Şuşa Bəyannaməsi: birgə hərbi təlimlər üçün hüquqi sənəd
Siyasət

Şuşa Bəyannaməsi: birgə hərbi təlimlər üçün hüquqi sənəd

2021-ci il iyunun 15-də iki qardaş ölkənin dövlət rəhbərləri - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan azad Şuşada müttəfiqlik münasibətləri haqqında Bəyannaməyə imza atdılar. 29 il əvvəl ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişi ilə ali hakimiyyətə qayıdaraq dövlətimizi zamanın ağır təlatümlərindən xilas etdiyi bu tarixi gün ikiqat əlamətdar oldu.

Bölgə üçün mühüm əhəmiyyət daşıyan Bəyannamənin imzalandığı o anlarda, demək olar ki, bütün dünyanın nəzərləri Şuşada idi. Beynəlxalq ictimaiyyət bir daha şahid oldu ki, hərbi əməliyyatları uğurla başa çatdıran, "Dəmir yumruq"la düşmənin başını əzən, işğalçı ölkənin ordusunu sıradan çıxaran Azərbaycan dövləti bu dəfə döyüşləri eyni qalibiyyətlə diplomatik cəbhədə davam etdirir, şanlı qələbəmizi daha da möhkəmləndirir, havadarlarının dəstəyilə əsrlərlə başımızın bəlasına çevrilmiş ermənilərin bir daha bizim torpaqlara göz dikməyə cəsarət etməməsi üçün tarixi-siyasi və həm də diplomatik zəmin hazırlayır. "Bu bəyannamədə göstərilən bütün müddəlar bizim gələcək işbirliyimizin təminatçısıdır", - deyən Azərbaycan Prezidenti İlham Əliyev iki qardaş ölkə arasındakı münasibətlərin daha geniş strateji səviyyəyə yüksəldiyini, bölgənin parlaq gələcəyinə yol açan əməkdaşlıq olduğunu xüsusi vurğulamışdır. Dövlət başçısı hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa səsləmişdir.

Bəli, Şuşa Bəyannaməsi Cənubi Qafqazda sülhə, təhlükəsizliyə, davamlı inkişaf üçün bir yolgöstəricisi olmaqla, əslində bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsi əməkdaşlığı təşviq etməyə bir çağırışdır.

2022-ci il fevralın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsinin təsdiqinə dair qanun ratifikasiya edildi. Həmin il fevralın 12-də isə Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanunu imzaladı. Bununla da Azərbaycan və Türkiyə tarixi üçün böyük əhəmiyyətə malik olan Şuşa Bəyannaməsi qüvvəyə mindi. Bu münasibətlə dövlətimizin başçısı demişdir: "Bu sənəd Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətlərində yeni səhifə açır, regionda sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verir. Biz qardaş Türkiyə ilə gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımızı və səmərəli fəaliyyətimizi bundan sonra da birgə səylərimizlə genişləndirmək və şaxələndirmək əzmindəyik".

Bu tarixi sənəddə diqqətçəkən ən vacib məqamlardan biri də hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Bəyannamədə qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə Azərbaycan və Türkiyə bir-birini qoruyacaqlar. Ötən müddət ərzində Azərbaycan və Türkiyə hərbi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində faydalı işlər görüb. Hərbi sahədə əlaqələr Bəyannamədə təsbit olunan şərtlər çərçivəsində inkişaf etdirilib. Hərbi-siyasi və müdafiə sənayesi sahəsindəki əməkdaşlıq yeni çalarla zənginləşdirilib. Bu iki ölkə Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi üçün birgə səylərini də davam etdirib.

Prezident İlham Əliyev hələ İkinci Qarabağ müharibəsinin gedişatı zamanı ordunun Türkiyə ordu modelinə uyğunlaşdırılacağı anonsunu vermişdi. 2021-ci ilin sentyabrında Türkiyə Azərbaycandakı 1992-ci ildən fəaliyyət göstərən Xüsusi komandanlığına 4 türk generalını təyin etmişdir. Qeyd edək ki, xüsusi komandanlıq o günə qədər aşağı rütbəli zabitlərlə təmsil olunurdu. Bundan bir müddət sonra orduda yeni əməliyyat komando birlikləri, briqadaları yaradıldı ki, həmin briqadaların çoxsaylı hərbi qulluqçuları da məhz Türkiyədə hərbi təlim keçmişdilər.

Doğrudur, Türkiyə hərbçiləri əvvəllər də Azərbaycan ordusu üçün təlimlər keçirirdilər və münasibətlər bəlkə də Bəyannamə olmadan da davam etdirilə bilərdi, ancaq bu tarixi sənəd hərbi sahədə hər cür əməkdaşlıq üçün etibarlı, hüquqi fundamentdir.

Şuşa Bəyannaməsində Azərbaycan və Türkiyənin müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən etdiyi göstərilir, xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyi qeyd edilir, bu istiqamətdə Azərbaycanla Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətin əhəmiyyəti vurğulanır.

Sənəddə həmçinin qeyd edilir: "Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır".

Bəyannamənin qəbul olunduğu vaxtdan sonra iki ölkə arasında hərbi təlimlərin keçirilməsi də bu hüquqi sənədə əsaslanıb. "Tur Az Qartalı-2020", "Mustafa Kamal Atatürk-2021", "Anadolu Qartalı-2021", "Sarsılmaz Qardaşlıq-2021", "Qış-2021", "Tur Az Qartalı-2022", "EFES-2022" və "Qardaş yumruğu" birgə hərbi təlimlər həm də Azərbaycan və Türkiyənin Şuşa Bəyannaməsində irəli sürülən müddəalara sadiqliyini nümayiş etdirir.

Şuşa Bəyannaməsinin imzalanması ölkəmizin müstəqilliyini daimi, əbədi və dönməz edən qətiyyətli addımlardan biridir. Belə bir tarixi qərar müasir dünyada Azərbaycan və Türkiyəni daha da qüvvətləndirir, bir-birinə arxalanan, inanan iki qardaş ölkəni regionda böyük gücə çevirir.

Zümrüd QURBANQIZI,

"Respublika".