Dağlar gözəli Qaragöl
Region

Dağlar gözəli Qaragöl

Dağların əhatəsində, sıldırım qayaların keşik çəkdiyi, dəniz səviyyəsindən 2658 metr yüksəklikdə yerləşən, təbiətin nadir möcüzəsi hesab olunan Qaragölün taleyi zamanın çətin sınaqlarından keçib, hiyləgər ermənilərin qurduğu tələyə düşüb,  düşmənin səssiz işğalına məruz qalıb. Vaxtilə buraxılan ciddi səhvlər və biganəlik nəticəsində düşmən Ermənistan bu gölü ələ keçirib və sonra ermənilər gölün suyundan vəhşiliklə istifadə edərək Qaragölün gözəlliyinə ciddi ziyan vurublar.  Tarixi mənbələrdə qeyd olunur ki, keçmiş sovet hakimiyyəti qurulduqdan sonra,  1927-1929-cu illərdə Azərbaycan SSR və Ermənistan SSR arasında sərhəd xətti müəyyən olunub və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən təsdiq edilib.  Həmin sərhəd xəttinə əsasən,  Qaragöl və ətrafdakı yay otlaq sahələri Azərbaycanın tərkibində qalıb.  O illərdə nəşr olunan bütün xəritələrdə gölün və ərazinin Azərbaycan SSR-ə məxsus olduğu açıq-aşkar öz təsdiqini tapır. 1928-ci ildə kolxoz quruluşu başlanandan sonra Qaragöl yaylağı Laçın rayonu üzrə 3 N-li yay otlağı kimi qeyd edilib və Qarıqışlaq kəndindəki Telman adına kolxozun istifadəsinə verilib.  Azərbaycan SSR Nazirlər Sovetinin 3 may 1951-ci il 557 N- li qərarında da Laçın rayonunun inzibati ərazisində yerləşən Qaragöl yay otlaq sahəsinin Laçın rayonu təsərrüfatlarının istifadəsinə verildiyi bir daha göstərilir.

Qaragöl Laçın rayonu ilə Ermənistanın Gorus rayonunun sərhədində yerləşir və xüsusi maraq doğuran dağ gölüdür.  Bu göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir. Gölün suyundan Laçın rayonunun əhalisi qoyun sürülərinin,  əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə ediblər. Sahəsi 240 hektardır.  İşıqlı dağında yerləşən Qaragöl (ermənilər bu gölü sonradan Sevliç adlandırıblar) Qarabağ vulkanik dağ silsiləsinin cənub hissəsində,   Həkəri çayının sağ qolu olan Ağoğlançayın mənbəyində,  Böyük İşıqlı dağının  şimal ətəyindədir.   Şimal-qərbdən Dəmirdaş və Kiçik İşıxlı dağı ilə,  şimaldan Canqutaran  dağı ilə əhatə olunub. Qaragöl həmişə ermənilərin yuxusuna haram qatıb, düşmən illərlə xəbis niyyətini həyata keçirmək üçün fürsət gözləyib,  təbii sərvətimizə biganəliyimiz ermənilərə imkan verib ki, gölə sahib çıxsınlar. Qaragölü ələ keçirmək üçün hələ keçmiş sovet dönəmində, ötən əsrin 60-70-ci illərində ermənilər min bir hiyləyə əl atıblar, saxta xəritələr çap ediblər, erməni alimləri göz yaşlarını mürəkkəbə qataraq gölün ermənilərə məxsus olması haqqında cəfəngiyat uydurublar. Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndən sonra ermənilərin əsassız iddialarına son qoyulub. Təəssüf ki, ümummilli liderimiz hakimiyyətdən gedəndən sonra ermənilər yenidən fəallaşaraq öz çirkin niyyətlərini həyata keçiriblər.

