Nikolun
Siyasət

Nikolun "sığınacaq" axtarışı Qərbdə də məsxərəyə qoyulur

Qərbdən qrant alan Ermənistanın siyasi rəhbərliyi Rusiyadan uzaqlaşmaqla bağlı öhdəliyini yerinə yetirməyə çalışır. Ölkənin Baş naziri Nikol Paşinyan Böyük Britaniya mətbuatına son müsahibəsində deyib ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı iştirakını praktiki olaraq dondurub. O, həmçinin qeyd edib ki, Ermənistanın sözügedən qurumla yenidən yaxınlaşması da qeyri-mümkün hesab oluna bilər. Əslində, Paşinyan Administrasiyası uzun müddətdir bu istiqamətdə siyasət yürüdür.

Belə ki, aprelin 12-də Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərliyi ilə videokonfrans formatında görüş baş tutub. İclas zamanı KTMT-nin kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə çağırışlar və təhdidlər müzakirə edilib. İclasda Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın nümayəndələri iştirak ediblər. Amma toplantıya qatılanların arasında Ermənistan təmsilçiləri olmayıb. Bundan sonra Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan deyib ki, KTMT fərqli geosiyasi şəraitdə, soyuq müharibə başa çatdıqdan sonra yaradılıb. Amma hazırda tamamilə başqa vəziyyət formalaşıb, soyuq müharibədən sonrakı status-kvo dəyişib. Buna görə də təşkilatın funksionallığı yenidən təmin edilməlidir.

Ayvazyanın sözlərinə görə, Ermənistanla bağlı məsələdə isə sözügedən qurum öhdəliklərini yerinə yetirməyib, bunun da obyektiv və subyektiv səbəbləri var. Bu iddia da yeni deyil. Çünki hər çalınan havanı oynayan İrəvan rəsmiləri daha öncə iddia etmişdilər ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin hərbi sirlərini Bakıya satır. Çünki sözügedən qurum artıq Ermənistanın müttəfiqi deyil, düşmənidir. Ardıcıl baş verən proseslər isə KTMT-dən tamamilə uzaqlaşmaq üçün hazırlanan zəmin hesab oluna bilər. Paşinyan erməni cəmiyyətinə və beynəlxalq ictimaiyyətə mesaj verməyə çalışır ki, ölkəsi bu təşkilat tərəfindən dəstəklənmir. Yəni Baş nazir bir növ Ermənistanın sözügedən alyansdan qopmasına haqq qazandırır.

Kremldən uzaqlaşma siyasəti yürüdən rəsmi İrəvan Qərblə yaxınlaşmaq meyillərini gücləndirir. Nəzərə almaq lazımdır ki, Paşinyanın KTMT-yə qarşı kəskin reaksiyası fevralın 21-də Fransaya səfərindən sonra özünü göstərməyə başlayıb. Onsuz da sərhəddə "qoca qitənin" mülki missiyasının tərkibi genişləndirilir, beynəlxalq platformalarda İrəvana şifahi dəstək nümayiş etdirilirdi. Parisdə Paşinyan ilə Makron arasında baş tutan sonuncu təmaslardan sonra isə silah yardımı ediləcəyinə dair konkret mesajlar verildi. Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsi ilə Ermənistan kəşfiyyatı arasında Azərbaycan, İran, Rusiya və Türkiyə üzrə kəşfiyyat məlumatlarının mübadiləsinə dair razılıq əldə olundu. Ardınca isə aprelin 5-də Brüsseldə Ermənistan-Amerika Birləşmiş Ştatları-Avropa İttifaqı arasında görüş keçirildi. Toplantının sosial-iqtisadi məsələlərə həsr olunduğu iddia edilsə də üçtərəfli formatdakı təmaslarda hərbi paktın müzakirə edildiyini göstərən sənəd mediaya sızdı.

Aydın oldu ki, ABŞ-ın Ermənistana müdafiə strategiyalarının öyrədilməsi və yeni hərbi doktrinanın hazırlanması üçün ekspert dəstəyi verəcəyi razılaşdırılıb. Digər tərəfdən, Ağ Ev rəsmi İrəvanın NATO ilə əməkdaşlığını uzlaşdırmaq məqsədilə müvafiq proqramlardan istifadə etməyi öhdəliyinə götürüb. Avropa İttifaqının isə Ermənistan ordusunu Avropa Sülh Fondu çərçivəsində maliyyələşdirəcəyi məlum olub. Üstəlik, qarşıdakı dörd il ərzində "qoca qitə" Ermənistana 270 milyon avro, ABŞ isə 65 milyon dollar yardım ayıracaq. Bunların fonunda aydın olur ki, Kremlə demarşda İrəvanın siyasi rəhbərliyini cəsarətləndirən məqam da məhz bu dəstək vədləridir. Amma Paşinyan Administrasiyası nəzərə almalıdır ki, Qərbin hazırda Ermənistan üzərindən reallaşdırmaq istədiyi ambissiyaları var. Amerika Birləşmiş Ştatları və Avropa rəsmi İrəvanı şirnikləndirir ki, Rusiyanın təsir orbitindən çıxsın, İranı öz ərazisindən uzaqlaşdırsın. Hazırda atılan bütün addımlar da bu planın təkib hissəsidir. Bunların fonunda proqnozlaşdırmaq elə də çətin deyil ki, Qərb Cənubi Qafqazda istədiyinə çatandan sonra İrəvanı heç yadına da salmayacaq.

Əslində kollektiv Qərb bunun mesajını indidən verir. Belə ki, Almaniyanın "Deutsche Welle" media orqanı Paşinyanın geopolitik axtarışlarını ələ salan cizgi filmi çəkib. Animasiyada erməni baş nazirin "qucaq axtarışları" satirik dillə təqdim olunub. Göstərilib ki, öncə Nikol KTMT-dən qaçır, Avropanın "qucağında" özünə yer axtarır. Avropa bürokratiyası isə ona qrant ayırır və alyansa üzv olmaq üçün 5 il zaman verir. İran isə Prezident Rəisinin obrazında ona deyir ki, sənin başqa seçimin yoxdur, otur mənim motosikletimə. Əlacsız vəziyyətdə qalan Paşinyan sonda kor-peşman yenidən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına geri dönür.

Jalə QASIMZADƏ,

"Respublika".