Mir Cəlalın romanlarında Azərbaycan manifesti
Sosial həyat

Mir Cəlalın romanlarında Azərbaycan manifesti

XX əsr Azərbaycan ədəbiyyatının korifeylərindən olan Mir Cəlal Paşayevin (1908-1978) ədəbiyyat tariximizdə önəmli yeri yazıçı ədəbiyyatşünas-alim olaraq zəngin yaradıcılığı, hər iki sahədə tarixi töhfələri ilə şərtlənir. Bədii yaradıcılığı çoxsaylı hekayələrindən, romanlarından, publisistikasından ibarətdir. Sovet dönəmində yaşayıb-yaradan yazıçının yaradıcılığının qayəsində Azərbaycan varlığı, Azərbaycan həyatının təcəssümü durur.

Mir Cəlal romanlarından danışılarkən adətən çox məşhur "Bir gəncin manifesti" yada düşür. Halbuki, yazıçının sovet dönəmi Azərbaycan həyatını bütün mərhələləri ilə fiksə edən altı romanı var: "Dirilən adam" (1934-1935), "Bir gəncin manifesti" (1938), "Açıq kitab" (1941), "Təzə şəhər" (1948-1950), "Yolumuz hayanadır?" (1952-1957), "Yaşıdlar" (1946-1963). Bir dəfə qələmi əlinə alan romançı onu heç vaxt yerə qoymamışdır.

Yazıçının ilk romanı "Dirilən adam" - yazıldığı "inqilabi epoxa" verən ən orijinal əsərlərdəndir. Mir Cəlalın yumoru bütün parlaqlığı ilə məhz bu əsərdə görünür. Əslində, digər romanlarının da sirri, açarı, kvintessensiyası "Dirilən adam"da gizlənir. Gənc yazıçı (26-27 yaşlarında) roman fəhmi, intuisiyası ilə inqilabi epoxaya zaman üçün ən düzgün nöqtədən yanaşa bilmiş, "Dirilən adam"da milli həyatın başdan-başa parodik halını, mənzərəsini yarada bilmişdi. Bir halda ki, milli keçmiş realistlərin qələmində (C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev b.) axıracan ifşa olunmuş, faş olmuş, demək, indi kəskin dəyişməyə, inqilabi yumora, yenidən dirilməyə hacətimiz vardı! Roman bu baxış tərzinin mahiyyətini gerçəkləşdirir. Gerçəklərə nikbin, yumorik baxış bir qədər sonra "Bir gəncin manifesti", daha sonra 1930-cu illərin acı sovet gerçəklərinə ("Açıq kitab" romanına da) daşınır. "Yolumuz hayanadır?" romanında isə qəhrəmanı Mirzə Ələkbər Sabirin köməkliyilə Mir Cəlal təsvir predmetini ta əsrin əvvəllərinə qədər çəkib genişləndirir. Digər iki romanı ("Təzə şəhər", "Yaşıdlar") artıq "inqilabi nəticələr" onun pafosu üzərindədir...

Ümumən, gənc Mir Cəlal öz roman tipini yaradarkən, Azərbaycan tənqidi realizminin satira arsenalından da çox, birbaşa folklora, xalq gülüş mədəniyyətinin zəngin xəzinəsinə üz tutur. Hətta belə demək olar: tənqidi realizmdən qalma mirası sağlam, sirayətedici, xalq gülüşünün çənginə ( cənginə) verir. "Dirilən adam" başdan-ayağa xalq gülüşünün hər növ sıralarına: şəbədə, rişxənd, dolama, lağlağı, məişət yumoru, qara yumor, qaravəlli səhnələri, dilin bayağı-vulqar qatları, tabu, arxaik inanclar, fal, cadu, etnoqrafik təsvirlər s. açıqdır, həm roman dilinin son dərəcə sadə, dürüst, yığcam (sadə cümlələrlə) ifadə tərzinə, təkcə prozaik (dolayısı) məcazlarla deyil, həm poetik məcazlarla (şeiriyyətlə) zəngin sərrastlığına xələl gətirmədən.

Alt qatda gizlənən bütün bu gülüşün zənginliyinə baxmayaraq, "Dirilən adam" ciddi üslubda qələmə alınmış romandır. Gənc nasir ciddi planda, inqilabi roman yazmağa girişmiş, amma eyni zamanda cürətli bir addım da atmışdı. Roman tədqiqatçısı M.Baxtinin təyini ilə desək: astarı üzə çevirən, "hər şeyi çölə-bayıra çıxaran", üzə vuran xalq gülüşü ilə içə, insanın daxili dünyasına yönəlmiş psixoloji roman təcrübəsini birləşdirməyə çalışmışdır, özü fəhmlə, istedadı gücünə.