Bu barədə Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin 1989-cu ildə “Elm və həyat” jurnalında Qaragölə göstərilən ögey münasibət haqqında həyəcan təbili çalaraq çap etdirdiyi məqalədə qeyd olunur ki,  Böyük İşıqlı dağının ətəyində yerləşən Qaragöl və Qaragöl yay otlağı Gəloxçu tayfası adlanan doqquz para (Qarıqışlaq,  Hacılar,  Quşçu,  Soyuqbulaq,  Qılışlı,  Mişni və s. ) kəndin olub. Yazağzı dədə-babalarımız bu yaylaqlara qalxar,  bu otlaqlarda mal-qoyun saxlardılar.  Qaragölün dupduru,  tərtəmiz suyundan çay qoymaq,  xəmir yoğurmaq üçün istifadə olunardı.  Xalq Qaragölə həm də müqəddəs ibadətgah – pir kimi baxardı.  Camaat payızda yaylaqdan köçəndə gölün sahilindəki böyük daşın (“Çıraq daşı” nəzərdə tutulur) üzərində piltə yandırardılar. Qədim bir inamın işartısı olan bu adət hələ yaxın illərə kimi qorunub saxlanırdı. Bu yerlərin sakinləri ətraf dağların (Keçəl dağ,  Böyük İşıqlı,  Sarı dağ,  Göy dağ,  Dəmirdaş,  Boz dağ) və otlaqların (Ayıdərəsi,  Əyriqar,  Qanlıca,  Dəlijəli,  Yolaşan) adlarını lap qədimdən öz dillərində adlandırmış,  nəsildən-nəslə ötürmüşlər.

Keçmişdə buraxılan səhvləri ötən ilin yayında qəhrəman silahlı qüvvələrimiz aradan qaldırdı və Qaragöl erməni işğalından azad edildi. Ermənilər öz xislətlərinə uyğun vay-şivən qopararaq dünyanı köməyə çağırsalar da, havadarları onların bu sərsəm çığırtılarına səssiz qalandan sonra düşmən haqqın qarşısında boynunu bükməli oldu. Belə ki, Azərbaycan Dövlət Sərhəd Xidməti həm Ermənistan,  həm də Rusiyanın sülhməramlı qüvvələrinə konkret sənədlər təqdim etdi. Danılmaz faktdır ki,  ermənilərin iddia etdiyi Qaragöl ərazisi bir vaxtlar onlar tərəfindən zəbt olunub.  Tarixçilərin və analitiklərin qənaəti belədir ki, indi Azərbaycan haqlı olaraq o dövrə aid rəsmi sənədləri və xəritəni ortaya qoyur və sərhədlərin dəqiqləşdirilməsi işini aparır. Bunlar haqlı və doğru addımlardır.  Çünki Zəngəzurla sərhəddə xeyli mübahisəli ərazilər var ki,  vaxtı ilə ermənilər öz havadarlarının köməyi ilə oranı zəbt ediblər.  Amma bunlar sənədlərdə öz təsdiqini tapmayıb.  Ordumuz da üzərinə düşəni həyata keçirərək Azərbaycanın beynəlxaq səviyyədə tanınan sərhədlərini bərpa edib.

1987-ci ildə Qaragöl Dövlət Təbiət Qoruğu - Laçın rayonu ilə Ermənistan Respublikasının Gorus rayonunun sərhədində yaradılıb. Ermənilər işğal etdikləri ərazilərdə törətdikləri vəhşiliyi və qəsbkarlığı Qaragöldə daha amansızlıqla ediblər.  Gölün suyu nasoslar vasitəsilə  talan edilib, ətraf çəmənliklərin bitki örtüyü korlanıb,  torpaq qatına ciddi ziyan dəyib. Düşmənin pisliyi özünə qaldı, təbiət Qaragölün  və ətraf ərazilərin yaralarına məlhəm olacaq, yaylaqlara yenidən həyat qayıdacaq...

                                                         Salman ALIOĞLU,

                                                           “Respublika”.