Şuşanın keçmiş ənənələri özünə qaytarılır
Region

Şuşanın keçmiş ənənələri özünə qaytarılır

Şuşa tarixən Azərbaycanın poeziya, musiqi beşiyi olub. Bu şəhər mədəniyyət tariximizə böyük şəxsiyyətlər bəxş edib. Hətta işğal dövründə də Qarabağın bu dilbər guşəsi musiqimizin, poeziyamızın ilham mənbəyi olub. Elə bütün məziyyətlərinə görə bu şəhəri Qafqazın Konservatoriyası adlandırıblar.  Azərbaycanda, o cümlədən Şuşada  XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. Dahi bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində professional musiqi təhsilinin bünövrəsi qoyulmuş, digər şəhərlərdə olduğu kimi, Şuşada da dövlət tərəfindən musiqi ocaqları açılmışdır. Aparılan bütün yenilik və islahatlar professional musiqimizin inkişafında, görkəmli bəstəkar və ifaçılarımızın yetişdirilməsində böyük rol oynamışdır.

Hələ 1922-ci ildən Şuşada mədəni-maarif texnikumu fəaliyyət göstərib. Şuşanın musiqi və incəsənət məktəbləri, mədəni-maarif və musiqi texnikumları XX əsrin II yarısında yüksək inkişaf yolu keçərək nəinki Qarabağın, hətta ətraf rayonların ixtisaslı musiqiçilərinin də həyatında böyük rol oynayıb. Keçmiş SSRİ məkanında yeganə olan və Şərq musiqi alətləri istehsal edən fabrik də Şuşada yerləşirdi. 1962-ci ildən sex kimi fəaliyyət göstərən müəssisədə o zaman tar, saz, kamança, ud, nağara, qaval, qoşanağara istehsal edilirdi. 1972-ci ildən fabrikin istehsal imkanları genişləndiyi üçün Moskvadan, Tbilisidən, Leninqraddan təzə avadanlıqlar alınaraq, yeni bina ilə təmin edilərək, fabrik kimi fəaliyyət göstərib. Həmin dövrdə Şuşa Şərq Musiqi Alətləri Fabrikində istehsal olunan məhsullar dövlət keyfiyyət nişanı alaraq Hindistan, Qazaxıstan, Özbəkistan, Dağıstan, Gürcüstan və digər ölkələrə ixrac olunub. Fabrikin məhsulları ümumittifaq və beynəlxalq sərgilərdə nümayiş etdirilərək yüksək mükafatlara layiq görülüb. Yüksək inkişaf nəticəsində XIX əsrin sonu,  XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırıblar. 1992-ci ildə  erməni vandalları Şuşanı işğal etdikdən sonra burada olan digər tarixi mədəni abidələr kimi, Şuşa Musiqi Alətləri Fabriki də dağıdılıb.

Vətən müharibəsində Azərbaycan öz ərazilərini düşmən tapdağından xilas edərək Şuşanı da azadlığına qovuşdurdu. Hələ işğal dövründə ulu öndər Heydər Əliyev Şuşaya olan sevgisini belə ifadə etmişdi: "Şuşa təkcə şuşalılar üçün deyil, hər bir azərbaycanlı üçün əziz bir anlayışdır, deyə bilərəm ki, Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir". Qədim şəhərin ölkəmizin mədəniyyət mərkəzi olması artıq rəsmi qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 may 2021-ci il tarixdə imzaladığı “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında" Sərəncamı ilə belə bir mühüm addım atılıb və musiqi alətləri fabriki dövlət nəzarətinə götürülüb. İndi şəhərdə böyük tikinti-quruculuq işləri aparılır. Bir çox spesifik sahələr kimi, bu istiqamətdə də mövcud tarixi ənənələr davam etdirilərək, Şuşada musiqi alətlərinin təmiri ilə bağlı ixtisasın tədrisi nəzərdə tutulur. Musiqimizin, mədəniyyətimizin beşiyi olan bu şəhərdə peşə təhsil müəssisəsinin bu il layihələndirilməsi zamanı həmin ixtisası da nəzərə alınacaq.

Ramidə YAQUBQIZI,

“Respublika”.