Supergüclərin qurbanı - Ukrayna
Siyasət

Supergüclərin qurbanı - Ukrayna

Bəşər tarixinin bəzi səhifələri sülh və müharibə arasında yazılır. Tarix boyu qarşıdurmalar və mübarizələr daim mövcud olub. Müharibələr bəşəriyyətə dəhşətli zərbələr vurub. Bu faciə ağrılar, itkilər və dağıntılarla doludur. Savaşda insanlar ölür, evlər dağıdılır, cəmiyyətlər parçalanır və gələcək nəsillər üçün kədərli izlər qalır.

Müharibənin başlamasına təkan verən digər amillərdən biri də məhz supergüclərin bölgələrə yerli-yersiz müdaxiləsidir. Çox zaman mövcud vəziyyəti düzəltmək əvəzinə yanan odun üstünə benzin tökürlər. Gizli formada Üçüncü Dünya müharibəsinin başlaması üçün bəzi siyasi və hərbi gedişlər edən ABŞ-ın Cənubi Qafqazla yanaşı, Şərqi Avropaya da göz dikdiyi görünür. Ağ Evin planları əslində heç də sirr deyil. Qərb və ABŞ-ın ən sevimli metodologiyası başqalarını toqquşdurub, onların itkilərindən mənfəət götürməkdir. Ağ Ev Birinci və İkinci Dünya müharibələrində də bu metoda əl atıb. Birləşmiş Ştatlar əvvəlcə Ukraynanı demək olar ki, "bataqlığa" çevirdi və sonra da Rusiyanı ora saldı. Ukraynanı ruhlandırdılar və vəd verdilər ki, narahat olmayın, Ağ Ev daim rəsmi Kiyevin "yanında" olacaq. Lakin elə müharibənin ilk günlərindən bir çox siyasilər bildirdilər ki, Ukrayna Gürcüstanın taleyini yaşayacaq və Qərb müəyyən zamandan sonra bu dövləti də yarı yolda qoyacaq. Belə ki, Qərb Gürcüstanı Rusiyanın üzərinə Cənubi Osetiya vasitəsilə göndərdi və müharibə başlayandan sonra özü gözləmə mövqeyində dayandı. Halbuki söz vermişdi ki, siz başlayın, biz sizə kömək edəcəyik. Lakin heç də belə olmadı. Bugünkü söz sabahkı əməlin körpüsüdür deyiblər.

Noyabrın 11-də Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Cozef Borrel Avropa Sosialistlər Partiyasının qurultayında çıxışı zamanı ABŞ-ın Ukraynaya yardımının azaldıla biləcəyini deyib. Onun sözlərini qısaca təhlil etsək ortaya çıxan nəticə odur ki, Qərb, həqiqətən də rəsmi Kiyevi sonadək dəstəkləməyəcək. Bunu dünyanı qeyri-adi davranışları ilə heyrətləndirən ABŞ prezidenti Cozef Bayden də təsdiqləyib. Belə ki, Ukraynanın ötən il keçirdiyi əks-hücum əməliyyatlarının nəticəsi Ağ Evin ürəyincə olmayıb. Rəsmi Vaşinqton bunu bir neçə dəfə bəyan edib. Bayden administrasiyası da tənqidi fikirlər səsləndirərək Ukraynanı günahlandırıb.

Əks-hücum əməliyyatlarının ciddi nəticə vermədiyi sözsüz ki, göz önündədir. Ölkəsinin böyük bir hissəsinin müharibə nəticəsində xarabalığa çevrilməsi fonunda Ukrayna Prezidenti Volodimir Zelenski artıq savaşı dayandırmaq haqqında düşünürmü?! Şübhəsiz ki, dağıntıların bərpası üçün uzun illərlə yanaşı, güclü maliyyə dəstəyi də lazımdır. Lakin pul məsələsinə görə Ukrayna elə də radikal qərarlar verə bilmir. Çünki aldığı siyasi və maliyyə dəstəyi səbəbindən rəsmi Kiyev artıq Vaşinqtonun girovuna çevrilib. Ukrayna ABŞ-ın iradəsinə zidd olaraq danışıqlar istiqamətində addım atsa, Ağ Ev onsuz da hər ötən gün azaltdığı dəstəyi tamamilə dayandıra bilər. Bu isə Ukrayna üçün fəlakət olar. Nəticə etibarilə Zelenski administrasiyasının 2 ildən çox çabalaması, minlərlə insanın əbəs yerə həlak olması, Ukraynanın taqətdən düşməsi paradoksdur.

Gələcəkdə nəyin necə olacağını demək olduqca çətindir. Lakin Ukraynanın iki supergüc arasında sıxılması onun üçün heç də yaxşı ssenarilərin yazılmasına şərait yaratmır.

Töhfə SƏMƏDOVA,

"Respublika".