Bölgə xəbərləri
Region

Bölgə xəbərləri

Ağsu

Ağacəkmə aksiyası keçirilib

Ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar rayonda ağacəkmə aksiyası keçirilib. Aksiyada rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, millət vəkili Tahir Kərimli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər, ictimaiyyət nümayəndələri, idarə, təşkilat və müəssisələrin kollektivləri iştirak ediblər.

Ağsu-Rəhimli-Qaradağ avtomobil yolunun 1,5-ci kilometrliyində keçirilən ağacəkmə aksiyasında minə yaxın sərv, qovaq, göyrüş, tuya, Eldar şamı, badam və nar ağacı əkilmişdir. Əkilən hər bir tingə arqotexniki qulluq göstərilib.

Qəbələ

Qanunsuz tikililərin qarşısı alınır

Rayon icra hakimiyyətinin, polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən mütəmadi olaraq özbaşına tikililərin və torpaq zəbtlərinin qarşısının alınması məqsədilə monitorinqlər aparılır. Monitorinq zamanı Qəbələ şəhəri ərazisində vətəndaş tərəfindən zəbt edilərək çəpərlənmiş 0.2 hektar dövlət mülkiyyətində olan fond torpaqlarına məxsus sahədə söküntü işləri aparılaraq ərazi boşaldılıb.

Şəki

Kiş kəndinin problemləri öyrənilib

Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovla kənddə keçirilən görüşdə bu barədə ətraflı danışılıb. Kənd sakinlərindən şəhid valideynləri Dursun Cavadova, Elşad Məsimov, Ələddin Ramazanov və başqaları çıxış edərək şəhid Aqşin Abdullayevin vaxtilə yaşadığı evə gedən yola fərş döşənməsi, Kiş həkim məntəqəsinin əsaslı təmiri, köhnə elektrik dirəklərinin dəyişdirilməsi, "Duluzlar" məhəlləsinə marşrut xətti açılması və sair məsələləri müzakirə edilib və tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verilib.

M.NƏRİMANOĞLU,

"Respublika".