Geniş qəbul olunmuş Mixail Baxtin nəzəriyyəsinə görə, janrın ideya-bədii təyinatını xronotop anlayışı (bədii mətndə zaman-məkan birliyi) verir. Mir Cəlalın ilk romanı - "Dirilən adam"da zaman kateqoriyasının bədii səciyyəsini nəzərdən keçirərək görürük ki, bu,  "inqilabi zaman"dır; yəni realiyaları bütün tarixi şərt-şəraiti, səbəb-nəticə bağları ilə deyil, məhz kəskin dəyişmə kəsiyində, bir zamandan digərinə, bir epoxadan başqasına, bir dünyadan ayrı bir dünyaya qəfil keçid anında alır, (bədii) tədqiq təsvir edir.

Ümumən, Mir Cəlalın romanlarına (6 romanın hər birinə!) diqqətli olsaq, görərik ki, bu xüsusiyyət təkcə ilk başlanğıca, "Dirilən adam"a aid deyil, sadəcə mövzu-problematika ilə bağlı məsələ deyil. "İnqilabi zaman" - bütövlükdə Mir Cəlalın bir romançı kimi real zamanı, epoxanı, gerçəkləri bədii mənimsəmə, idrak təqdim üsuludur. "Dirilən adam"da (1934-1935) geniş xalq gülüşü zəminində təqdim etdiyi inqilabi mövzunu yazıçı "Bir gəncin manifesti"ndə (1938) romantik-faciəvi, "Açıq kitab"da (1941) satirik pafos daxilində yenidən, bir daha "nəzərdən keçirmək"dən heç çəkinmir.

"Təzə şəhər" (sentyabr, 1948 - may,1950) hadisələr qəfil, "dörd aya yaxındır müharibənin qurtardığı" radədən başlayaraq, birdəfəlik ölkədə gedən nəhəng quruculuq işlərinə, "təzə şəhər"in qurulması dəminə ("təzə şəhər" həm simvoldur) köklənir roman sanki nəfəs dərmədən radədən-radəyə, təsvirdən-təsvirə, bir surətdən digərinə adlayaraq təzə şəhərin əsasını qoyan poladəritmə zavodunun tikilib başa çatması təntənəsi ilə tamamlanır. Heç bir hadisə yaxud fərdin zamanı üzərində dayanmamaqda yazıçının məqsədi sanki nəhəng quruculuğun özündə inqilabi tempi, inqilabi pafosu fiksə etməkdir. Maraqlıdır ki, qədər ekzotik olsa da, (məhz uzaq keçmiş kimi), roman bu gün öz daxili tempinə uyğun, birnəfəsə oxunur başqa bütün amillər önəmini itirdiyindən bunu yalnız yazıçı sənətkarlığı ilə izah etmək lazım gəlir.

Analoji yanaşsaq, görərik ki, "Yolumuz hayanadır?" romanı da (1952-1957) sadəcə böyük Azərbaycan şairi M.Ə.Sabirin həyatına həsr olunmuş əsər deyildir; daha da çox roman "Hophopnamə"dən məşhur bir inqilabi leytmotivə açılır: "Fəhlə özün daxili-insan edir indi...". Təsadüfi deyil ki, öz poetikasına sadiq qalaraq, romançı mətni bioqrafik janra xas baş qəhrəman ətrafında (fərdi-bioqrafik zamanda) deyil, yenə "inqilabi zaman" ritmində kökləyir. Şairin həyatından məhz dönüş anlarını götürməklə (Şamaxıdan Bakıya, Bakıdan Tiflisə ölümünə qənşər), həm paralel olaraq insanlıq tarixində ən böyük çevrilişin, aşağı zümrənin insanlıq haqqına sahib çıxması hadisəsinin milli həyatda rezonansına ayna salır. Roman maarifçi konsepsiya üzərində süslənmişdir (elə adın özü çox söz deyir: Yolumuz hayanadır?!); "inqilabi zaman"a bütün zümrələrin (burjua, tacir, ziyalı, fəhlə, rəncbər, kəndli) həyatında, düşüncəsində, əməllərində diqqət ayırmağa çalışır... Və maarifçiliyin gur səsi - Mirzə Ələkbər Tahirzadənin mövqeyi bu orkestrdə hər şeyi yox, məhz "solo"nu ifadə edir. Romanda gülüş mədəniyyətinin də böyük payı var; müəllif inqilabi Sabir satirasını xalq gülüşü nöqteyi-nəzərindən yenidən oxumağa, romanlaşdırmağa səy etmişdir.

