Subliminal mesaj: anti-Azərbaycan psevdologiyası
Siyasət

Subliminal mesaj: anti-Azərbaycan psevdologiyası

XXI əsrin reallıqları bəşəriyyəti dərindən düşünməyə vadar edir. Artıq hər hansı toplum qarşı tərəfə öz fikirlərini birbaşa deyil, dolayısı yolla çatdırmağa üstünlük verir. Hətta bu üsuldan nəhəng dövlətlər belə istifadə edir. Gündəlik ehtiyac duyduğumuz əşyaların, qidaların və yaxud da izlədiyimiz serialların istehsalçıları olan xarici şirkətlər subliminal, yəni şüuraltı mesaj vasitəsilə öz fikirlərini qəbul etdirməyə çalışırlar. Bəzən isə bu mesiclər subliminal deyil, açıq şəkildə beyinlərə yeridilməyə çalışılır. XXI əsrdə "Münxauzen sindromu"ndan əziyyət çəkən insanların köməyinə isə film sahəsi gəlir. Məhz sözügedən sindromu erməni psevdologiyası ilə sintez edən ABŞ-ın məşhur transmilli şirkəti olan "Netflix" ölkə maraqlarına uyğun, amerikanofil və anti-Azərbaycan təbliğatına başlayıb.

Böyük Britaniyada yaşayan yazıçı Devid Qreys tərəfindən "Cəzasız olan cinayət" adlı beynəlxalq bədii layihə hazırlanır. Rus imperiyasının, Sovet İttifaqının və Rusiya Federasiyasının postsovet məkanında yaşayan xalqlara qarşı törədilmiş cinayətlərin "Netflix" videoplatformasında nümayiş etdirilməsi nəzərdə tutulub. İlk baxışda burada qeyri-adi heç nə yoxdur. Adi tarixi film təəssüratı yaradan filmdə sovet dövründə Azərbaycanda hakimiyyətdə olanlar, eləcə də indiki hakimiyyət haqqında mənfi məlumatlar verilir ki, bu da ABŞ-ın növbəti riyakarlığıdır. Belə ki, Vaşinqton ölkəmizə qarşı USAID-lə başladığı qarayaxma kampaniyasını "Netflix"lə davam etdirir. "Abzas Media" hadisəsinin ardından bu tip bədii layihə hazırlanması təəccüblü deyil. Qrantizm və maxinasiya dəstəyindən sonra hər hansı bir nəticənin hasil olunmadığını görən erməni lobbisi növbəti hiyləgər addımlarına davam edir. 

Layihənin məsləhətçisi kimi müxalif şəxslərin də dəvət olunması təxribat prosesinin bir hissəsidir. Azərbaycan tarixinin həmin illərini araşdıran çoxsaylı ekspert və alimlər olduğu halda "Milli Şura" kimi tanınan qurumun sədri Cəmil Həsənlinin layihəyə hansı "töhfələri" verəcəyi məlumdur. Hər halda Cənubi Qafqazda qərbin destabillik yaratmaq cəhdlərinə ən böyük maneə sözsüz ki, Azərbaycandır. Xarici təzyiqlərin nəticəsiz qalması, daxildən parçalanma və qeyri-stabil vəziyyətin yaradılmasını şərtləndirib. Qrant layihələr və mənşəyi bilinməyən maliyyə dəstəklərinin miqdarı zəfərdən əvvəlki dövrə nisbətən əhəmiyyətli dərəcədə artıb. Bu baxımdan "Netflix" düşünülmüş planın növbəti hissəsidir.

ABŞ-ın sözügedən transmilli şirkətinin erməni təəssübkeşliyi ilk belə hal deyil. Belə ki, İkinci Qarabağ müharibəsindən sonra bu, özünü daha aydın büruzə verib. 2020-ci ilin 5 dekabrında "Netflix"də yayımlanan "Pepsi, Where's my jet" filmində Türkiyənin şərq hissəsinin Ermənistan ərazisi kimi göstərilməsi böyük narazılığa səbəb olmuşdu. Bu fakt əslində subliminal mesajdan başqa bir şey deyil. Beyinlərə "erməni təəssübkeşliyi" ideologiyasının yeridilməsi qərəzli mövqeyin göstəricisidir.

Zamanla tarixi saxtalaşdırmağa çalışan bu transmilli şirkət "XXI əsrin hollivudu" hesab olunur. Öz filmlərində "dünyanı amerikalıların ali irq olduğuna və yadplanetli işğalını ancaq ABŞ-ın Təhlükəsizlik Departamenti"nin dayandıra biləcəyinə inandırmağa çalışan hollivudun xələfi "Netflix"dir. Ödənişli olan bu seqmentin büdcə gəlirlərinin bu il 25 milyard, abunəçilərinin sayının isə 23 milyon olması erməni lobbisinin əlinə geniş fürsət verir. Tarixi əsl faktlar üzərində deyil, uydurmalar əsasında quranların insanlara bunu reallıq kimi aşılamağa çalışması artıq yayılmış nümunədir.

Son olaraq isə Ermənistanda baş verən kütləvi etirazları, Paşinyanın öz müxaliflərini həbs etdirməsini, Fransada əlcəzairli gəncin öldürülməsini, "sarı jilet"lilərin üsyanını, ABŞ-da Corc Floydun qətlə yetirilməsini, dünyanın daim münaqişə şəraitində saxlanılmasını indiyə kimi işıqlandırmayan "Netflix" xüsusi sifarişlər əsasında qarayaxma kampaniyasının bir hissəsinə çevrilmək üzrədir. Təəssüf ki, ölkəmizdəki bəzi müxalifətçilər isə bu kampaniyanın daxildən genişlənməsinə çalışırlar.

Tacir SADIQOV,

"Respublika".