Sözdən sevgi toxuyan şair
Mədəniyyət

Sözdən sevgi toxuyan şair

O Azərbaycan poeziyasının qeyri-adi, söz adlı silahı ilə oxucusunu ram edən çılğın şairi idi. Sözdən sevgi toxuyan şairin yaradıcılığı işıqlı və cəsarətli olmaqla yanaşı, həm də iki rəngin vəhdətində qoşa addımlayırdı sanki. Şair ağ və qara rənglərin birləşməsində bütün çalarları, gözəllikləri yaradırdı. Ağ rəng onun məqsədi, amalı, uğrunda daim mübarizə apardığı gələcəyini əks etdirirdi. Qara isə tale yolu, qisməti və yaşadığı ömür payını canlandırırdı. Bu, Azərbaycan poeziyasının nakam, həmişəcavan şairi Mikayıl Müşfiqdir.

Rəssam, sevgilimin

rəsmini gəl çək.

Sevgilim gözəldir,

sən də gözəl çək.

Nazına çatanda

fırçadan əl çək.

Qoy onun nazını

mən özüm çəkim...

Məhəbbət şairi, eşq sərrafı, gözəllik aşiqi nakam Mikayıl Müşfiqin az qala bir əsr əvvəl qələmə aldığı bu misralar bütün dövrlərin sevgi nəğməsidir. Şair bu fikirləri ilə poeziyanın rəssamı rolunu oynamışdır. Rəssam öz fırçası ilə kətan üzərində, rənglərin ahəngində gözəllik yaradırsa, Mikayıl Müşfiq isə bədii təxəyyülünün, şeiriyyat gücünün qüdrəti və istedadı ilə sevginin, sevgilisinin canlı portretini çəkmişdir. Onun hissləri o qədər güclü, fərqlidir ki, rəssama müraciəti də bir başqadır. Şairin düşüncəsinə görə, rəssam nə qədər həssas, istedadlı olsa da sevginin nazını çəkəcək qədər usta deyil. Müşfiq sevgilisinin nazını çəkməyi belə ülviləşdirir. Onun yaradıcılığında başdan-binadan məhəbbət ətri duyulur. O, eşqə, məhəbbətə ali hiss kimi baxırdı. Müşfiqin bədii təxəyyülünün məhsulu olan şeirləri həm də ayrıca bir dünya, bir aləmdir.

Mikayıl Müşfiq 1931-ci ildə pedaqoji institutun buraxılış gecəsində Dilbər adlı qızla tanış olur. Dilbərə olan sevgisi onu poeziyanın dərin ümmanlarına baş vurmağa vadar edir. O, sevgi adlı dəryada qələminin qüdrəti ilə aliləşdirdiyi saysız-hesabsız sevgi şeirləri yaradır. Mikayıl Müşfiq poeziyasının fövqündə dayanan bədii tapıntıları, qeyri-adi bənzətmələri ilə yaşından çox-çox irəli getmiş, inkişaf etmişdir. Gənc şairin bədii təxəyyülü, istedadı qarşısında aciz qalanların qısqanclığı hətta qisasçılıq hissini üstələmişdi. Onlar şairə sanki zirvədə günəş kimi həsrətlə baxırdılar. Bu həsrət hissi çox güclü idi. Buna görə də ona qarşı böhtanlar, tənqidlər həddini aşmışdı. Şairi gözləyən təhlükə isə o qədər də uzaqda deyildi. Çirkabla dolu, hər addımda xəyanətlə üzləşdiyi repressiya dalğası Müşfiqdən də yan keçmədi. Yazıçıların növbəti plenumunda Mikayıl Müşfiqə əks-inqilabçı damğası vurularaq 1937-ci il iyunun 4-də, doğum günündən bir gün əvvəl həbs edildi. 1938-ci il yanvarın 5-də isə SSRİ Ali Məhkəməsinin hərbi səhra kollegiyasının 20 dəqiqəlik məhkəmə iclasında Mikayıl Müşfiq barəsində güllələnmə qərarı verildi.