Buradaca qeyd etmək gərəkdir ki, "daxili-insan" motivi (ictimai mənşəyindən asılı olmayaraq hər kəsin insan olmaq haqqı və eyni zamanda borcu) təkcə romanda deyil, bir ideya kimi yetkinliyə doğru Mir Cəlalın bütün bədii yaradıcılığından bir xətt kimi keçmiş, yazıçının məxsusi "İnsanlıq fəlsəfəsi"ni formalaşdırmışdır (eyni adda hekayəsi və hekayə toplusu da vardır). Hərçənd bir çox tədqiqatçıların diqqətini bu gün məhz həmin məqam cəlb edir və bu da çox doğrudur. Çünki Mir Cəlal bu "fəlsəfə"ni öz yaradıcılığı da daxil olmaqla ədəbiyyatda sinfi-zümrəvi yanaşma hökm - fərman olduğu dövrdə ərsəyə gətirmiş, demək, hardasa zamanın da fövqünə qalxa bilmişdir. Burada yazıçının həyata yumorik-nikbin baxışı, Mir Cəlal gülüşünün də rolu şəksizdir.

"Yaşıdlar" (1946-1963) romanında da ideya qəhrəmanın fərdi-bioqrafik zamanına sığmır, məhz "yazıçı kredosu"na sadiqliklə yenə də "inqilabi zaman" müstəvisində ifadə olunur. Dünyada iki ictimai-siyasi sistem arasında XX əsrin ölüm-dirim savaşı gedir, yalnız birbaşa zor şəklində deyil, ideoloji müharibədə! Radədən-radəyə, bir fərdi bioqrafiyadan digərinə adlamaqla romançı: dinc həyat və müharibə, ön cəbhə və arxa cəbhə, şüurlarda mübarizə, ali mənəvi şüur və məişət düşüncəsi, vətəndaş mövqeyi və meşşanlıq, Qərb qəlibləri və "gələcək yolçuları" və s. aysberqlərə ürcah olan "inqilab gəmisi"nə bələdçilik etmək istəyir. Real zaman planı İkinci Dünya müharibəsi və müharibədən sonrakı az zamanı ehtiva etsə də, romanın yazılma tarixindəki son rəqəmə də istinad etməklə, mətndə yazıçı düşüncəsinin ta "soyuq müharibə" dövrünəcən də işlədiyinin şahidi oluruq. Reminissensiyaya müraciət etsək, "Yaşıdlar" sanki S.Vurğunun məşhur: "Qalib gələcəkmi cahanda kamal?" fəlsəfi sualına prozaik cavab axtarıslarından sıra tapır.

Görürük ki, Mir Cəlal romançılığında "inqilabi zaman" hər əsərdə real zamanın konkret bir bucağını-ərazisini qapsayıb-mənimsəməklə, eyni zamanda bütövlükdə böyük bir epoxanı (əsrin əvvəllərindən 1960-cı illərə qədər) dərk etməyə, ötən əsrin daxili mahiyyətinə varmağa imkan verir, başqa sözlə - xronotopikdir.

Qeyd olunmalıdır ki, bir zamanlar Azərbaycan inqilabi romanını mövzu-problematika daxilində şərh edənlər həm də onu inzibati-coğrafi ərazi üzrə yazıçılar arasında "bölüşdürürdülər". Deyək, bu əsnada Süleyman Rəhimova - Kürdüstan mahalında, Əbülhəsənə - Şamaxı nahiyəsində, Mehdi Hüseynə - Qazax qəzasında və Bakıda, Mirzə İbrahimova - Cənubda və s., o cümlədən romançı Mir Cəlalın payına da inqilab hadisələrinin Gəncə "salnaməçi"si olmaq missiyası düşürdü. Təbii ki, bu, səthi yanaşmanın nəticəsi idi. Və məsələ heç də onda deyil ki, Mir Cəlalın romanlarında hadisələr artan xətlə getdikcə daha geniş tarixi-coğrafi ərazilərdə ehtiva olunur: Gəncə quberniyasında ("Dirilən adam", "Bir gəncin manifesti"), Gəncə-Vartaşen-Bakıda ("Açıq kitab"), Bakı-Abşeron-Sumqayıtda ("Təzə şəhər"), Şamaxı-Bakı-Tiflisdə ("Yolumuz hayanadır?"), Bakı-Gəncə-Ukrayna-Təbrizdə ("Yaşıdlar") və s. - hərçənd bu məqamın özü də vacib, önəmlidir. Sadəcə, Azərbaycan inqilabi romanını düzgün anlamağın yolu bu deyil, başqadır.

