinin sel daşqınlardan qorunması üçün çay məcraları lildən təmizlənir. Cari ilin istismar tədbirləri planına uyğun olaraq rayon ərazisindən keçən çaylarda 207 min kubmetr həcmində məcra təmizləmə işləri görülmüşdür. Hazırda bu işlər davam etməkdədir.

Əsaslı investisiya qoyuluşu hesabına yaşayış məntəqələrinin, əkin sahələrinin, həmçinin infrastruktur obyektlərinin mühafizə olunması məqsədilə Quba Soyqırımı Memorial Kompleksinin yaxınlığında Qudyalçayın sağ sahilində 512 metr, Qonaqkənd qəsəbəsində Babaçayın sağ sol sahillərində yaşayış məntəqələrini mühafizə edən 1730 metr beton bənd tikilmişdir.

Ziyafəddin BAYRAMOV.