QƏRBİ AZƏRBAYCANLILAR ÖZ TORPAQLARINA QOVUŞMAQ ƏZMİNDƏDİRLƏR
Region

QƏRBİ AZƏRBAYCANLILAR ÖZ TORPAQLARINA QOVUŞMAQ ƏZMİNDƏDİRLƏR

Son iki əsrdə ermənilərin azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidə min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

XIX əsrin əvvəllərindən başlayaraq ermənilər tarixi Azərbaycan torpaqlarından, ata-baba yurdlarından qovulmuş, onların deportasiyası prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir. Ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi deyil, eyni zamanda Bakı quberniyasının Bakı, Şamaxı, Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Ermənilər bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini - qadını, uşağı, qocanı, yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar. Acı da olsa onu qeyd etmək lazımdır ki, 1918-ci il mart ayının son üç günündə təkcə Bakıda otuz mindən çox sakini erməni vəhşiləri xüsusi amansızlıqla qətlə yetirmişdilər. Onların çoxunun meyitləri də tapılmamışdır. Çünki şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyildir. Bəli, bizim bu hadisələri, onların dərslərini unutmağa haqqımız yoxdur... Tarixin hələ tam açılmamış səhifələrindən biri olan bu soyqırımı hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmiş kütləvi qətl kimi qiymətləndirilməlidir...

Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə qeyd etmişdir: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır".

Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti zaman-zaman genişlənmiş və onların Azərbaycan xalqını yer üzündən tam silmək kimi iyrənc niyyətlərini bütün çılpaqlığı ilə üzə çıxarmışdır. Mart qırğınları haqqında tədqiqatçılar yazır: "Ermənilər müsəlman əhalisini işgəncələrlə öldürür, şəmşirlərlə parçalayır, süngüyə keçirir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vurub, sakinlər qarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər". Hətta tədqiqatçılar ermənilər tərəfindən üzü divara çevrilərək itlərə gəmirdilən azərbaycanlıların şəkillərini də çəkmişdir. Bu faktlar erməni daşnak qaniçənlərinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin kiçik bir hissəsidir. 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya siyasəti bu gün özünü Qarabağla bağlı məlum hadisələrdə büruzə verir, həm də onu göstərir ki, ermənilərin xalqımıza olan tarixi münasibəti heç vaxt dəyişməyib.

1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 95 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdır. Ermənilər bütün bu qırğınlara havadarlarının dəstəyi nəticəsində nail olmuşdur. Onların heç bir vaxt cürəti və qüvvəsi çatmazdı bu hadisələri tək başına törətsinlər. Dövlət başçısı bunu xüsusi qeyd etmişdir: "Hamımız yaxşı bilirik ki, 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalmışdır. Bu, sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş növbəti cinayəti idi. Bu, eyni zamanda, böyük ədalətsizlik idi, vicdansızlıq idi. Çünki İkinci Dünya müharibəsi cəmi 3 il idi ki, başa çatmışdır. Azərbaycan xalqı böyük fədakarlıq göstərmişdir. Təkcə sovet Azərbaycanından olan insanların 300 mini həlak olmuşdur. O vaxt sovet Ermənistanında yaşamış on minlərlə azərbaycanlı da həlak olmuşdur. Azərbaycan İkinci Dünya müharibəsində faşizm üzərində əldə edilmiş Qələbədə müstəsna rol oynamışdır. Azərbaycan nefti olmasaydı sovet dövləti heç vaxt qələbə qazana bilməzdi. Bunu hər kəs bilir. Bu rəqəmlər dəfələrlə səsləndirilib. Benzinin, sürtkü yağlarının və neftin təqribən 70, 80, 90 faizi Azərbaycandan təchiz edilirdi. Bütün bunlara baxmayaraq, xalqımıza qarşı növbəti cinayətin törədilməsi, yenə də deyirəm böyük vicdansızlıqdır və saxta bəhanə adı altında xalqımız növbəti deportasiyaya məruz qalmışdır".

Çox maraqlıdır ki, SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarında göstərilirdi ki, 1948-1950-ci illərdə "könüllülük" prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. Halbuki, Ermənistanın dağlıq rayonlarında, ilin 6 ayı qarlı çovğunlu olan, sərt iqlimə malik bölgədən, aran zonasına ən isti olan əraziyə köçürülməsi məntiqə sığmır. Bu açıq-açığına Azərbaycan vətəndaşlarını süni olaraq qırmaq, məhv etmək idi. Bu qərarlarda Ermənistanda yaşayan azərbaycanlıların guya könüllülük əsasında köçürülməsi xüsusi qeyd olunsa da, əslində, bu, gözdən pərdə asmaq üçün idi. Xüsusilə strateji məntəqələrdə adamlar köçürülməyə Stalin dövrünə xas qəddarlıqla məcbur edilirdilər. 1918-1920-ci illərdə erməni daşnaklarına qarşı mübarizliyi ilə fərqlənən olduqca fəal azərbaycanlı bölgələri ilkin olaraq ermənilərin qara siyahılarına düşmüşdü. Təsadüfi deyil ki, bütün Ermənistanda ermənilər 1948-ci il köçürülməsinə məhz Vedibasar mahalından - mahalın dağlıq hissəsi olan Qarabağlar rayonundan başladılar. Kəndlərində Abbasqulu bəyin silahdaşlarının böyük bir hissəsinin yaşadığı Qarabağlar rayonu bütünlüklə ləğv edildi, kəndlər yer üzündən silindi. Bu faciəni 1948-1953-cü illərdə Qərbi Azərbaycandan köçürülmüş bütün soydaşlarımız yaşadı. Bu deportasiya son iki əsrdə Qərbi Azərbaycandan əhalinin soyqırımı və deportasiyası üzrə VII (1828, 1856, 1878, 1905-1907, 1918-1920, 1937-1938, 1948-1953) idi. Deportasiya 3 il - 1948-1950-ci illər üçün nəzərdə tutulmuşdu, lakin 5 il davam etdi, 100 min soydaşımızın köçürülməsi nəzərdə tutulmuşdu, lakin 150 min azərbaycanlı bu deportasiyanın qurbanı oldu. Bundan sonra isə erməni millətçiləri öz havadarlarının köməyi ilə Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Azərbaycan kəndlərinin tarixi adları kütləvi şəkildə dəyişdirildi, toponimika tarixində misli görünməyən hadisə - qədim toponimlərin müasir erməni adları ilə əvəzolunma prosesi baş verdi.

1988-1989-cu illərdə azərbaycanlıların əzəli-tarixi torpaqlarından - indiki Ermənistandan növbəti deportasiyası baş verdi, nəticədə 250 min azərbaycanlı qaçqın düşdü.

Tam əminliklə demək olar ki, tarix təkrarlanır... Qərbi azərbaycanlılar tezliklə öz torpaqlarına qovuşacaqlar... Buna dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günə düşmən üzərində möhtəşəm Qələbəsi, dünyada hərbi gücümüzün, qüdrətimizin, Azərbaycan əsgərinin cəsarəti, igidliyi, qəhrəmanlığı böyük inam yaratmışdır.

Zabit XƏLİLOV,

"Respublika".