Mixail Baxtinə görə: "Ədəbiyyat - zaman sənəti olduğu üçündür" ki, xronotop burada bədii zamanın üstünlüyü ilə gerçəkləşir, məkanı da mətndə bədii zaman diktə edir. Odur ki, inqilabi roman janrında "məkan"ı heç də real tarixi-coğrafi bölgü və bölgələrdə (mövzu-problematika sferasında) deyil, məhz yazıçının ideya-bədii niyyətinə bağlı "inqilabi zaman"ın oturduğu (otuzdurulduğu) xronotopik müstəvidə aramaq gərəkdir. Mir Cəlal romanlarında "inqilabi zaman"ı bu gün, bu dəm, bu radə - göz qabağında, meydanda görür, axtarır, təsbit edir...

Mir Cəlal romanının xronotopunu zaman və məkan müstəvilərində hərtərəfli nəzərdən keçirdikdə görürük ki, romançı özünəxas bir "meydan poetikası" formalaşdırmış, ideya-bədii niyyətlərini də bu hüdudlarda gerçəkləşdirə bilmişdir. Həm də mükəmməl şəkildə, kompozision həlldən bədii ifadə, dil, məcaz sisteminəcən. Mir Cəlal meydan mənzərələrinin qənirsiz ifadəçisidir, heç bir yazıçıda olmadığı qədər onun romanlarında meydan dialoqları və replikaları, pıçıltı və küyləri dil açıb danışır, müdaxiləsiz-təhriksiz cəmiyyət həyatının övzai-halını xəbər verir. Təkcə panoram təsvirlərin deyil, romançı habelə panoram təhkiyənin də böyük ustasıdır, nə qədər misallar gətirmək olar ki, romançı meydanın bir küncündə "qərar tutub" min bir mətləbi yerindəcə xırdalaya, xülasə edə bilir. Mir Cəlalın dili və bədii üslubundan nə qədər yazılıbsa da, azdır, xalq danışıq dili, ədəbi dil və onun çalarları, dünəni və bu gününə hər cür bələd olan yazıçının hər romanında bir ayrı dil aurası nəfəs alır. Təkcə yumorundan, Mir Cəlal gülüşünün rəngarəngliyindən də, romantik-yumorik üslubunun differensiallığından deyil, həm də vəhdətindən söz açmaq ayrıca tədqiqat istəyir. Əlbəttə, bir yığcam məqalədə Mir Cəlalın roman poetikasının hər cür təfərrüatlarına baş vurmaq mümkünsüzdür, niyyətimiz burada başlıcaya diqqət cəlb etməkdir.

Mir Cəlal yaradıcılığında meydan xronotopunun metaforik mənasına açılarkən, unutmamalı ki, romançı üçün bu, bütünlükdə Azərbaycan varlığı, Azərbaycan mənzərələridir. Böyük bir xronoloji dövr ərzində (romanların yazılma tarixi ilə ölçsək: 1934-1963) məhz göz qabağında olan Azərbaycandır! Belə ki, lap əvvəldən şaqraq bir gülüşlə bu meydana girən ("Dirilən adam") yazıçının bir gözü ağlayırsa da, biri gülür ("Bir gəncin manifesti"), bir gözü gülüb, biri ağlayır ("Açıq kitab", "Yolumuz hayanadır?"), gəncliyin, quruculuğun təntənəsinə sevindiyi kimi ("Təzə şəhər"), sabahı barədə qayğılanıb da, narahat olur ("Yaşıdlar").

Mir Cəlal romanlarında bütöv bir dövr ərzində Azərbaycan varlığının manifesti səslənir, bu manifest onu bu günə, Azərbaycanın müstəqilliyinə gətirib çıxaran daxili səsi ifadə edir.

Tehran ƏLİŞANOĞLU,

AMEA-nın müxbir üzvü.