Su bolluq, bərəkətdir
Region

Su bolluq, bərəkətdir

Ötən il baş vermiş  anomal istilər aqrar sahədə çalışanları sınağa çəksə də, su təsərrüfatı işçilərinin fədakarlığı nəticəsində əkin sahələrində bol məhsulun əldə olunması təmin edilib. Belə ki, əkin sahələri vaxtında suvarılıb, fermerlər quraqlığın sərt sınağından keçiblər. Təcrübəli meliorator, Samux Suvarma Sistemləri İdarəsinin rəisi Gülağa Bağırov bu barədə ətraflı məlumat verdi. 

Təcrübəli meliorator qeyd etdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər əliyev tərəfindən meliorasiya və su təsərrüfatı potensialının yaradılması, inkişafı, aparılan islahatlar və böyük quruculuq işləri, bu gün onun layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Son illərdə aqrar sahəyə əsaslı kapital qoyuluşu dəfələrlə artıb, aqrar sahənin maddi-texniki bazası xeyli gücləndirilib. Suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilir, subartezian quyuları qazılır, sel və daşqınlara qarşı sahilbərkitmə işləri uğurla davam etdirilir. Samux rayonunda da əhalinin suya artan tələbatının ödənilməsi üçün xeyli işlər görülüb. İl ərzində suvarmanı mütəşəkkil və tələb olunan səviyyədə həyata keçirməsi üçün kollektivimiz səylə çalışıb. 

2023-cü ildə rayon ərazisində 29462 hektar əkin  suvarılıb. İdarənin balansında 580 ədəd subartezian quyusu və 26 ədəd nasos stansiyaları vardır ki, bunlar işlək vəziyyətdədirlər. Əkin sahələrinin suvarılması üçün uzunluğu 726,5 km olan təsərrüfatlararası və təsərrüfatdaxili kanallar mövcuddur.

Əkin sahələrinin əsasını taxıl, yonca, bostan, tərəvəz və digər bitkilər təşkil edir. Ötən il ərzində sel və daşqınlara qarşı çayların məcraları təmizlənib, arxların və kanalların dəhnələri möhkəmləndirilib. Belə ki, sel və daşqınların qarşısını almaq üçün Gəncə, Qabırrı, Qoşqar çaylarının məcraları təmizlənib.

Samux Suvarma Sistemləri İdarəsinin kollektivi qarşıya qoyulmuş vəzifələrin vaxtında və layiqincə yerinə yetirilməsi, kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının artırılması suvarmanın daha da mütəşəkkil keçirilməsi üçün bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edəcəklər.

Zabit XƏLİLOV,

"Respublika".