İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cari ildə də dövlət əmlakının özəlləşdirilməsi, hərracların təşkili sahəsində işləri davam etdirir.
“Respublika” xəbər verir ki, Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-iyul ayları ərzində 31 hərrac keçirilib. Hərraclarda 8 səhmdar cəmiyyətinin səhm paketi, 11 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili sahəsi və 303 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bu ilin 7 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 167 elektron sifariş qəbul edilib. Hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 35 onlayn qoşulma reallaşıb. 2023-cü ilin yanvar-iyul ayları ərzində hərrac vasitəsilə 28 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.
Cari ilin yanvar-iyul ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 69 milyon manat təşkil edib. Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıb.
Nəriman CAVADOV,
“Respublika”.