Arzuları yarımçıq qalmış, sevgiləri hicran odunda yanmış məhəbbət şairi, nakam Mikayıl Müşfiq yanvar ayının 6-da Nargin adasında güllələnir. Qumsal sahillərdə Xəzəri vəsf edən şair elə Xəzər sularına da qərq olur. İndi Xəzər suları, həm də Müşfiq qoxulu, Müşfiq ətirlidir. Gur dalğalarda, sərin Xəzri mehində bir Müşfiq sirri gizlənir, pünhan sevgilərin ünvanı olan Xəzər sularında şairin ruhu dalğalanır. Beləcə, Azərbaycan poeziyasında doğan eşq, məhəbbət günəşi repressiya ilə yanaşı, qısqanclığın, xəyanətin qurbanı oldu. Ona qarşı qısqanclığın həddi-hüdudu o qədər idi ki, ölümündən sonra belə şairin məzarı olmadı. Demək ki, içimizdəki düşmənlər Müşfiqin ölüsündən belə qorxacaq dərəcədə aciz, müti idilər. Faciəli sonluqla bitən Müşfiq ömrü bir çox sualların cavabını da elə özü ilə apardı:

Yenə o bağ olaydı, yenə yığışaraq siz

O bağa köçəydiniz.

Biz də muradımızca fələkdən kam alaydıq,

Sizə qonşu olaydıq.

Yenə o bağ olaydı, səni tez-tez görəydim.

Qələmə söz verəydim.

İllər keçəcək, dövran dəyişəcək, sevgilər yenilənəcək, sevənlər qovuşacaq. Amma Müşfiq poeziyasının şah əsərlərindən olan o bağ mövsümü öz məna və mahiyyətinə görə eşqlərin fövqündə dayanacaq. Nə kimsə şair kimi o bağı vəsf edə biləcək, nə də sevgilərin və sevgililərin pünhan məhəbbəti o bağlarda bu qədər ülviliyə yüksələcək.

Boş vaxtlarında tar çalmağı sevən şairin ifası ulduzlu yay gecələrində Bakı bağlarını bürüyərdi. "Oxu tar!" deyən şair sinəsindəki tarı da oxudur, dilləndirirdi. Tarın simlərində pərvəriş tapan barmaqları musiqinin ahəngində sevgi toxuyurdu. Abşeron bağlarını sevən, qumsal sahillərdə fikir ümmanına qərq olan və öz məhəbbətini dənizə söyləyən Müşfiq... Uzun yay günlərində Xəzərə sığınan şair.

Mikayıl Müşfiq təkcə sevən aşiqlərin deyil, həm də uşaqların sevimlisidir. Onun "Şəngül, Şüngül, Məngül" mənzum nağılı Azərbaycan uşaq ədəbiyyatının ən gözəl nümunələrindəndir. Onun uşaqlar üçün yazdığı "Coğrafiya", "Məktəbli şərqisi", "Zəhra üçün" və digər şeirləri də olduqca maraqlıdır. Mikayıl Müşfiqin lirik şeirlərində bir şirinlik, ahəngdarlıq və obrazlılıq vardı. O, "Duyğu yarpaqları" şeirində həmkarlarına müraciətlə deyir:

Dağıdın dünyanı saran sisləri,

Bu müxənnəsləri, bu iblisləri.

Vuruşub, döyüşmək zamanıdır bu,

Ey insan qəlbinin mühəndisləri!

Mikayıl Müşfiq əbəs yerə şair və yazıçıları insan qəlbinin mühəndisi adlandırmırdı. Onun təbirincə desək, bu, həqiqətən də belədir. Şair yaradıcılığı, qələmə aldığı hər əsəri, şeiri, sözü ilə insan qəlbini ovsunlayır, onun hisslərinə, duyğularına hakim kəsilir. Mikayıl Müşfiq söz sərrafı, söz aşiqi kimi oxucu qəlbində köksünə sığmayan bir məhəbbət, həyat qalası ucaldırdı. Pəncərələri işıqlı, gözəl sabahlara açılan məhəbbət qalası. Bu idi Mikayıl Müşfiq poeziyasının, yaradıcılığının fövqündə dayanan güc, qüdrət. Müşfiq eşqdən doğulmuş bir zərrə, işıq idi. Onun qəlb çırpıntıları, çılğınlığı, qaynar yaradıcılığı taleyinə, ömür yoluna da yansımışdır. Şair poeziyada, şeiriyyatda nə qədər çılğın idisə, həyatda da bir o qədər narahat insan idi. Onun üçün sərhəd, hədd yox idi. Yalnız və yalnız inkişaf və yüksəliş vardı. Elə bütün bunların nəticəsində də şairin qısa həyatı təlatümlərdə keçdi.

Ah, mən gündən-günə bu gözəlləşən

İşıqlı dünyadan necə əl çəkim?

Bu yerlə çarpışan, göylə əlləşən

Dostdan, aşinadan necə əl çəkim?

Ramidə YAQUBQIZI,

"Respublika".